AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistandakı daxili siyasi böhranın arxasından Moskvanın ”qulaqları" görünür... - GƏLİŞMƏ

  • + A
  • - A
  • 23-06-2020, 09:53

    Ermənistandakı daxili siyasi böhranın arxasından Moskvanın ”qulaqları" görünür... - GƏLİŞMƏ


    Ermənistanda “kabab inqilabı”ndan keçən iki ildən çox zaman kəsiyində erməni əhalinin durumu zərrəcə yaxşıya dəyişməyib. Bu, yalnızca koronavirusun yaratdığı obyektiv çətinliklərlə əlaqəli deyil. Pandemiya cəmi bir neçə ayın söhbətidir, ona qədər də Nikol Paşinyanın “inqilabçı” hökumətinin ölkədə köklü iqtisadi islahatlar aparıb, toplumun həyat səviyyəsini qaldırmağa qadir olmadığı aydın idi.

    Bu yandan da Paşinyanın uğursuz iqtisadi siyasətdən ictimai diqqəti yayındırmaq üçün repressiyalara əl atmaq və korrupsiya ilə mübarizə görüntüsü yaratmaq cəhdləri ona gözlədiyi nəticəni gətirmir. Artıq eks-prezident, Putinin yaxın dostu və “Qarabağ klanı”nın odioz fiqurlarından biri Robert Köçəryan girov qarşılığında sərbəst buraxılıb. Onun azadlığa çıxması üçün isə Ermənistanın ədliyyə tarixində rekord məbləğdə - 2 milyard dram (4.1 milyon dollar) girov qoyulub. Özü də bu məbləğ Rusiyada yaşayan, Putin hökumətinə yaxınlığı şübhə doğurmayan Rusiyadakı erməni oliqarxlar tərəfindən ödənib. Bunlar - Samvel Karapetyan (“Taşir” qrupu), Sergey Ambarsumyan (“Monarx” qrupu), “Sistema” şirkətinin baş səhmdarı Vladimir Yevtuşenkov (Robert Köçəryan həmin şirkətin Direktorlar Şurasının üzvüdür) və tanınmış rusiyalı erməni iş adamı Gennadi Stepanyandır.

    *****

    Köçəryanın həbsdən buraxılmasından cəmi bir neçə gün sonra isə İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının və parlamentdəki eyni adlı deputat fraksiyasının rəhbəri, az öncə Paşinyanın istefasını tələb etdiyi üçün deputat toxunulmazlığı ləğv edilmiş oliqarx Qaqik Tsarukyanın həbsi haqda vəsatəti rədd edib. Tsarukyan həbs təhlükəsindən qurtulub.

    Məlumat üçün bildirək ki, bütünlüklə Rusiyaya bağlı olan oliqarx Tsarukyan Ermənistanda ciddi siyasi fiqur sayılmır. Parlament seçkilərində də həmişə rüşvət hesabına müəyyən deputat yerləri əldə edə bilib. Ona qarşı açılmış cinayət işi üzrə ittihamlardan biri də məhz seçici səsini rüşvət hesabına almaqla bağlıdır.

    Yeri gəlmişkən, 2018-ci ilin erkən parlament seçkilərində Tsarukyanın partiyası Paşinyanın partiyasından sonra yerlərin ən çoxunu qazanıb. Necə? Məlumdur. Bu da sizə həmin seçkilərin guya beynəlxalq normalara uyğun, demokratik keçirilməsi haqda rəsmi İrəvanın iddialarının puçluğunu təsdiqləyən ən tutarlı arqument. O gün Paşinyan da etiraf elədi ki, Tsarukyan deputat yerlərini pulla alıb.

    *****

    Beləcə, Nikol Paşinyanın daxildə siyasi rəqiblərə münasibətdə sərt siyasəti gözlədiyi səmərəni vermir. Bunu inqilabdan keçən iki ildə yeni hakimiyyətin ilk ciddi siyasi fiaskosu da saymaq olar. Üçüncü yandan isə Rusiya ilə münasibətlər gərgin və sərin olaraq qalır. Moskva hələ də N. Paşinyana və komandasına bel bağlamır. Bunun bariz sübutu kimi onun Ermənistan rəhbəri qismində bir dəfə də olsun, Rusiyaya rəsmi səfərə dəvət almaması göstərilə bilər.

    Münasibətlərin qaydasında olmadığına dair daha bir “isti” dəlil.

    Sabah - iyunun 24-də Moskvada faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı təxirə salınmış hərbi parad keçiriləcək. Məlum olduğu kimi, Putin parada Nikol Paşinyanı da dəvət edib. Ancaq bu günlərdə bəlli oldu ki, erməni baş nazir Moskvaya gedəsi olmayacaq. Paşinyan Putinə göndərdiyi məktubda imtinanı Ermənistanda epidemiya ilə bağlı vəziyyətlə izah edib.

    Lakin çox maraqlıdır ki, “Qraparak” erməni nəşri imtinanı başqa səbəblərlə, Kremlin yaratdığı əngəllərlə əlaqələndirib.

    “Rusiya tərəfi Nikol Paşinyandan Moskva hava limanında koronavirus testindən keçməsini tələb edib. Çünki onlarda Paşinyanın infeksiyaya yoluxması və qısa müddətdə sağalması ilə bağlı şübhələri olub. Erməni tərəfi isə Paşinyanın İrəvanda keçdiyi və cavabı mənfi olan testi göndərməyi təklif edib. Lakin ruslar imtina ediblər və Ermənistan baş nazirini yerində yoxlamaq lazım gəldiyi və həqiqətən xəstələnib sağalıbsa, qanındakı antitellərə əmin olmaqda israr ediblər. Əgər Paşinyanın həqiqətən də koronavirusa yoluxmadığı ortaya çıxsaydı, o zaman Rusiyaya girişi qadağan ediləcəkdi, çünki Ermənistan koronavirusun yayılması baxımından bölgənin ən təhlükəli ölkəsi sayılır”, - deyə nəşr qeyd edib.

    *****

    Moskva səfərini əngəlləyən daha bir səbəb, fikrimizcə, belə qəliz dönəmdə Paşinyanın ölkəni tərk etmək istəməməsi ilə bağlı ola bilərdi. Axı indi ona Kreml də “əlcək” atıb. Açıq-aydın görünür ki, Rusiya düşmən ölkədə özünə sadiq qüvvələri mövcud hakimiyyətə qarşı hərəkətə gətirib. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin səfirlik binasında “Çiçəklənən Ermənistan” blokundan olan deputatlarla görüşü bu xüsusda az şey demir.

    Moskvada heç şübhəsiz, Nikolu görməkdən, yumşaq desək, məmnun deyillər. Nədənini erməni mediasında gedən yazılardan da görmək mümkündür.

    “Apaydındır ki, Ermənistandakı daxili siyasi böhranın arxasından məhz Moskvanın ”qulaqları" görünür".

    “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-dakı məqalədə deyilir.

    Məqalədə daha sonra deyilir: “Əlbəttə, qətiyyən təsadüfi deyil ki, Rusiya səfiri qəfildən Ermənistandakı daxili siyasi mübarizənin qızğın vaxtında Tsarukyan partiyasının nümayəndələri ilə ”koronavirusa qarşı mübarizə" və “parlamentlərarası münasibətlər” mövzusunu müzakirə etmək istəyib. Əslində hər şey aydındır - “Çiçəklənən Ermənistan”ın deputatları Rusiya səfiri ilə görüşdə Moskvanın “endirdiyi” müvafiq göstərişləri aldılar".

    Müəllifə görə, rəsmi İrəvanın “müstəqil kursu” Kremlin ürəyincə deyil: “Paşinyanın inqilabçı şəxsiyyəti rusları qorxudur, daim postsovet məkanında Rusiya əleyhinə Qərbin təşkil etdiyi ”rəngli inqilabları" xatırladır. Hərgah Paşinyan Rusiyanın “ayağını” tapdamayıb və onu Ermənistandan tamamilə sıxışdırmağa çalışmayıb, yenə də Kreml onu qəbul etmir. Paşinyanı qırmaq və qorxutmaq mümkün olmadı və buna görə Rusiyanın “beşinci kolonu” səhnəyə çıxdı, hansı ki, Kremlin istənilən əmrini can-başla yerinə yetirməyə hazırdır - Ermənistanın suverenlikdən məhrum edilməsinə qədər".

    Ancaq erməni müəllif burada, əlbəttə ki, blef edir. Çünki Ermənistanın suverenliyi on illərdir onsuz da kağız üzərindədir. Levon Ter-Petrosyandan tutmuş, Nikol Paşinyana kimi Ermənistan rəhbərlərinin hamısı öz ölkələrinin suverenliyi və müstəqilliyini Azərbaycan torpaqlarının işğalına qurban veriblər. Fərq yalnız bundadır ki, Paşinyan altdan-altdan Rusiyanı Qərblə əvəzləmək istəyir və işğal olunmuş Qarabağla birgə Ermənistana yeni ağa axtarır. Bu isə mümkünsüzdür. Daha dəqiqi, Qarabağla mümkünsüzdür...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR