Bulvarda oyun meydançası pulludur? - AÇIQLAMA
Sosial şəbəkələrdə Dənizkənarı Milli Parkda vətəndaşların istirahəti üçün nəzərdə tutulan stadionun pullu olması barədə məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın ərazisində həndbol və basketbol oynamaq üçün nəzərdə tutulan meydançalara görə vətəndaşlardan pul tələb olunur.
Belə ki, Səbail rayonu, 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz parkda idman həvəskarları anlaşılmaz vəziyyətlə üzləşib. Parkda basketbol və həndbol meydançaları var.
Bunlardan istifadə, əslində, pulsuzdur, amma ərazinin baxıcıları axşam saatlarında meydançaları işıqlandırmaq üçün ödəniş tələb edirlər. Hər meydana görə 1 saat üçün 5 manat istəyirlər. Guya rəhbərlik onlara işığa qənaət etməyi tapşırıb, həmçinin sərf olunan işığın xərci ödənilməlidir.
Məlumata görə, axşam saatlarında idman meydançalarından birində işıq yanır, birində yox.
Qaranlıq yerdə pul verməyənlər, işıqlı yerdə pul verənlər oynayır.
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı isə Trend-ə bildirib ki, adıçəkilən yer bulvar ərazisi deyil:
“Həmin park bulvara aid deyil, sözügedən ərazi yolun o biri tərəfində olan parka aiddir”.