“Azərbaycan Texniki Universitetində (AzTU) professor-müəllim heyətinin yaşlı nəsil olması çox arzuolunan haldır. Ali təhsil müəssisəsində yaşlı professor-müəllim heyəti ilə gənc kadrların işinin düzgün təşkili tələbə-müəllim münasibətlərinin formalaşmasına imkan verir”.
“Report” xəbər verir ki, bu fikirləri AzTU-nun rektoru Vilayət Vəliyev mətbuat nümayəndələri ilə onlayn görüşdə deyib.
Onun sözlərinə görə, tələbə-müəllim münasibətləri bəzən tələbələrin də düzgün qiymətləndirilməməsi meyllərinin olduğunu göstərir: “Bu baxımdan tələbələrə çox ciddi qiymətləndirmə üsullarını tətbiq etməliyik. Yəni biz həm keyfiyyətli tədris aparmalıyıq, həm də onun nəticəsini ciddi ölçməliyik. İcra etdiyimiz islahat proqramında hər bir hədəf ölçülə bilən olmalıdır. Bununla bağlı universitetdə bəzi təftiş işlərinin aparılmasına başlamışıq. Bu baxımdan 3 dekanın müvəqqəti işdən kənarlaşdırılmasında böyük qəbahət yoxdur. Həmin dekanların özləri əvvəlki dekanlardırlar, onların işlərinin şəffaflığında problem yoxdur. Biz əvvəlki sənədlərin yoxlanılmasında maraqların toqquşmasını nəzərə alaraq həmin dekanları müvəqqəti işdən uzaqlaşdırmışıq. Təftiş işləri yekunlaşdıqdan sonra, yəqin ki, ayın sonunda həmin dekanlar öz vəzifələrinə qayıdacaqlar. Nəqliyyat fakültəsinin dekanı öz ərizəsi ilə vəzifəsindən çıxdı. Sentyabr ayından sonrakı aylarda bu fakültə üçün dekan seçkiləri keçiriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.