Ceyhun Məmmədov,
Millət vəkiliAkademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Xeyirxah insanlar haqqında belə bir deyim var: xoşbəxt ulduz altında dünyaya göz açıb. O ulduz ki, Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, başqalarına da o işıqdan pay verir.
Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmişdi. Bütün ömrünü belə bir niyyətlə yaşamışdı.
Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq Zərifə xanımın üzərinə böyük ictimai vəzifələr qoyurdu. Onu diqqət mərkəzinə gətirirdi. Amma o, bütün ömrü boyu özünə də, başqalarına da təlqin etdiyi həyat prinsiplərini əsla dəyişmədi. İctimai yerlərdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışdı. Dəyişən isə yalnız Zərifə xanımın insanlara daha çox kömək etmək imkanına sahib olması idi.
Ulu öndər Heydər Əliyevin də, akademik Zərifə xanım Əliyevanın da əldə etdikləri uğurların təməlində onların bir-birinə qarşılıqlı dəstəyi dururdu. Azərbaycan qadınının cəmiyyət həyatındakı yerini və rolunu daha yüksəklərdə görmək istəyən Heydər Əliyev ailə başçısı kimi də belə bir yanaşma sahibi idi. Ailə həyatının ilk günlərindən o, həyat yoldaşını məişət qayğılarını mümkün qədər məhdudlaşdırıb elmi fəaliyyətini gücləndirməyə həvəsləndirirdi. Ona mənəvi köməyini əsirgəmirdi.
Zərifə xanım da öz növbəsində Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı.
Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca bir daha fərqində oluruq ki, ulu Tanrının yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi bu şəxsiyyət təkcə həkim kimi insanların gözlərinə nur gətirməyib. Nəcib əməlləri, örnək davranışları ilə könüllərdə işıq yandırıb, Azərbaycana, xalqımıza İlham Əliyev kimi qəhrəman oğul yetişdirib. Gərgin iş və elmi fəaliyyətilə bərabər övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirib.
Məhz buna görə də Zərifə xanımın haqqında danışarkən, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.