AŞPA-da ölkəmizə qarşı qərəzli fikirlər səslənib
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasına start verilib. Teodor Russopulos yenidən AŞPA-nın prezidenti vəzifəsinə seçilib. Erməni Arusyak Julhakyan isə qurumun vitse-prezidenti vəzifəsinə təsdiqlənib.
Həmçinin, AŞPA-nın qış sessiyasında Gürcüstan və Azərbaycan əleyhinə qətnamə qəbul olunub.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov AzadMedia.az-a açıqlamasında bildirib ki, ölkəmizlə bağlı məqamlar qeyd olunub:
“Diqqətçəkən hal odur ki, hazırda Bakıda məhkəmələri davam edən erməni separatçıları "siyasi məhbus", "vicdan məhbusu" kimi təqdim edirlər. Hətta onların dərhal azadlığa buraxılması ilə bağlı Avropa Şurası Parlament Assambleyası 2500 saylı qətnamə qəbul edib. Bunu fürsət bilən erməni deputatlar bir neçə gündür ki, öz çıxışlarında Azərbaycana qarşı sərsəm fikirlər səsləndirirlər, dezinformasiyalar yayırlar. Xüsusən, Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində Bakının "hərbi ritorika"dan çıxış etdiyini və son günlər şərti sərhədlərdə baş verənləri "Azərbaycanın hərbi əməliyyatlara hazırlıq görməsi" kimi təqdim etməyə çalışırlar".
Qeyd edək ki, Ötən ilin 1 sentyabrında ölkəmizdə keçirilmiş Parlament seçkilərindən 6 ay keçmədiyindən hələlik yeni seçilmiş deputatların AŞPA-dakı nümayəndə heyəti təsdiq olunmayıb. Fevralın sonu Azərbaycan tərəfi yeni heyətin üzvlərini təqdim edəcək. Bu gün AŞPA-da qış sessiyasının sonuncu günüdür.