Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğından sonra havanın çirklənməsi məsələsinə münasibət bildirib.
Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın ərazinin havasına neqativ təsir göstərib:
"Mütəxəssislərimiz havadan nümunə götürüblər. Nəticələr analizdən sonra dəqiq bilinəcək və bununla bağlı məlumat veriləcək. Ətraf ərazilərdə çirklənmə baş verib. Təəssüf ki, ətrafda yaşayan sakinlər çirklənmə ilə üzləşib, yanğın müəyyən mənfi təsirlərə səbəb olub".
Qeyd edək ki, Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi FHN-nin əməkdaşı olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tezalışan maddələr əksəriyyət təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.