AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Asiya ölkələrindən Rusiyaya qarşı inanılmaz gedişat - Yeni ittifaq

  • + A
  • - A
  • 21-07-2022, 16:53

    Mərkəzi Asiya ölkələrindən Rusiyaya qarşı inanılmaz gedişat - Yeni ittifaq


    Qırğızıstanda 5 Orta Asiya dövlət başçılarının sammiti keçirilib və yekun sənəd imzalanıb.

    Rusiya-Ukrayna müharibəsinədək Kremlin orbitində olan postsovet ölkələri mərkəzdənqaçma, daha doğrusu Moskvadan uzaqlaşma yolunu seçiblər. Bu proseslər bir zamanlar Kremlin daha ciddi təsir dairəsində olan Orta Asiya ölkələrində də baş verməkdədir. Son aylarda bu proses daha da sürətlənməkdədir. Odur ki, Orta Asiya ölkələri də yeni dünya düzənində və Avrasiya coğrafiyasında baş verən geosiyasi proseslərə adekvat addımlar ataraq, optimal çıxış yolları atmaqdadır. Yaranmış durumu dəyərləndirmək və gələcəyə doğru atılacaq addımları müəyyən etmək üçün Qırğızıstanda Orta Asiya ölkələrinin sammiti keçirilir.

    Onu da qeyd edək ki, Orta Asiya dövlət başçılarının ilk məşvərət görüşü hələ 2018-ci ildə Nur-Sultanda (Qazaxıstan), bir il sonra ikinci görüş Özbəkistanda, üçüncü görüş 2021-ci ildə Türkmənistanın ev sahibliyi ilə keçirilib. İndi tədbir Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilir. Prezidentlərin görüşündən bir gün əvvəl xarici işlər nazirliklərinin nümayəndələri arasında görüş keçirilib. Onlar qarşıdan gələn danışıqların gündəliyini təsdiqləyib və yekun saziş layihəsini hazırlayıblar.

    Mediaya sızan məlumatlara görə, bu gün işini yekunlaşdıracaq sammitin nəticəsi olaraq region ölkələrinin sıx koordinasiya olunmuş şəkildə əməkdaşlığı - “Mərkəzi Asiya İttifaqı”nın yaradılması nəzərdə tutulur.

    Onu da qeyd etmək yerinə düşər ki, sammitdən öncə Qazaxıstan Xarici İşlər Nazirliyi Orta Asiya ölkələrinin birliyinin yaradılması ilə bağlı nəzərdə tutan saziş haqqında bir məqalə dərc edib.

    Məqalədə Orta Asiya ölkələrinin XXI əsr inkişafı istiqamətində necə əməkdaşlıq edilməsi məsələsi əksini tapıb. Məqalədə deyilir ki, mövcud geosiyasi turbulentlik, beynəlxalq aləmdə gərginlik şəraitində Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin dərinləşməsi Qazaxıstan üçün getdikcə daha çox əhəmiyyət kəsb edir.

    Qırğızstanda yaradılması nəzərdə tutulan “Mərkəzi Asiya İttifaqı”nın müddəalarında regional əməkdaşlığın inkişafı məqsədilə bölgə ölkələri arasında etimadlı münasibətlərin qurulması, regionun davamlı inkişafının təmin edilməsi, orada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, müxtəlif beynəlxalq region dövlətlərinin maraqlarının müdafiə olunması, birgə əməkdaşlıq etməsi əksini tapıb.

    Sənəddə eyni zamanda hərbi, ticarət-iqtisadi, logistika, mədəni-humanitar sahələrdə, mülki müdafiə, energetika və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın intensivləşdirilməsi qeyd olunur. İmzalanacaq sənədə uyğun olaraq, tərəflər bir-birlərinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinmək, qlobal və regional miqyasda sülh və təhlükəsizliyi möhkəmləndirmək üçün qarşılıqlı fəaliyyət göstərmək, müasir çağırışlara qarşı mübarizədə səylərini əlaqələndirmək öhdəliyini təsdiq edirlər.

    Politoloqların fikrincə, Ukraynadakı müharibə başlanandan və Qərbin Rusiyaya qarşı irimiqyaslı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Mərkəzi Asiya böyük qarşılıqlı inteqrasiyaya görə ölkələrinə qarşı ikinci dərəcəli ABŞ sanksiyalarının tətbiq oluna biləcəyindən ciddi şəkildə narahat idi. ABŞ Xəzinədarlığının Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan ərazisi vasitəsilə sanksiyaya məruz qalan malların Rusiya və Belarusa çata biləcəyi ilə bağlı son bəyanatı bu narahatlığı daha da artırıb. Bundan sonra beynəlxalq ticarətə və Qərb mallarının istifadəsinə diqqət yetirən Orta Asiya elitası ABŞ məhdudiyyətlərindən qaçmağın yolları haqqında düşünməyə başladı. Bunun fonunda Mərkəzi Asiya dövlət başçılarının sammiti reallaşdı və bu xüsusi marağa səbəb olub. Orta Asiya ölkələri belə bir ittifaq qurmaqla Moskvanın təsirindən uzaqlaşıb, yeni alternativlər axtarmaqdadır.

    Qazaxıstanlı ekspert Muxtar Tayjan mediaya açıqlamasında bildirib ki, region dövlətləri təkcə iqtisadi deyil, həm də hərbi tərəfdaşlığı inkişaf etdirməlidir.

    “Xalqlarımız yaxınlaşmalı, birləşməlidir, çünki dağılışsaq, sabah regionumuza böyük geosiyasi faktorlar təsir edə bilər”, - o əlavə edib.

    Tacikistanlı ekspert Şokirjon Hakimov “Asia Plus” qəzetinə müsahibəsində regional inteqrasiya ideyasını dəstəklədiyini bildirib. Onun fikrincə, vahid Mərkəzi Asiya istənilən xarici qüvvələrə müqavimət göstərə bilər, həmçinin böyük dövlətləri öz maraqlarını nəzərə almağa məcbur edə bilər.

    Qırğızıstanlı ekspert İqor Şestakov hesab edir ki, belə bir ittifaqın yaradılması üçün real ilkin şərtlər var.

    Sammtinin yekunu olaraq Orta Asiya ölkələrinin prezidentləri saziş imzalayıb və yol xəritəsini təsdiq ediblər. Prezidentlər danışıqların nəticəsi olaraq dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Sənəd region ölkələrinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindən kənarda və heç bir əlavə aktorun iştirakı olmadan yaxınlaşmasına təşəbbüs göstərməlidir.

    İmzalanan sənəd bir daha Orta Asiya ölkələrinin Rusiyadan uzaqlaşma istiqamətində birgə atdığı addım hesab etmək olar. Proseslər necə inkişaf edəcək, bunu zaman göstərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR