"ABŞ rəsmiləri öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır"
“New York Times” qəzeti vasitəsiylə dünyaya məlum oldu ki, iyulun 28-də Nyu-Yorkda keçirilən etiraz aksiyalarında iştirak edən insanlar polis tərəfindən fiziki zorakılığa məruz qalıb. Aksiya iştirakçılarının mülki geyimli polislər tərəfindən zorla xüsusi mikroavtobuslara doldurularaq naməlum istiqamətə aparılması və bunun barəsində heç bir ciddi səbəb göstərilməməsi barədə dərc olunan məqalə onu göstərir ki, özünü dünyaya azadlığın, demokratiyanın, insan hüquq və azadlıqlarının, ədalətin simvolu kimi təqdim edən ölkənin özündə bu sahədə ciddi problemlər mövcuddur. Sizcə, belə bir ölkə necə digər ölkələrdə azadlıq və ədalətin çarçısı, qaranatı rolunda çıxış edə bilər? Bu siyasətə dövlət səviyyəsində də açıq dəstək verənlər tapılırsa, bütün bunlar ciddi suallar yaradır. Görünən odur ki, polis tərəfindən vətəndaşa qarşı amansız cinayət hadisəsi törədilir, polis məhkəmədə etdiyi cinayəti boynuna alır, amma özünü ədalətin mühakiməçisi hesab edən ABŞ məhkəməsi polislərini ən aşağı cəza ilə cəzalandırır. Bunu məhkəmənin çıxardığı qərarlar sübut edir.
ABŞ dövlətinin bu siyasəti birmənalı qarşılanmır, belə hallar cəmiyyəti və bəzi media orqanlarını narahat edir və buna öz etirazlarını bildirirlər.
ABŞ-ın öz daxilində insan hüquq və azadlıqları sahəsində vəziyyət ürəkaçan olmadığı halda, başqa ölkələrə demokratiyadan “dərs keçməsi” də çox absurd görünür. Hələ biz başqa faktları demirik. Əgər belə faktları sadalamağa başlasaq sadalamaqla bitməz. Təəssüf ki, bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. Lakin ABŞ rəsmiləri öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkələrində demokratiyanı bərqərar, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər. Bu isə yolverilməzdir. Ümumiyyətlə, ABŞ-ın son illərdəki yürütdüyü xarici siaysətə nəzər yetirdikdə görürük ki, əslində yürüdülən siyasət heç bir heynəlxalq hüquq və normalarına sığışmır. Açıq hegemonluğa, gücə, zorakılığa əsaslanır.
Yazımın sonunda bir daha bir məsələyə toxunmaq istəyirəm; hər bir dövlət öz daxili işləriylə məşğul olub, daxili problemlərinin həllinə çalışmalıdır.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı