Rusiya silahlarının son partiyası işğalçı Ermənistana Azərbaycanla yaxşı münasibətləri olan üç ölkə üzərindən daşınıb - İran, Qazaxıstan və Türkmənistan. Məlum olub ki, Rusiyanın İL-76 hərbi nəqliyyat təyyarələri hərbi yükləri hər üç dövlətin hava məkanından keçməklə işğalçı dövlətə çatdırılıb.
Moskvanın bu addımı ilə bağlı rəsmi Bakı açıq şəkildə fikrini ifadə edib. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon zəngini açaraq 400 ton silahın işğalçıya göndərilməsinə görə narahatlığını dilə gətirib.
Amma bu məsələdə bizi narazı salan təkcə Kreml deyil, adıçəkilən üç ölkə də səmasını Ermənistana gedən hərbi sursat üçün açıq buraxıb. Halbuki qonşu Gürcüstan öz hava məkanını verməkdən imtina edib. Azərbaycana dost-qardaş olan Qazaxıstanla Türkmənistan isə əks addım atıb.
Politoloq Elxan Şahinoğlunun fikrincə, dövlət başçısı Putinlə telefon danışığında hərbi yüklərin daşınmasında Rusiyanın bu siyasətindən narahatlığını bildirməklə yanaşı İran, Qazaxıstan və Türkmənistanın adını təsadüfən çəkməyib. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, birincisi, bu, Azərbaycanın dost dövlətlərdən ciddi kəşfiyyat məlumatlar əldə etdiyini göstərir: “Rəsmi Bakı həmin məlumatlarda təyyarələrin hansı trayektoriyalardan uçduğunu yaxşı öyrənib. Təbii ki, Rusiya hərbi yükü Azərbaycan üzərindən daşıya bilməzdi, Gürcüstan isə buna imkan verməzdi. Yeganə istiqamət qalırdı - İran, Qazaxıstan və Türkmənistan”.
E.Şahinoğlu təəssüf edir ki, türkdilli ölkələrin birliyindən, əməkdaşlığından danışırıq, amma tam fərqli münasibətlə qarşılaşırıq: “Görürük ki, iki türkdilli dövlət digər türkdilli dövlət olan Azərbaycanın torpaqlarını işğal etmiş ölkəyə silah daşınmasına göz yumur, razılıq verir”.
Analitik hesab edir ki, Azərbaycan prezidenti Putinlə danışığında həmin ölkələrə də öz ismarışını çatdırmış olub: “Əlbəttə, İlham Əliyev onların adını çəkməklə bu ölkələrə mesaj vermiş oldu ki, Azərbaycana zidd siyasət yürütdünüz. Axı biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındayıq, bir-birimizə dəstək verməliyik.
Lakin göründü ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ciddi struktura çevrilməyib, onun nüvəsini, sadəcə, Azərbaycanla Türkiyə strateji müttəfiqliyi təşkil edirmiş".
E.Şahinoğlu İrana gəlincə, qeyd etdi ki, rəsmi Tehran hər zaman ərazi bütövlüyümüzü dəstəklədiyini söyləyir: “Amma əməlində tərsinin şahid oluruq. İran həmin təyyarələrin öz səmasına uçmasına icazə verməməliydi. Əgər razılıq veribsə, deməli, onlar da işğalçı Ermənistanın Azərbaycana qarşı silahlanmasında maraqlıdır. Bundan sonra nə etməliyik, əgər İlham Əliyev üç ölkənin adını çəkibsə, Rusiyanın bu siyaətinə görə cəsarətli şəkildə Putinə narahatlığını bildiribsə, eynilə Xarici İşlər Nazirliyi hər üç ölkəyə də etirazını çatdırmalıdır. Necə olub ki, sizin hava məkanınızdan Ermənistana silah daşınıb? Niyə buna icazə vermisiniz? Aydındır ki, onlar Rusiya ilə tərəfdaş ölkələrdir. Amma Moskvaya izah edilə bilərdi ki, Azərbaycan bizə dost ölkədir və ona qarşı yönəlmiş addımdır. Bunu etməyiblərsə, xoş niyyət ortaya qoymayıblar və hesabı sorulmalıdır”.
Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Ermənistana üzdə dəstək verməyəcəyini desə də, iclasdan dərhal sonra bir gündə iki reyslə Gürcüstan üzərindən Ermənistana silah göndərmək istəyib: “Gürcüstan bundan imtina etdiyi üçün Aktau limanına, oradan İrana, oradan Azərbaycanın işğal olunmuş ərazisi üzərindən Ermənistana silah göndərib. Halbuki Rusiya o əraziləri Azərbaycan ərazisi kimi rəsmən tanıyır. Rusiyanın təyyarəsi Azərbaycanın icazəsi olmadan bizim ərazimizin üzərindən uçursa, deməli, Rusiya bizim suverenliyimizə təhdiddir. Əgər bu hadisələrdən Rusiya siyasi rəhbərliyinin xəbəri yoxdursa, bu məsələ araşdırılsın, cavab verilsin”.
Qeyd edək ki, avqustun 12-də prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İlham Əliyev rusiyalı həmkarına iyulun 17-dən bəri Rusiyadan Ermənistana göndərilən hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
“Yeni Müsavat”