Onu marketdə yorğun halda vitrinləri təmizləyərkən gördüm və tanıdım. Gülər Həsənovanın heç bir təhsili yoxdur. Ona görə də yaşadığı rayonda marketlərdən birində təmizlikçi işləyir. Övladının ən zəruri ehtiyaclarını təmin etməyə məcburdur. Ancaq iş şəraiti heç də onun həyat tərzinə və sağlamlığına uyğun deyil. Marketlərin iş saatı hamımıza bəllidir – səhər tezdən gecəyarısına qədər müştəriləri qəbul edib yola salırlar. Geniş ərazinin təmizliyi isə 1 nəfərə həvalə edilir. Bunun nə qədər ağır və yorucu olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Gülər deyir ki, səhər saat 9-dan axşam saat 8-ə, bəzən isə 9-a kimi marketdə işləyir. Nahar etməyə belə vaxt ayrılmır. Müəyyən saatlarda çay içmək üçün 15 dəqiqə fasilə verilir. Həftədə isə yalnız 1 gün istirahət edə bilir:
“May ayında oğlum xəstələndi. Evdən çıxa bilməzdi. Evdə də ona yaxşı qulluq etmək lazım idi. Ancaq mən bunu edə bilmədim. İşdən icazə vermədilər. Nə məzuniyyətə çıxa bilmədim, nə də öz hesabıma icazə ala bilmədim. Çünki işdə mən təkəm, təmizliyə başqa baxan yoxdu. Mən də işdə olmayanda hər tərəf çirkli qalır. Əlavə işçi götürmürlər ki, ən azı növbəli rejimdə işləyək. Belə vəziyyətlərdə isə bir-birimizi əvəz edə bilərik. Öz səhhətim də əvvəlki kimi qaydasında deyil. Bəs mən xəstə yatağına düşsəm, övladımı kim təmin edəcək? Bayram günlərində də işə çıxmağa məcburuq”. Sayı çox, çarəsi yoxƏtrafımızda Gülər kimi çətin iş şəraitində çalışan qadınlar, elə kişilər də çoxdu. Ticarət və ictimai iaşə obyektlərində, tikinti və təmir sahələrində, zavodlarda çalışan fəhlələr, satıcılar, kassirlər, təmizlik işçiləri, ofisiantlar və s. günlük və həftəlik iş normasından artıq işləməyə məcbur edilirlər. Bunun müqabilində isə çox az maaş alırlar. Üstəlik istirahət hüquqları da təmin olunmur. İşəgötürənlər əmək bazarında iş axtaranların çox olmasına güvənərək bir növ öz qaydalarını diqtə edir, daha az xərclə qazanc əldə etməyə çalışırlar. Bu isə Gülər kimi minlərlə vətəndaşımızın sağlamığı bahasına başa gəlir.
BMT-nin 2016-cı ildə qəbul etdiyi “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktının 7-ci maddəsinə əsasən, bütün işçilər, o cümlədən natamam iş vaxtı ilə çalışan və müvəqqəti işçilər ödənişli illik məzuniyyətə malik olmalıdır. Qanunvericilik bu hüququ bir illik tam iş vaxtı ilə iş üçün ən azı 3 iş həftəsi olaraq müəyyən etməlidir. İşçilər müvafiq məzuniyyət dövrü üçün ən azı adi əməkhaqqını almalıdır. Qanunvericilik, həmçinin, ödənişli məzuniyyət üçün 6 aydan çox olmamaqla, minimum xidmət müddətinə dair tələbləri müəyyən etməlidir. Bu cür hallarda isə işçi məşğulluq dövrünə mütənasib olaraq ödənişli məzuniyyətlə təmin olunmalıdır. Xəstəlik və ya digər əsaslandırılmış səbəblərlə məzuniyyət ödənişli illik məzuniyyətdən çıxılmamalıdır.
Bu müddəlar Azərbaycanın yerli qanunvericiliyində də əksini tapıb. Konstitusiyamızın 37-ci maddəsinə əsasən, hər kəsin istirahət hüququ vardır. Həmin maddənin 2-ci bəndində göstərilib ki, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Qanunvericilik nə deyir? Əmək Məcəlləsində istirahətin bir neçə növü nəzərdə tutulub. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, həmin növlər aşağıdakı kimi təsbit olunur:
1. Gündəlik iş prosesində istirahət və nahar üçün fasilə - nahar və fasilələlərin konkret müddəti qanunvercilikdə müəyyən olunmasa da iş günü ərzində işçilərə istirahət və nahar etmək üçün fasilələrin verilməsi müəyyən olunub. Bu, qısa müddətli fasilə işçilərin nahar etməsinə, su və çay içməsinə, digər zəruri ehtiyaclarının qarşılanmasına xidmət göstərən bir normadır.
2. Həftələrarası istirahət günləri (azı həftədə bir gün) - Əmək Məcəlləsində, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib. Lakin istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsnin də müəyyən edilməsinə imkan verilib. Bu normaya əsasən, işçiyə azı həftədə bir istirahət günü verilməlidir.
3. Əmək Məcəlləsinin 105-ci maddəsində müəyyən olunan iş günü hesab edilməyən bayram günləri – burada Azərbaycan Respublikasının bayramları müəyyən olunub ki, iş günü hesab edilməyən bayram günləri də işçilərin istirahət hüququnun təmin edilməsinin bir növüdür.
4. Əmək məzuniyyəti - istirahət hüququnun təmin edilməsi baxımından çox vacibdir.
N.Xəlilovun sözlərinə görə, Əmək Məcəlləsində əmək məzuniyyəti anlayışı belə izah edilib: “Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır”.
Müqavilə bağlanır, amma...Əvvəldə sadaladığımız işlərdə çalışan işçilərlə də bir çox hallarda əmək müqaviləsi bağlanır. Ancaq onların iş saatından artıq işlədilməsi, məzuniyyətin verilməməsi kimi hallar rəsmiləşdirilmir. Bunu əmək hüquqlarının pozuntusu kimi qiymətləndirən hüquqşünas Səbuhi Axundov işçilərə qarşı bu cür davranışların üzə çıxarılmasının asan olmadığını vurğulayıb:
“Belə faktları sübut etmək olduqca çətin məsələdir. Çünki işəgötürənlə işçi arasında bağlanan müqavilədə nəzərdə tutulan müddətdə çalışmaları sənəddə görünsə də faktiki olaraq onların əlavə saatlarda işləməsi rəsmiləşdirilmir. Ona görə də həmin işçilərə hər hansı bir şəkildə əlavə ödənişlər verilmir. Yaxşı olar ki, belə hallarda işçi işlədiyi müəssisədən Əmək Müfəttişliyinə şikayət etsin. Əgər Əmək Müfəttişliyi bununla bağlı tədbir görüb pozuntu fakını təsdiq edərsə, inzibati qaydada işəgötürən cərimələnə bilər. Bundan sonra işçi hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər və nəticə əldə etmək olar. Ancaq bu gün o cür müraciətlər demək olar ki, azdır. Çünki işçilər faktiki olaraq öz taleləri ilə barışmış olurlar”.
Hüquqşünasın sözlərinə görə, qanunvericiliklə artıq işlədiklərinə görə işçilərə əlavə ödəniş edilməli, həmçinin onlar ildə bir dəfə əmək məzuniyyətinə mütləq qaydada çıxarılmalıdırlar. Ancaq işəgötürənlər belə pozuntu hallarına yol verirlər. Təəssüf ki, bunu sübut etmək mümkün olmadığından onlar cəzasız qalır.
İşçilərin hüquqlarını pozanlar cərimələnibYeri gəlmişkən, mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bəzi statistik məlumatları almışıq. Xidmətdən bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər daha çox əməkhaqqı və son haqq-hesabın verilməməsi, əmək müqaviləsinin bağlanılmaması və qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsi ilə bağlı olub. Bundan aydın olur ki, işçilər artıq iş saatında işlədilmələri, əmək məzuniyyətinin verilməməsi ilə bağlı Xidmətə demək olar ki, şikayət etmirlər.
Onu da deyək ki, 2020-2022-ci illərdə DƏMX-ə vətəndaşlardan əmək hüquqlarının pozulması ilə bağlı 35 min 133 şikayət daxil olub. 2023-cü ilin ilk 10 ayı ərzində isə 12 min 922 şikayət məzmunlu müraciət araşdırılaraq cavablandırılıb.
2020-2022-ci illər ərzində vətəndaşlardan məzuniyyətin verilməməsi və kompensasiyaların ödənilməməsi ilə bağlı DƏMX-nə daxil olan şikayətlər də araşdırılıb və hüquq pozuntusuna yol verən 48 işəgötürənə 76 min 100 manat inzibati cərimə tətbiq olunub. 2023-cü ilin 10 ayı ərzində isə cəmi 7 işəgötürənə qarşı inzibati tədbir götülüb. Onlar 10 min 800 manat cərimələniblər.
DƏMX-dən onu da bildiriblər ki, 2023-cü ilin ilk 10 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 1352 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilən inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli, fiziki və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2 milyon 783 min 450 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Göründüyü kimi, bu sahədə əmək qanunvericiliyi, eləcə də onun tətbiqinə nəzarət qaneedicidir. Ancaq sahibkarlar bacardıqca bu qaydalardan, qanunlardan yayınmağa çalışır, işçiləri layiqli iş şəraiti ilə təmin etməkdə maraqlı olmurlar. Bu da onlara qarşıd aha sərt tədbirlərin görülməsini tələb edir. Digər tərəfdən işçilər də öz hüquqlarının təmin olunmasına maraq göstərməli, pozuntu hallarında aidiyyatı orqanlara şikayətlərini çatdırmalıdırlar.
Fərqanə Allahverdiqızı
Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.