Məmur biznesinin, məmur oliqarxiyasının mövcudluğu müstəqillik əldə edəndən sonra Azərbaycanın ən böyük problemlərindən birinə çevrilib. Ölkədə azad, rəqabətli biznes mühitinin olmaması, iqtisadiyyatın əksər gəlirli sektorlarının inhisarçıların əlində cəmləşməsi, gizli iqtisadiyyatın yüksək təşəkkül tapması birmənalı olaraq məmur oliqarxiyasının “xidməti” sayılmalıdır. Məhz bu amil üzündən Azərbaycanda kiçik və orta sahibkarlığın iqtisadiyyatda, məşğulluqda payı dünya üzrə orta göstəricidən dəfələrlə aşağıdır. Kölgə iqtisadiyyatının səviyyəsinə görə isə ölkəmiz son illərədək dünya öncüllərindən biri olub.
Məmur biznesi iqtisadiyyatın bütün sferalarında şəffaflaşmanın qarşısındakı ən böyük problemdir. Müxtəlif yüksək ranqlı məmurların himayə etdiyi böyük şirkətlər, inhisarlar yalnız azad sahibkarlığı sıxışdırmaqla kifayətlənməyib, həm də daha çox gəlir əldə etmək üçün şəffaflığın qarşısını alıb. Bu isə uçotdanyayınmanın yüksək səviyyəyə çatmasına səbəb olub. Məsələn, pərakəndə ticarət və ictimai iaşə sahəsi ilə bağlı Dövlət Statistika Komitəsi ilə keçmiş Vergilər Nazirliyinin 2018-ci ilin əvvəlinə olan məlumatları arasında 7 dəfə fərq meydana çıxıb. Vergilər Nazirliyinin 2018-ci ildə həyata keçirdiyi yoxlamalar tibb müəssisələri üzrə 230 milyon manatdan çox, iri topdansatış müəssisələrində 930 milyon manatlıq, şəbəkə marketləri üzrə 122 milyon manat dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, adları çəkilən sahələrdə uçotdan gizlədilmənin hansı həddə çatdığının əyani göstəricisidir. Eyni vəziyyət digər sahələrdə də mövcuddur: istehsaldan tutmuş, ticarətə, tikintiyə, turizmə qədər hər sahədə qeydiyyatdan yayınma məhz məmurların biznes maraqlarının doğurduğu fəsadlardır. Bu maraqlar imkan vermir ki, 15 ildən yuxarı bir müddətdə Azərbaycanda “Rəqabət Məcəlləsi” qəbul edilsin, məmurların gəlir bəyannaməsi təqdim etməsi baş tutsun.
Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə məmurların haqsız rəqabətin yaradıcısı olduqları vurğulanıb, onların kölgə iqtisadiyyatındakı həlledici payı tənqid olunub. Ötən il Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin olunan zaman qəbul edən prezident bu məsələlərə toxunub: “Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.
Ölkə rəhbəri sahibkarlığın inkişafına mane olan problemlərdən də danışıb: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.
Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən".
Göründüyü kimi, ölkə rəhbərliyi məmur oliqarxiyasının iqtisadiyyata vurduğu zərərləri təsbit edərək, ona qarşı mübarizənin sərtləşdirilməsində maraqlı olduğunu ortaya qoyub. Bu mövqe prezident İlham Əliyevin, demək olar ki, əksər çıxışlarında əksini tapmaqdadır. Və bu mövqenin nəticəsidir ki, son illərdə Azərbaycanda kölgə iqtisadiyyatına, məmur biznesinə qarşı ciddi addımlar atılır. Vergi və gömrük orqanlarındakı şəffaflaşma prosesi ötən il dövlət büdcəsinə 1 milyard manatdan yuxarı əlavə vəsaitin ödənilməsini təmin edib. Bu proses indi də davam etdirilir.
Aydın məsələdir ki, külli miqdarda var-dövləti olan yüksək ranqlı məmurlar öz bizneslərini məhz hakimiyyətdəki nüfuzlarından bəhrələnməklə genişləndiriblər. Bu isə belə biznesin qarşısını almaq üçün həmin məmurların hakimiyyətdə tutduqları postlardan alınmasını zəruri edir. Bu zərurətə görə ölkə rəhbərliyi son illərdə oliqarx məmurların vəzifədən uzaqlaşdırılması istiqamətində ciddi addımlar atır. Sabiq nəqliyyat naziri Ziya Məmmədov, eks vergilər naziri Fazil Məmmədovdan tutmuş, sabiq kənd təsərrüfatı nazirləri İsmət Abbasov, Heydər Əsədov, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər məmur-biznesmenlərin vəzifədən uzaqlaşdırılması belə addımlardandır. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra prezidentin iradəsi ilə iqtisadi blokdakı mərkəzi icra orqanlarının böyük əksəriyyətinin rəhbərliyi yeniləndi. Məhz bu yenilənmədən sonra kölgə iqtisadiyyatına qarşı mübarizədə ciddi uğurlar əldə olunmasına başlandı. Bu il isə dəyişikliklər Milli Məclisə çatdı. Uzun illər parlamentə rəhbərlik etmiş Oqtay Əsədov deputat mandatı ala bilsə də, onun yenidən spiker olmasına imkan verilmədi. Uzun müddətdir xarici ölkələrdə, xüsusilə də Rusiyada böyük biznesi aşkarlanan O.Əsədovun spikerlikdən alınması məmur oliqarxiyasına qarşı mühüm addımlardan biridir.
Məmur oliqarxiyasına qarşı mübarizə sahəsində son addımlar kimi Mədəniyyət Nazirliyində, Xarici İşlər Nazirliyində keçirilən əməliyyatlar, onların rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasıdır.
Bundan əlavə, regionlarda özlərini padşah kimi aparan, biznesin inkişafını buxovlayan icra başçılarının həbs olunması prosesi gedir. İndiyədək 6 rayonun icra başçısı həbs olunub, onların milyonlarla dollarlıq var-dövləti, əmlakı aşkarlanıb. Faktiki olaraq, rəhbəri olduqları rayonların ən böyük inhisarçı-biznesmeninə çevrilən başçıların sıradan çıxarılması da məmur oliqarxiyasına qarşı mübarizənin tərkib hissəsidir: heç kimə sirr deyil ki, icra başçılarının bir çoxu məhz bu və ya digər yüksək ranqlı məmurun adamlarıdır. Onların həbsi bağlı olduqları məmurların yerlərdəki dayaqlarının sarsıdılmasına xidmət edir.
Bu gün Azərbaycanda məmur oliqarxiyasının tamamən aradan qalxdığını söyləmək hələ ki, mümkün deyil. Həm yüksək vəzifələrdə, həm də icra başçıları səviyyəsində biznesi olan, müxtəlif sahələrdə şirkətlərə himayədarlıq edən məmurlar hələ də qalmaqdadır. Prezidentin bir neçə gün əvvəl elan etdiyi kimi, Azərbaycan iqtisadiyyatı liberallaşdırılacaq. Bu isə ədalətli rəqabət mühitinin formalaşdırılması, azad sahibkarlığın inkişaf etdirilməsini zəruri edir. Bunun üçünsə məmur himayədarlarına arxayın olan inhisarların aradan qaldırılması gərəkir. İnhisarların əksəriyyətinin məmurlara bağlı olduqlarını nəzərə alsaq, həmin məmurların son nəfərinə qədər vəzifədən alınması, iqtisadiyyata bütün təsir imkanlarının aradan qaldırılması istiqamətində addımlar davam etdirilməlidir.
Koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərin aradan qaldırılması ölkə iqtisadiyyatında, iqtisadi münasibətlərdə ciddi dəyişikliklərin olmasını zəruri edir. Məmur oliqarxiyasının mövcud olduğu, iqtisadiyyatda məmur maraqlarının qaldığı bir şəraitdə buna nail olmaq mümkün deyil. Belə maraqlar ölkə iqtisadiyyatı üçün indiki şəraitdə həyati əhəmiyyət kəsb edən xarici investisiyaların Azərbaycana axını qarşısında da ən böyük maneələrdən biridir.
“Yeni Müsavat”