AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin yeni deputatı: “Hər zaman tənqidə açıq olmuşam” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 27-07-2020, 20:20

    Milli Məclisin yeni deputatı: “Hər zaman tənqidə açıq olmuşam” - MÜSAHİBƏ
    Könül Nurullayeva: “Təəssüf ki, AŞPA-nın bəyanatında işğalçıya xəbərdarlıq əks olunmayıb”


    Modern.az saytı Milli Məclisin 24 saylı Nizami birinci seçki dairəsindən deputatı Könül Nurullayeva ilə müsahibəni təqdim edir.



    - Söhbətimizi cəbhədəki son vəziyyətlə başlayaq. Sizə görə Ermənistanın Tovuz istiqamətində - dövlət sərhədində hərbi təxribata başlamasının arxasında nələr dayanır?


    - 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi beynəlxalq birliyin gözü qarşısında baş verən təxribatdır. Ermənistan uzun müddətdir ki, bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz təxribatlarına cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın niyə Qarabağdakı təmas xəttində deyil, sərhəddə belə bir təxribata əl atmasına gəlincə, düşünürəm ki, işğalçı ölkədə baş verən ictimai-siyasi prosesləri izləmək kifayətdir.


    - Bu, Ermənistanın dünyanın diqqət mərkəzində olmaq istəməsi, yoxsa Azərbaycanın uğurlu siyasətini həzm edə bilməməsiylə bağlıdır?


    - Əslində, burada hər iki məqam var. Çünki sərhəd təxribatı o zaman baş verdi ki, artıq işğalçı ölkədə ictimai-siyasi proseslər nəzarətdən çıxmışdı. Sözdə inqilab yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyan hökumət başçısı kimi meydanlarda xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bu da mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Üstəlik, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında öz səriştəsizliyi ucbatından dəfələrlə gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos Forumu, Valday diskussiya klubu, Münhen Təhlükəsizlik Konfransı və digər nüfuzlu platformalardakı aqrumentlərlə dolu bəyanatları qarşısında Paşinyan aciz qaldı. Eyni zamanda, bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək, Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Bir sözlə, "demokrat" baş nazir daxildə artan narazılığa, miqyası günbəgün genişlənən sosial partlayışa tab gətirməyəcəyini anlayaraq, diqqəti xarici düşmən istiqamətinə yönəltmək məqsədilə sərhəddə təxribata əl atdı. Amma məqsədinə nail ola bilmədi. Hazırda Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və bundan sonra da veriləcək.


    - AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq hərbçilərimizin, dinc, günahsız, mülki sakinlərimizin Ermənistan silahlı qüvvələrinin bombardmanı nəticəsində şəhid olmasına görə çıxış etməyi düşünürsünüzmü?


    - Bəli. Ümumiyyətlə, Ermənistan sərhəddə əl atdığı bu təxribat fonunda da beynəlxalq aləmdə təkləndi. Çünki işğalçının ən böyük ümidi KTMT-yə idi, lakin adıçəkilən təşkilatdan işğalçıya dəstək gəlmədi. Paralel olaraq, bir çox Avropa ölkələri Azərbaycana dəstək nümayiş etdirdi. Parlament rəhbərliyi, eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən həmin təşkilatda təmsil olunan həmkarlarımıza Ermənistanın son təxribatları ilə bağlı müraciət ünvanlanıb. İşğalçının bu təxribatçı addımlarının, xüsusilə mülki əhalinin qətlə yetirilməsinin pislənməsinə çağırış edilib. Məlumdur ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems, Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna artıq cavab da göndərib. AŞPA prezidenti bildirib ki, bu məsələ qurumun müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib. Bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır. AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri də birgə bəyanat yayıb. Sənəddə Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində itkilərin olmasından narahatlıq ifadə olunur. Amma təəssüf ki, bu bəyanatda işğalçı öz adı ilə çağırılmır. Xüsusilə erməni silahlı birləşmələrinin mülki əhalini hədəfə alması, qətlə yetirməsilə bağlı işğalçıya xəbərdarlıq əks olunmayıb. Təbii ki, biz nümayəndə heyəti olaraq, AŞPA-nın iclaslarında bu məsələ ilə bağlı haqq səsimizi dünyaya çatdıracağıq.


    - Azərbaycan-Xorvatiya Parlamentlərarası dostluq qrupunun sədri kimi hansı sahələrdə əməkdaşlıqda maraqlısınız?


    - Xorvatiya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Bu il diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinin qeyd edirik. Ölkələrimiz arasında iqtisadi, siyasi, enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 25-ə yaxın əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Təbii ki, bu əməkdaşlıqda parlament əlaqələri də mühüm rol oynayır. 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Dostluq qrupunun rəhbəri kimi keçirdiyim görüşlərdə Xorvatiya rəsmilərinin də mövqeyi bundan ibarətdir ki, strateji tərəfdaşlığın birgə səylər nəticəsində davam etdirilməsi üçün yaxşı potensial mövcuddur.


    - Deputatı olduğunuz Bakı şəhərinin Nizami rayonunda pandemiyaya yoluxanlar çoxdurmu? Rayonunuzda xüsusi mübarizə tədbirləri necə təşkil olunub?


    - Son aylar Nizami rayonunda yoluxma statistikası 6-8 % arasında dəyişir. Məsələn, iyulun 14-nə olan məlumata görə, Nizami rayonunda 8.3 faiz yoluxma qeydə alınıb. Bir neçə həftə əvvəl bu rəqəm 7 faiz idi. Ümumiyyətlə, virusun insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bütün rayonlarda olduğu kimi, Nizami rayonunda da profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.


    - COVID-19-la mübarizədə sizə kömək üçün müraciət edən şəxslər varmı? Ən çox hansı mövzularda seçicilərinizin dəstəyə ehtiyacı olduğunu düşünürsünüz?


    - Karantin qaydalarına uyğun olaraq, bizim Deputat qərargahımızda Nizami rayon sakinlərinin onlayn müraciətləri qəbul edilir. Hər bir vətəndaşın müraciətinə baxılır, araşdırılır, müvafiq qurumlarla əlaqələndirilir. Biz hətta sərt karantin günlərində ehtiyacı olan şəxslərə ərzaq yardımı, həmçinin pulsuz müayinə ilə bağlı aksiyalar da təşkil edirik. Bir sözlə, dövlət başçımızın da söylədiyi kimi, biz də millət vəkili olaraq vətəndaşlarımızın, seçicilərimizin xidmətində və yanında olmalıyıq.


    - Gənc millət vəkili kimi fəaliyyətinizin prioritet istiqamətləri nələrdir?


    - İlk olaraq, onu deyim ki, həqiqətən, ali qanunverici orqanda təmsil olunmaq böyük məsuliyyətdir. Milli Məclisin üzvləri ilk növbədə cəmiyyətlə icra orqanı arasında vasitəçidir. Ölkə başçısının VI çağırış Milli Məclisin ilk iclasında da söylədiyi kimi, deputatlar dairələrdə fəallıq göstərməli, seçicilərlə daim təmasda olmalıdır. Millət vəkilinin başlıca vəzifəsi təmsil etdiyi regionun sosial inkişafına, eyni zamanda vətəndaşların, dövlətin maraqlarının qorunmasına xidmət etmək olmalıdır. Yəni gənc millət vəkili olaraq, mənim üçün əsas prioritet deputat statusunun qarşımda qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirməkdir. Deputat eyni zamanda, qanun və ya normaların formalaşdırılmasını təmin etmək hüququna malikdir. Bu mənada mən də ali qanunverici orqanda xalqın mənə göstərdiyi yüksək etimad sayəsində müəyyənləşən bu məsuliyyətli işimin öhdəsindən gəlməyə çalışıram.


    - Bioqrafiyanıza nəzər saldıqda idmanda, xüsusilə də Olimpiya oyunlarındakı fəaliyyətiniz nəzərə çarpır. İdmana gedən yolunuz necə başlayıb?


    - 2008-ci ildə Universiteti bitirdikdən sonra Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi vakansiyası ilə bağlı müsabiqə elan olundu. Təbii ki mən ixtisasıma yaxın bir sahə olduğu üçün öz sənədlərimi Komitəyə təqdim etdim. Müsabiqə və müsahibələrdən uğurla keçərək, nəticədə həmin işi qazandım. Uşaqlıq illərimdən bəri hər zaman diplomatiya sahəsində çalışmaq, Azərbaycanı beynəlxalq arenada təmsil etmək mənim arzum olub. Universitetdən məzun olan kimi Beynəlxalq əlaqələr şöbəsində çalışmaq şansı mənim üçün sürpriz oldu və bu imkandan yararlanaraq uşaqlıq arzuma doğru ilk addımımı atmış oldum, əmək fəaliyyətimə başladım. Artıq uzun illərdir ki, Milli Olimpiya Komitəsində fəaliyyət göstərirəm və həyatımın ən aktiv, ən fəal illərini məhz idman strukturlarında çalışaraq keçirmişəm. Bu illər ərzində Azərbaycanda keçirilən onlarla tədbirin iştirakçısı olmuşam. Xüsusilə qeyd etmək istəyirəm ki, “Bakı 2020” Olimpiya Oyunlarına namizədlik ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarına namizədlik komitəsinin icraçı direktoru olaraq beynəlxalq olimpiya hərəkatında ən gənc xanım rəhbəri olaraq yadda qalmışam. Bundan əlavə, “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişəm. 2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda bərabərlik” komissiyasının üzvü seçilərək Azərbaycanı Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım kimi tarixə düşmüşəm. Eyni ildə 5 qitəni və 206 Olimpiya Komitəsini özündə birləşdirən Milli Olimpiya Komitələrinin Assosiasiyasına Avropa qitəsindən nümayəndə olaraq seçilən ilk azərbaycanlı xanım olmuşam. Bu il də həmçinin, 57 ölkəni özündə birləşdirən İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə ilk dəfə olaraq xanım nümayəndə kimi seçilmişəm. Hazırda isə İHİF tərəfindən 2021-ci ildə Konyada keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasının üzvüyəm. Bu gün mən artıq ölkəmi qanunvericilik strukturunda millət vəkili olaraq təmsil edirəm. Fürsətdən istifadə edib parlament seçkisində mənə dəstək olan seçicilərimə bir daha minnətdarlığımı bildirir və onlara daim dəstək olacağıma söz verirəm.

    - Könül xanım, idmandan siyasətə necə yön aldınız? Ümumiyyətlə, siyasətə həvəsliydiniz, yoxsa ani bir qərarla seçkilərə qatıldınız?



    - Cənab Prezident hər zaman bəyan edir ki, ölkəmizin gələcəyi intellektual, bacarıqlı gənclərin əlindədir. Bu çağırış bütün gənclərə stimul verir, eyni zamanda yeni öhdəliklər müəyyənləşdirir. Ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk gənc xanım kimi əminliklə deyə bilərəm ki, mənim də bu vaxta qədər əldə etdiyim uğurların kökündə ölkədə həyata keçirilən gənclər siyasəti, dövlət başçısının gənclərə yüksək etimadı dayanır. Eyni zamanda, millət vəkilliyinə namizədliyimi irəli sürmək ideyasının da kökündə dövlətin gənclər üçün yaratdığı stimullaşdırıcı tədbirlərin birbaşa rolu var. Mən seçkiyə qatılanda da bildirmişdim ki, əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, parlament seçkilərində də düzgün seçim etməliyik. Hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini tam şəkildə ifadə edir.


    - Siyasi səhnədə aktiv olan xanımlar həmişə diqqət mərkəzində olurlar. Onlar sevilməklə yanaşı, tənqidlərə də tuş gəlirlər. Bəs siz tənqidə necə münasibət bəsləyirsiniz?


    - Mən hər zaman tənqidə açıq olmuşam. Amma bu, sağlam tənqid olmalıdır. Düşünürəm ki, sağlam tənqid səhvlərdən nəticə çıxarmaq üçün ən yaxşı vasitədir. Amma qərəz və böhtan qəbuledilməzdir.


    - İctimai və siyasi aktivlik, gərgin əmək və ailə qayğıları... Hamısı bir arada çətin olmur ki?


    - Əlbəttə, çalışıram hər birinə vaxt ayırım. İnsan seçim edəndə təbii ki, hər bir çətinliyi nəzərə almağa çalşır. Bu mənada mən də ictimai-siyasi fəaliyyətimə və ailə qayğılarına eyni vaxtda zaman ayırmağa çalışıram.


    - Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz? Hobbi və maraqlarınızı öyrənmək istərdik..


    - Mənim uşaqlıqdan bir neçə idman növünə maraq və həvəsim olub. 8 ildən artıq bir müddətdə üzgüçülüklə, eyni zamanda stolüstü tennislə məşğul olmuşam və hələ də boş vaxtlarımda bu idman növünə müraciət edirəm. Bundan başqa, mütaliə etməyi xoşlayıram, dünyada baş verən prosesləri, hadisələri yaxından izləyir və analiz edirəm.Təəssüf ki, iş həcminin çox olması ilə əlaqədar olaraq mənə əziz olan insanlara istədiyim qədər vaxt ayıra bilmirəm, və imkan düşən kimi öz ailəmin, övladımın və yaxınlarımın yanında olmağa çalışıram. Mənim üçün ailəm və mənə yaxın olan insanlar çox dəyərlidir. Siyasətlə məşğul olan şəxslər üçün belə bir deyim çox məşhurdur: “Ailə kiçik dövlətdir”. Mən bu fikirlə tamamilə razıyam və düşünürəm ki, cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Ona görə də var gücümlə ailə dəyərlərinə sadiq qalmağa çalışıram


    - Qısa bir müddət ərzində siyasi aktivliyiniz ilə uzun illər Milli Məclisdə deputat olmuş bəzi həmkarlarınızı üstələməkdəsiniz. Əgər onların qısqanclıq və hiddəti ilə qarşılaşsanız…


    - Mən deməzdim, kimisə üstələyirəm. Sadəcə, işimə məsuliyyətlə yanaşmaqla millət vəkili kimi vəzifələrimi icra etməyə çalışıram. Həmkarlarımla çox normal, səmimi münasibətim var. Heç kimdən özümə qarşı qısqanclıq və ya hiddət görməmişəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR