AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da ikinci “11 sentyabr” təhlükəsi: - Trampın rus agenti olduğu üzə çıxsa...

  • + A
  • - A
  • 6-05-2021, 09:05

    ABŞ-da ikinci “11 sentyabr” təhlükəsi: - Trampın rus agenti olduğu üzə çıxsa...

    Prezident postundan gedişindən sonra da ABŞ-ın keçmiş rəhbəri Donald Trampın Rusiya bağlantıları haqda iddialar səngimir. “Yeni Müsavat” yazır ki, Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi “MI-6"-nın keçmiş agenti Kristofer Stil tərəfindən Tramp haqda Federal Təhqiqatlar Bürosu üçün yeni dosye hazırlandığı ortaya çıxıb. Bu barədə nüfuzlu ”The Telegraph" qəzetində məlumat yayılıb.

    K.Stilin ABŞ-ın keçmiş prezidenti ilə bağlı ilk araşdırması prokuror Robert Müllerin apardığı istintaqın əsas sənədlərindən birinə çevrilmişdi. Britaniyalı kəşfiyyatçının yeni təhqiqatı korporativ casusluqla məşğul olan “Orbis Business Intelligence” adlı şirkəti tərəfindən alınan yeni məlumatlar əsasında tərtib edilib.

    Nəşr həmin sənəddə Rusiyanın 2016-cı ildə keçirilən seçkilərə qeyri-qanuni müdaxiləsi ilə bağlı yeni məlumatların əks olunduğunu qeyd edir. Xüsusilə Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manaforta qarşı kompromatlar üzə çıxa bilər. K.Stilin 2017-ci ildə apardığı birinci araşdırmanın nəticələri “Buzzfeed” portalında dərc edilmişdi. Sənədin hazırlanmasında Demokrat Partiyası ilə yaxın münasibətlərdə olduğu deyilən “Fusion GPS” şirkətinin də əli olub. Burada Tramp və onun yaxınlarının Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrindən, Kremlin onun 2016-cı ildə qalib gəlməsinə hansı yollarla köməklik göstərməsindən danışılırdı.

    Bundan başqa, sənəd müəllifləri Rusiyanın əlində Trampın 2013-cü ildə Moskvadakı hotellərdən birində çəkilən bir seks videosunun olduğunu iddia ediblər. Trampın Rusiya ilə bağlılığına dair araşdırmalar niyə davam edir? Bununla Moskvaya qarşı yeni təzyiq planı hazırlanır, yoxsa Trampın cəzalandırılması nəzərdə tutulur? Artıq 5 ildir ki, bu haqda nələr yazılmır. Əlbəttə, Bayden administrasiyanın Rusiyaya münasibəti Tramp dövründən fərqlənir. Keçmiş prezidentin hakimiyyətdə olduğu 4 il müddətində ABŞ-Rusiya münasibətlərində problem sıfır səviyyədə idi. Amma bu onun Rusiya agenti olduğu anlamına gəlirmi?

    Təhlilçilərin fikrincə, əgər iddialar təsdiqlənsə, ABŞ ikinci “11 sentyabr” zərbəsi alar. Bəs bu halda Trampı hansı cəza gözləyir? ABŞ qanunlarına görə, başqa dövlətlə qeyri-leqal əlaqəsi olan prezidentlə bağlı nə kimi addımlar atılır?

    Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə güman etmir ki, bu araşdırmaların səbəbi Rusiya ilə bağlıdır. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-da kəskin siyasi mübarizə və qütbləşmə gedir: “Bu, parçalanmanın təzahürləridir. Ölkədə siyasi mübarizə gedir. Keçmiş ingilis kəşfiyyatçısı əlindəki dosyelərdən Trampın seçki zamanı da istifadə etmişdi. İstisna deyil ki, bütün bunlar siyasi mübarizənin təzahürüdür. Əgər ciddi fakt olsaydı, araşdırmalar ortaya nəsə çıxarardı. Bu ittihamlardan xeyli vaxt keçib, nəticə yoxdur.

    Əgər Tramp haqda deyilənlər təsdiqlənərsə, qanunvericilikdə nəzərdə tutulan cəzanı ala bilər. Keçmiş prezidentlərin əməlindən qurtulmaq imkanı yoxdur". A.Mollazadənin fikrincə, bu araşdırmalar Rusiyaya görə deyil: “Biz qütbləşməni görürük. Bu mübarizə ABŞ-ın daxili problemləri ilə bağlıdır”.

    Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Trampı cəzalandırmaq və Rusiyaya sanksiyaları gücləndirmək istəyində olan qüvvələr vaxtaşırı bu məsələləri gündəmə gətirirlər. Onun fikrincə, Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsinə dair əsaslı dəlillər olsaydı, çoxdan ifşa edilmişdi: “Tramp əvvəldən bəyan etmişdi ki, heç bir dövlətin işinə qarışmayacaq. Ona görə Rusiya və digər ölkələrlə yaxşı münasibətlər saxlamağa çalışdı. Bayden isə Rusiya ilə yola getmir, indi Trampın rus agenti olduğunu ortaya atmaqla rəy hazırlayırlar. İnanmıram ki, bu cür dosyelər effekt versin”.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR