AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “Rəsmi Yerevan münaqişənin sülh yolu ilə həll edilməsində qəti şəkildə maraqlı deyil”

  • + A
  • - A
  • 14-07-2020, 14:24

    Sahibə Qafarova: “Rəsmi Yerevan münaqişənin sülh yolu ilə həll edilməsində qəti şəkildə maraqlı deyil”

    Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupova, Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barrona, Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenkoya müraciətlər ünvanlayıb.

    Müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək, mövqelərimizi ələ keçirməyə cəhd göstərib:

    “Ermənistan tərəfinin bu cəhdlərinə cavab olaraq, Azərbaycan tərəfi təxirəsalınmaz şəkildə adekvat xarakterli əks-tədbirlər görüb və nəticədə, Ermənistan ordu birləşmələrinin irəliləməsinin qarşısını ala bilib.


    Ermənistan tərəfi iki ölkə arasında olan sərhəd bölgələrini daha çox hərbiləşdirib, məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə alıb”.

    Müraciətlərdə vurğulanır ki, Ermənistanın bu cür hərbi xarakterli məsuliyyətsiz siyasəti onun üzv olduğu hərbi-siyasi qurumları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədindən, həmçinin Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin məsuliyyətindən yayınmaq niyyətindən irəli gəlir.

    Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən ünvanlanan müraciətlərdə xüsusilə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri öz silahlı qüvvələrini dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı Ermənistandan tələb edir.

    Lakin Ermənistan tərəfindən sərhəd bölgəsində törədilən sonuncu təxribat aktları bir daha göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə, danışıqlar masası ətrafında həll edilməsində qəti şəkildə maraqlı deyil.

    “Digər bir mühüm məqam ondan ibarətdir ki, Ermənistan bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyət COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda yol verib.

    Dolayısı ilə, Ermənistan atəşkəs rejimini bu cür davamlı şəkildə pozmaqla göstərir ki, BMT Baş katibinin COVID-19 ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına dəstək verməsi sadəcə riyakarlıqdır. Buna görə də biz, Azərbaycan Respublikası Milli Məclisi olaraq, Türkdilli Dövlətlərin Parlament Assambleyasından, Parlamentlərarası İttifaqdan, Rusiya Federal Məclisi Federasiya Şurasından xahiş edirik ki, Milli Məclisin sədri tərəfindən ünvanlanmış bu müraciət məktubunun bütün üzv dövlətlərə göndərilməsini təmin etsin. Eyni zamanda, təşkilat üzvlərini Ermənistanın təcavüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi bu sonuncu təxribatını qınamağa çağırırıq”, - deyə, müraciətlərdə qeyd olunur.

    Müraciətlərin sonunda Milli Məclisin sədri tərəfindən bəyan edilir ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mövqelərinə hücum edilməsi, baş verən bu hadisələrə və itkilərə görə məsuliyyəti bütövlükdə Ermənistan Respublikasının rəhbərliyi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR