Aprelin 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təsis etdiyi “Mergen” təqaüd proqramının təqdimat mərasimi baş tutub.
AFN.az xəbər verir ki, bu təqaüd proqramı Türk Dövlətləri Təşkilatına (TDT) üzv (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) dövlətlərin vətəndaşları üçün magistratura səviyyəsi üzrə təhsil haqqı və yaşayış xərcləri daxil olmaqla, təhsil alma imkanı təklif edir. Təqaüd proqramı tədrisi azərbaycan və ingilis dilində olmaqla, İdman jurnalistikası, İdman menecmenti, İdman tibbi və reabilitasiya ixtisasları üzrə təşkil olunur.
Təqdimat mərasimində ASAPES-in rektoru Fuad Hacıyev və Akademiyanın rəhbər heyəti, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, Türkiyə, Qazaxıstan səfirliklərinin səlahiyyətli nümayəndələri, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyinin məsul şəxsləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən ASAPES-in rektoru Fuad Hacıyev bildirib ki, son illər türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin dərinləşməsinə yeni təkan verir. Elə bu məqsədlə də təhsil sahəsində əməkdaşlığa töhfə kimi Akademiya türkdilli dövlətlərdən olan vətəndaşlar üçün “Mergen” adlı təqaüd proqramının təsis edilməsi təşəbbüsü ilə çıxış edir.
Sonra Akademiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə “Mergen” təqaüd proqramı ilə bağlı geniş təqdimat edib.
Görüşün sonunda qonaqlar belə təqaüd proqramlarının faydası haqqında fikirlərini bildiriblər və proqrama hərtərəfli dəstək göstərməyə çalışacaqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.