Ermənistanın dövlət sərhədində artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil iki ölkənin dövlət sərhədində törədib. Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və Azərbaycana qarşı təcavüzdür. Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Baş verən son hadisələr onu deməyə əsas verir ki, toqquşma hər an gözləniləndir. Ermənistanın yeni təcavüz aktı ilə əlaqədar müxtəlif dövlətlər tərəfindən ayrılıqda, eləcə də beynəlxalq təşkilatlar tərəfindən açıqlamalar verilib. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. Dost və qardaş Türkiyə Azərbaycanı dəstəklədiyini bildirib. Eyni zamanda İranın, Rusiyanın və Türkiyənin XİN rəhbərləri öz narahatlıqlarını bildirdilər. Bununla yanaşı TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibləri, həmçinin Ukrayna, Pakistan, Moldova, Qazaxıstan, İtaliya, Kolumbiya münaqişəli vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlanmasının tərəfdarı olduğunu diqqətə çatdırıblar. Avropa İtiifaqı, Natonun baş katibi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edərək, Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayaraq, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.
Bu günlərdə əlamətdar bir hadisə də okeanın o tayında baş verdi. ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib. Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə təqdim edilən “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Eyni zamanda Stiv Kohen tərəfindən hazırlanan “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş də təsdiqlənib.
Bütün bunlarla yanaşı erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və yenə Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən hazırlanan “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişlər qəbul edilməyib.
Burada söhbət təkcə ayrılan yardımın məbləğindən, yaxud Ermənistana pul ayrılıb-ayrılmamasından getmir. Həm də bölgədəki hadisələrdən, reallıqlardan, Ermənistannın maskasının yırtılmasından və bu cırtdan ölkənin bölgədə NATO əleyhinə Rusiyanın ”maşa"sı, əlaltısı rolunu oynaması faktının ABŞ Konqresində, yəqin ki, növbəti addımda Senatında və siyasi rəhbərliyində bütün detalları ilə aydınlaşmasıdan gedir.
Konqresə Ermənistanın Rusiyanın forpostu olması, onunla 49 illiyə hərbi saziş imzalaması, ərazisində aviasiya hərbi bazası, eləcə də Gümrüdə quru qoşunlarını - birbaşa NATO-nun əleyhinə yönəldilmiş briqadanı yerləşdirməsi, Ermənistanda yeni bir rus bazasının yerləşdirilməsi barədə danışıqların getməsi haqda məlumatlar da çatdırılmışdır.
Üstəlik, konkret bu fakta da diqqət yetirilmişdir ki, postsovet məkanında baş verən münaqişələr zamanı çoxlu ölüm hadisələri olmuş və Azərbaycanın dinc sakinlərinə ən çox ziyan vuran, onların mal-mülkünü talayan, eyni zamanda mülki əhaliyə heç bir ehtiyac olmadan sui-qəsd edən, qətliamlar törədən erməni qüvvələridir və Konqres üzvləri bu barədə ətrafı məlumatlandırılıb. Müzakirələrdə postsovet məkanında ən çox itkiyə məruz qalan ölkə kimi Azərbaycanın adı çəkilib.
Beləlikə, ABŞ Konqresi nəhayət ki, 30 ildən sonra təcavüzkarı, işğalçını göstərməyə başlayıb. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları birbaşa enerji və nəqliyyat təhlükəsizliyinə təhdid olması, Ermənistanın bu hücumundan sonra rusların 150 min əsgərlə və böyük miqdarda texnika ilə bilavasitə sərhədlərimizdə hərbi təlimlərə başlaması da yəqin ki, diqqətdən kənarda qalmayıb.
Bütün bunlar Azərbaycanın işğal altındakı ərazilərinin azad olunacağı günün çox da uzaqda olmadığının göstəricisidir. Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusən də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməməli və Azərbaycan həqiqətlərinin dünya birliyi tərəfindən tanınması üçün lazım olan bütün ismarıcları verməlidir.
Anar Məmmədov
Milli Məclisin deputatı