Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor Azərbaycanda onu tanımayan yox idi. Zəhra xanım Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, görkəmli oftalmoloq-alim, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, tanınmış ziyalı, ictimai xadim idi. Onu hamı gözəl təşkilatçı, qadın hərəkatının lideri, humanist insan kimi tanıyırdı. Ancaq bunların hamısından əvvəl döğmaları üçün, ona öz problemləri, ağrıları ilə müraciət edən hər kəs üçün fədakarlığa hazır olan qayğıkeş ana, əsl insan idi.
Gözəl, yumşaq xasiyyəti, müdrikliyi, savadı ilə, tibb elminə verdiyi töhfələrlə, vətənpərvərliyi, rəvan natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə böyük nüfuz qazanmışdı. O, ömrünün əsas hissəsini tibb elminin, Azərbaycan səhiyyəsinin inkişafına həsr etmiş, insanların sağlamlığı keşiyində durmuşdur.
“Qadın ailədə evin dayağı olduğu kimi, cəmiyyətin də əsas sütunudur. Buna görə də qadınla hesablaşmaq, ona həmişə diqqət göstərmək lazımdır. ” Bu da Zəhra xanımın tez-tez işlətdiyi sözlərdir. O, qadının hər şeydən əvvəl ana, ocağının çırağı olduğunu hesab etsə də, çox sevinirdi ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar cəmiyyətin həyatında bütövlükdə iştirak edirlər. Qadınlarımız rəhbər vəzifələrdə çalışır, onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. Liderlik keyfiyyətləri ilə cəmiyyəti irəli apara bilirlər. O, bir tərbiyəçi kimi qadınları milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmağa, gənc nəsli bu dəyərlər üzərində böyütməyə səsləyirdi.
Zəhra xanımın hələ gənclik illərindən xalqımızın ziyalı qızı, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə tanışlığı, onların mənəvi bağlılığı sonradan yaxın dostluğa çevrildi. Bu dostluq ömürlərinin sonunadək davam edərək sədaqət nümunəsi oldu.
Zəhra xanım yaşına baxmayaraq, respublikanın bütün rayonlarına gedir, əhali ilə görüşürdü. Bütün bölgələrdə, ən ucqar kəndlərdə belə onu mehribanlıqla, hərarətlə qarşılayırdılar. İnsanlarla son dərəcə mədəni və səmimi davranışı, müdrik söz-söhbətləri, kübarlığı ilə ətrafındakılarda böyük sevgi və dərin inam oyatmışdı. Ona ürəkdən inanır, etibar edirdilər. Çünki özünə son dərəcə tələbkar olan Zəhra xanım sözünün üstündə durmağı bacarır, onun məsuliyyətini daşıyırdı. Ümumiyyətlə, o, ictimai xadimə məxsus olan bütün keyfiyyətləri özündə birləşdirmişdi.
Özümü xoşbəxt hesab edirəm ki, Zəhra xanımın rəhbərliyi altında işləmək mənə də nəsib olmuşdur. Onun bütün fəaliyyəti-bizim üçün əsl məktəb idi. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir əməkdaşla mehriban, səmimi rəftar edirdi
Ciddi tələbkarlığı ilə incə qəlbi, duzlu sözü söhbəti onu hamıya sevdirirdi. Özünün idarəçilik təcrübəsini həvəslə gənclərə öyrədir, onların hər addımını dəstəkləyirdi. Hər hərəkəti, hər sözü ilə qazandığı nüfuzu qoruyub saxlayırdı.
Hər kəs bu dünyada öz ömrünü yaşayır, öz missiyasını yerinə yetirir. Zəhra xanım da şərəfli və mənalı bir ömür sürdü. Heç kəsi narahat etmədən, daxili nigarançılığını üzə vurmadan hamıya müsbət enerji bəxş etdi. Çünki həyatı, insanları sevirdi.
Onun zahiri sakitliyinin arxasında narahat bir ürək döyünürdü. Həssas qəlbli Zəhra xanım torpaqlarımızın işğalını, ailələrin qaçqın və köçkün həyatı yaşamasını adi qarşılaya bilmirdi. Xalqının taleyini övladlarının taleyindən ayırmırdı. Bu narahatlıq onun beynəlxalq Forumlardakı nitqlərində də öz əksini tapırdı. Bu, hər şeydən əvvəl bir vətəndaş duyğusu idi.
Həyatımızda çox şeylər dəyişib. Dəyişməyən təkcə itkilərimizin ağrısı və səmimi, saf duyğularımız olub. Təəssüf ki, biz hələ də insanların əsl dəyərini onları itirəndən sonra daha çox dərk edirik. Lakin haqqında söz açdığım Zəhra xanım Quliyeva hələ sağlığında xalqımız və dövlətimiz tərəfindən layiqli qiymətini almış şəxsiyyətlərdəndir. Həm Ulu Öndər Heydər, həm Prezident İlham Əliyev, həm də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım hər zaman ona xüsusi diqqət göstərilmişdir. Onun adı Azərbaycan qadın hərəkatının tarixinə qızıl hərflərlə yazılmışdır. Buna görə də Zəhra xanım Quliyevanın dünyasını dəyişməsini hər bir nəsil öz itkisi kimi yaşayır. Onun yoxluğu yaşından, kimliyindən asılı olmayaraq hər bir kəsi eyni cür ağrıdır. Lakin ən böyük təsəllimiz odur ki, Zəhra xanımın zəngin təcrübəsi, faydalı məsləhətləri bu gün də əlimizdən tutur.