239 saylı tam orta məktəb barəsində ölçü götürülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər - Valideynlər fond pulu ödəməkdən bezdiklərini bildirirlər
Direktor Sədaqət Əzimova məktəbi köhnə qaydalarla idarə edir, dərsdən yayınma halları kütləvi hal alıb
Son zamanlar ölkə təhsilində baş verən neqativ hadisələr barəsində medyada davamlı yazılar dərc edilir. Təbii ki, xalqın gələcəyi üçün bilavasitə strateji sahə hesab olunan təhsil sektorunda baş verənlər hər bir vətəndaşı narahat edir. Təəssüfləndirici haldır ki, daha çox rüşvətxorluq, korrupsiya faktları, habelə ailə-məişət mövzusunda xəbərlərlə gündəmə gələn Azərbaycan təhsili ona olan ümidləri hələ ki, doğrultmur. Dövlət tərəfindən xüsusi diqqət və qayğıyla əhatə olunmasına baxmayaraq hələ də təhsil müasir standartlara tam cavab vermir. Bunun üçün çoxsaylı səbələr sadalamaq olar. Amma, səbatsız idarəçilik, daha çox şəxsi maraqlarını güdən şəxslərin təhsil müəssisələrinə rəhbərlik etməsi əsas səbələrdən olaraq qalmaqdadır.
Bu günlərdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəb haqqında müxtəlif saytlarda tənqidi yazılar verilirdi. Xatırladaq ki,yazılarda 2008-ci ildə "Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi məktəb haqqında heç də ürəkaçan fikirlər səsləndirilmir.
Rubrika.az xəbər verir ki, Bəylərova Süsən adlı şəxs tərəfindən yazıldığı bildirilən şikayət məktubunda 239 saylı tam orta məktəbdə baş verən özbaşnalıqlardan bəhs edilir. Məktubda məktəbin direktoru Sədaqət Əzimovanın özünəməxsus qaydalarla məktəbi idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilib. Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor yanına getmək istəyən uşaqlar mütləq Sədaqət müəlliməni razı salmalıdırlar:
Şikayət məktubunda bildirilir ki, "Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün bunlarla yanaşı müəllimələrin "açıq dərs”lərinə görə də rüşvət alınır. Belə ki, hansı müəllimə Sədaqət Əzimovanın onun qoyduğu dərsə "yaxşı” deməsini istəyirsə, 100-200 manat arası rüşvət verməlidir. Əks təqdirdə həmin müəllimin qoyduğu açıq dərs hesab olunmur. O özü ixtisasca kimya müəlliməsi olmasına baxmayaraq, rüblük zamanı bütün müəllimələrin əvəzinə valideynlərdən pul alaraq şagirdlərə özü qiymət yazır. Öz qızını isə heç bir test imtahanı vermədən ibtidai sinif müəlliməsi təyin edib. Vaxtaşırı iclas çağırıb, məktəbə birinci sinif şagirdlərinin yığılmamasına görə müəllimləri təhqir edir. Daha xəbəri yoxdur ki, onun rüşvətxorluğuna görə valideynlər bu məktəbə uşaq gətirmirlər. Və hər dəfə bizim ondan yuxarılara şikayət etdiyimizi bildiyini deyir. O "məni heç kim işdən çıxarda bilməz, çünki mən 30 ildir direktoram. Həm də naxçıvanlıyam” deyir”.
Şikayətçi direktorun bu əməllərinə görə ona etiraz edən direktor müavini Solmaz xanımla münasibətlərinin pisləşdiyini də qeyd edib.
Şikayət məktubunda 239 saylı tam orta məktəb haqqında kifayət qədər ciddi ittihamlar səsləndirildiyini nəzərə alaraq Rubrika.az saytı mövzunu dərindən araşdırmaq qərarına gəldi. Bu məqsədlə adıçəkilən tam orta məktəbdə olduq və məktubda adları keçən şəxslərlə əlaqə saxladıq. Bizə məlum olmayan səbələrdən məktubu yazan şəxs, həmçinin adları çəkilən müəllimlər göstərilən faktları təsdiq etmədilər. Onlar 239 saylı tam orta məktəbdə guya heç bir rüşvətxorluq hallarının olmadığını, dərslərə davamiyyətin çox yüksək olduğunu bildirdilər.
Qeyd etməliyik ki, əlaqə saxladığımız və fikirlərini öyrəndiyimiz digər valideynlər heç də vəziyyətin deyilənlər qədər “şəffaf” olmadığını söylədilər. Rubrika.az-a verilən məlumatlara görə 239 saylı tam orta məktəbdə şagirdlərdən mütəmadi olaraq müxtəlif adlar altında pul toplanılır. Yuxarı siniflərdə, xüsusilə IX, X, XI siniflərdə davamiyyət çox zəifdir. Şagirdlər rüşvət müqabilində dərslərdən yayınaraq repititor yanına gedirlər. Valideynlər fond pulu ödəməkdən bezdiklərini bildirdilər. Ancaq bu pulların hansı fonda daxil olduğunu bilmədiklərini söyləyirlər. Həmçinin, valideynlər uşaqların məktəbdən kütləvi çıxarıldığını, valideynlərin övladlarını başqa məktəblərə köçürdüklərini bildirdilər.
Apardığımız araşdırma bir daha sübut etdi ki, 239 saylı tam orta məktəb barəsində ən qısa zamanda ölçü götürülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər. Ölkə qanunlarına məhəl qoymayan məktəbin direktoru Sədaqət Əzimova təhsil ocağını əsl biznes qanunları ilə idarə edir. Bunun ən böyük zərbəsi isə xalqımızın gələcəyinə vurulur.