AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda xalq-iqtidar birliyi ordumuza yeni ruh verir ​

  • + A
  • - A
  • 16-07-2020, 09:51

    ​ ​

    Azərbaycanda xalq-iqtidar birliyi ordumuza yeni ruh verir  ​


    Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində erməni ordu birləşmələrinin həyata keçirdiyi təxribatlar bir daha onu göstərdi ki, hələ də Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib. İşğalçı ölkənin bu cür mövqe ortaya qoymasına əsas səbəblərdən biri də, Nikol Paşinyan hakimiyyərtinə qarşı kütləvi etiraz aksiyalarının baş verməsidir. Çünki, iqtisadi cəhətdən zəif olan, xalq tərəfindən heç bir halda dəstəklənməyən, çoxsaylı problemlər məngənəsində boğulan Ermənistandakı mövcud durum onu sübut edir ki, bugünkü iqtidar minbir oyun qaydaları oynayıb hakimiyyətini saxlamaq üçün, hal-hazırda hər cür təxribata hazırdır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, düşmən ölkənin siyasi rəhbərliyi öz maraqlarının təmin olunması yöndə addımlarını atdıqca, bu ölkədə daxili gərginlik daha da kəskinləşir. Yəni, təqdim olunan video-çəkilişlərdən də görünür ki, artıq Ermənistanın Silahlı Qüvvələrində fərarilik baş alıb gedir, yüksək rütbəli zabitlər döyüş nöqtələrinə getməkdən boyun qaçırırlar. Baxmayaraq ki, bu cür addım atan hərbçilər ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs olunsalar da, digərləri həbs olunmaq təhlükəsindən qorxmurlar. Baş verən hadisələr onu göstərir ki, Ermənistanda xalq-iqtidar birliyi yoxdur, geniş kütlə Nikol Paşinyan hakimiyyətinə nifrət edir və belə bir səbəbdən də, bu ölkənin siyasi rəhbərliyi günü-gündən olub qalan nüfuzunu itirir. Diqqət yetirək ki, xeyli bundan öncə keçirilən tədbirlərin birində Azərbaycan Prezidentinin Nikol Paşinyanı yerində otuzdurması, nəinki bizim ölkədə, hətta işğalçı ölkə də uzun müddət müzakirə mövzusu oldu. Yəni, hər kəs gördü ki, erməni baş nazir olduqca savadsız, heç bir məntiqi düşüncəyə sahib olmayan dövlət başçısıdır. Yəni, bu şəxsin zəif obrazı hər kəsə bəlli oldu ki, bu gün Ermənistanın ziyalı elitası Nikol Paşinyanı özləri üçün təhlükə hesab edirlər. Hakimiyyətə gəldiyi ilk vaxtlardan ölkəsini uçuruma sürükləyən, əhalini iqtisadi fəlakətlə üz-üzə qoyan, siyasi oponentlərinə qarşı təzyiqlərini artırıb onları həbs etdirən, bir sözlə hər cür iyrənc və çirkin addımlarını atan bu şəxs, yenə də riyakarlığını davam etdirir.

    ​ ​ Ermənistandan fərqli olaraq, bu gün Azərbaycandakı durum hər kəsin gözləri önündədir. Belə ki, ötən illər ərzində ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi, məhz ordumuzun döyüşkən bir orduya çevrilməsinə səbəb oldu. Son bir-iki gün ərzində davam edən döyüşlər onu göstərdi ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmən qüvvələrinə layiqli cavab verməyə hazırdır. Yada salaq ki, əgər 90-cı illərin ​ əvvəllərində ordumuz pərakəndə şəkilində idisə, bu gün vahid komandanlıq altında birləşmiş bir ordudur və hazırda Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, istənilən həmləsinə layiqli cavab verməyə hazırdır. Həm 2016-cı ilin aprel döyüşlərini, həm 12-14 iyulda baş verənləri bir daha yada salaq. O halda bəlli olur ki, döyüş ruhu yüksək olan ordumuz hər an düşməni məhv etməyə qadirdir. Bundan əlavə, ölkəmizdə xalq-iqtidar, xalq-ordu birliyinin güclü olması, ordumuzun döyüş ruhunu artıran səbəblərdir. Məsələn, Azərbaycan–Ermənistan sərhədində baş verən son hadisələr, bir daha sadaladıqlarımızı təsdiq edir. 14 iyul gecəsi minlərlə paytaxt sakinləri şəhərımızın mərkəzi küçələrində izdihamlı aksiya keçirib Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəklərini ifadə etdilər, əllərində Azərbaycan bayrağ tutub ölkəmizin himnini oxudular və “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirdilər.

    ​ ​ ​ ​ Bəlli həqiqətdir ki, Azərbaycan tərəfi indiyə kimi münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarı olub və bu yöndə lazımi addımlarını da atıb. Ermənistan tərəfi isə münaqişənin həlli məsələsində qərəzli mövqe ortaya qoyub və hər zaman təxribat xarakterli addımlarını atıb. Diqqət yetirək ki, döyüş əməliyyatları başlayarkən düşmən ordusu ləngimədən təxribata əl atır və mülki insanları atəşə tutur.​ Məsələn, 12 iyul hadisələri zamanı Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində, rayonun Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlu aldığı xəsarətlərdən dünyasını dəyişdi. Bu cür addımlar atmaq, yəni mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, azyaşlıları və s. qətlə yetirmək, birbaşa erməni faşizmi, erməni barbarlığı deməkdir.​ Bu gün Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən, düşmən tərəfi danışıqların formatını kobud şəkildə də pozur. Fakt budur ki, düşmən tərəfi artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığında məqsədli şəkildə yerləşdirir ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, onlar da mülki şəxsləri atəşə tuta bilsinlər. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki,​ ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın atəşkəsi pozması, mülki əhalini ağır silahlardan bombalanması haqda ​ məlumatlandırsa da, heç bir qurum və yaxud dövlət işğalçı ölkəyə təzyiq göstərmirlər.
    Belə bir halların varlığına baxmayaraq, bu gün ölkə rəhbəri cənab İlham Əliyev elə bir müdrik idarəçiliyini həyata keçirir ki, atılan hər bir addımda xalqımızın, dövlətimizin maraqları öndə tutlur. İnanırıq ki, biz cənab Prezidentin rəhbərliyi altında itirilmiş torpaqlarımızı geri qaytaracağıq, şanlı ordumuzun qüdrəti düşmən ölkəyə “gözdağı” olacaq.

    ​Əliabbas Salahzadə

    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR