Məşhur Məmmədov: Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək
“İyulun 12-də işğalçı Ermənistan növbəti təxribata əl ataraq bütün beynəlxalq hüquqları pozdu. Bu dəfə işğal altında saxladığı Qarabağı deyil, Azərbaycanla sərhəd bölgə olan Tovuzu hədəf aldı. Təəssüf ki, erməni təxribatı nəticəsində dəyərli qardaşlarımızı, övladlarımızı şəhid verdik. Şəhidlik zirvəsinə ucalmış zabit və əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Ancaq Azərbaycan ordusu qətiyyətlə düşməni susdurdu”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
M.Məmmədov bildirib ki, Ermənistanın bu təxribatı məqsədli şəkildə olub. Belə ki, işğalçılar bu təxribatla Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirməyə çalışır.
Millət vəkili iyulun 14-də parlamentin önündə baş verən təxribat əməllərini də pisləyib: “Minlərlə insanın toplaşdığı aksiyalar onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır. Təəssüf ki, əsas şüarı vətən, torpaq olan dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Milli Məclisin inzibati binasına zor gücünə daxil olaraq, orada dağıntılar törətmək istəyənlərin qanuna zidd cəhdləri Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı sayəsində dəf edildi. Milli Məclis Azərbaycan vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Millətin təmsil olunduğu dövlət qurumuna qarşı edilən bu təxribata görə ciddi tədbirlər görülməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək”.