Bu həftə Ermənistanla bağlı ən çox diqqət çəkən siyasi olaylardan biri də Ermənistan Təhlükəsizlik Xidmətinin (ETX) keçmiş direktoru, general Artur Vanetsyanın işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfəri oldu. Bu, o Vanetsyandır ki, baş nazir Nikol Paşinyan tərəfindən həmin vəzifəyə təyin edilsə də, az sonra onun tərəfindən də işdən qovulub.
Bir neçə ay qabaq “Vətən” adlı partiya yaradan sabiq ETX direktorunun baş nazirə qarşı radikal mövqedə durduğu məlumdur. O, habelə Rusiyanın adamı sayılır, Vladimir Putinə sədaqəti ilə seçilən Ramzan Kadırovun ən yaxın dostlarındandır. Ancaq Xankəndində separatçı rejimin başçısı Araik Arutunyan onunla görüşdən imtina edib - hərçənd onlar çoxdanın tanışı sayılırlar. Qondarma “prezident”in qondarma “köməkçisi” isə imtinanı görüşün “Ermənistan-”arsax", Paşinyan-Arutunyan münasibətlərinə zərər vura biləcəyi" ilə izah edib.
Bu fakt əslində Paşinyan hakimiyyətinə ictimai etimadın yavaş-yavaş sönməsi fonunda üzü payıza Ermənistanda siyasi ehtirasların pik həddə doğru getdiyinin növbəti təzahürü hesab oluna bilər. Rəsmi Kremlin Ermənistan baş nazirindən davam edən narazılığını da bura əlavə etsək, mənzərə daha aydın təsəvvür edilər. Hərçənd, bu günlərdə Nikol Paşinyan Rusiya ilə yaxşı münasibətlərdə olan keçmiş müdafiə naziri (1999-2000), Bakıda hərbi təhsil almış general-polkovnik Varqaşak Arutunyanı özünə baş məsləhətçi təyin etməklə Moskvaya daha bir reverans edib.
Bəs son təyinat Nikolu Kremlin “ipindən” almağa kömək edə biləcəkmi? Hər halda, zaman göstərəcək...
*****
“Ermənistanda müxalifət qütblərin formalaşması prosesi gedir”.
“Yeni Müsavat”ın məlumatına görə, bu fikri İrəvanda keçirdiyi mətbuat konfransında siyasi texnoloq və analitik Karen Köçəryan söyləyib.
Onun sözlərinə görə, qütblər artıq bu və ya digər şəkildə hiss olunur. “Serj Sərkisyan (müxalif qütblərdən biri - red.) Nikol Paşinyanın hakimiyyəti üçün ən təhlükəli olanı deyil. Vanetsyan, Köçəryan (keçmiş prezident - red.) və Sərkisyan hakimiyyətə qarşı ayrı-ayrılıqda çıxış edəcəklər. Ancaq iqtidar Vanetsyanı ən az müxalifət lideri qismində görmək istəyərdi. Çünki Köçəryan və Sərkisyanın resursları olsa da, cəmiyyət tərəfindən onlara etimad yoxdur. Robert Köçəryan indi əla formadadır, amma cəmiyyət eyni simaları görməkdən bezib. Vanetsyana gəlincə, hakimiyyətin onu sabiqlərlə əlaqələndirməyə çalışmasına rəğmən - onu vəzifəyə Paşinyan təyin edib, artıq bir ildir vəzifədə deyil və Vanetsyan kimi həbs etmişdisə, onların hamısını hakimiyyət azad edib - burada onu ittiham etmək mümkün deyil”, - deyə o qeyd edib.
Erməni təhlilçinin fikrincə, Paşinyanın itirdiyi seçici səsləri Köçəryan və Sərkisyana getmir. “Hakimiyyət təbliğatı cəmiyyətdəki əhvalı bilir və sabiqlərə ictimai münasibət üzərində oynayır. Ancaq əgər 2018-ci ildə Paşinyan nə etsəydi alqışlanırdısa, indi belə deyil”, - deyə o, hazırkı baş nazirin də əvvəlkitək sevilmədiyini vurğulayıb.
Ermənistanda yeni bir inqilabın mümkünlüyünə gəldikdə, siyasi texnoloq praktik olaraq bunu istisna edir. “Ancaq kütləvi bir etiraz mümkündür. 2018-ci ildə baş verənlər çətin ki, təkrarlansın, dəyişikliklər başqa yollarla baş verəcək. Ya yeni seçkilər, ya da 1998-ci ildəki kimi - küçədə yox, daxili saray çevrilişi şəklində olacaq. O vaxt Levon Ter-Petrosyan məhz saray çevrilişi nəticəsində hakimiyyətdən getməli olmuşdu” - erməni ekspert əlavə edib.
*****
Bu yerdə yada salaq ki, Paşinyan vaxtilə Ermənistanın sabiq (1-ci) prezidenti Levon Ter-Petrosyanın rəhbəri olduğu müxalif təşkilatda - Ermənistan Milli Konqresində təmsil olunub. Onu hələ də Ter-Petrosyanın adamı, şagirdi sayanlar kifayət qədərdir. Yeri gəlmişkən, az öncə 1-ci prezident publik şəkildə Paşinyanı koronavirusla bağlı sərt tənqidlərdən müdafiə edən bəyanat yaymışdı.
Ter-Petrosyanın özü isə 1998-ci ildə Moskvanın “dobro”su ilə ovaxtkı baş nazir Robert Köçəryan vasitəsilə prezident kürsüsündən uzaqlaşdırılmışdı. Çünki o, Dağlıq Qarabağ məsələsində Azərbaycanla mərhələli həll planına tərəfdar idi. Plana əsasən, regionun yekun statusu sonraya saxlanılır, heç bir referendum nəzərdə tutulmurdu. Bu isə Rusiyanı qane etmirdi, ona görə ki, o halda Moskvanın Azərbaycan və Ermənistana əsas təsir və təzyiq rıçaqı əldən çıxacaqdı. Sonrası məlumdur.
Doğrudur, Nikol Paşinyan öz keçmiş patronundan fərqli olaraq, ölkə rəhbəri kimi Qarabağ məsələsində pozitiv və konstruktiv mövqe sərgiləmir, əksinə, verdiyi absurd və sərsəm bəyanatlarla konfliktin dinc həllini daha qəlizə salıb. Bir yandan, belə vəziyyət, yəni nə hərb, nə sülh durumu Kremə əl verir. Başqa bir yandan, Kremli öz komandasını əsasən “sorosçu”lardan təşkil edən erməni baş nazirindən narazıdır, ona etimad göstərmir, onu gizli qərbçi sayır və tezliklə ondan qurtulmağın yolunu axtarır. Həm də o səbəbə ki, məhz Nikol Paşinyan dönəmində Ermənistanda anti-Rusiya ovqatı xeyli güclənib. Ölkədə Rusiya atributları, rus dili və mədəniyyəti sıxışdırlmağa başlayıb, son olaraq, Rusiya telekanallarının Ermənistanda yayımı dayandırılıb.
*****
Saray çevrilişinə gəlincə, Ermənistan baş nazirinin bu xüsusda olduqca zəif bir yeri var. Bu da odur ki, Nikol Paşinyanı xalq yox, parlament baş nazir seçib. Demək, parlament çoxluğunu ələ almaqla, onu məqbul bir zamanda başqa birisi ilə əvəzləmək mümkündür.
Zatən sabiq baş nazir Serj Sərkisyan da kütlənin təzyiqi altında - 2018-ci ilin mayın 8-də hakimiyyətdən elə bu cür uzaqlaşdırılıb. O zaman parlamentdə Sərkisyanın rəhbəri olduğu Pespublikaçılar Partiyasının deputatları mütləq üstünlükdə idilər. Lakin bu, Sərkisyanın baş nazir kürsüsündən devrilməsinə əngəl ola bilmədi.
Eyni aqibəti Paşinyan da yaşaya bilər. Bir şərtlə ki, onun cəmiyyətdəki reytinqi, daha dəqiqi, anti-reytinqi buna imkan versin. Şübhə yox ki, Moskvada da elə bunu gözləyirlər...
“Yeni Müsavat”