Ermənistan yolu ilə Qarabağa PKK-çılar daşınır - yeni faktlar
Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz köçürmələri davam etdirir. Rəsmi Bakının etirazlarına, beynəlxalq aləmə çağırışlarına baxmayaraq, İrəvan özünün məkrli siyasətindən əl çəkmir. Heç şübhəsiz ki, Ermənistanın beynəlxalq hüququ pozmasına, həmçinin müharibə cinayətləri törətməsinə elə beynəlxalq təşkilatların və aparıcı paytaxtların ikili standartları stimul verir.
Budur, erməni mediası Livandan köçürülmələrlə bağlı manşetlərdən növbəti yazılar paylaşıb. “Yeni Müsavat” Ermənistan mətbuatına istinadən xəbər verir ki, 4 avqustda baş verən Beyrut partlayışından sonra 1200 Livan ermənisi işğalçı ölkəyə gətirilib. Onların 1100 nəfərinin Ermənistana “daimi yaşamaq üçün” köçdükləri vurğulanır. Bunu diaspor işləri üzrə baş komissar Zare Sinanyanın ofisindən də təsdiqləyiblər. Məlumata görə, Ermənistana gəlmiş daha 100 erməni isə arvad-uşağını gətirmək üçün Livana qayıdıb. İddia olunur ki, bir sıra livanlı ermənilərə mənzil verilib, ancaq digərləri dostlarının və qohumlarının yanında yaşayırlar. Livandan köçürülmüş ermənilərin təkcə paytaxt İrəvanda deyil, bölgələrdə də yaşadıqlarını iddia edən erməni mətbuatı işğal altındakı Dağlıq Qarabağa cəmi 9 ailənin köçürüldüyünü yazıb. Şuşaya iki ailənin həmişəlik köçdüyünü Z.Sinanyan da təsdiqləyib. Bildirib ki, digərlərinin köçürülməsi ilə bağlı da proses gedir.
Qeyd edək ki, avqust partlayışında Livanın ermənilər yaşayan məhəlləsinin zərər çəkməsi Ermənistanın əlinə əlavə fürsət verib. Belə ki, dərhal erməni diasporu hərəkətə keçərək ermənilərin Ermənistana köçürülməsi təşəbbüsünü irəli sürdülər. Lakin heç kəsə sirr deyil ki, əslində “erməni ailələri” adı altında Livandakı ASALA terror təşkilatının üzvlərinin Ermənistan vasitəsilə işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi planı həyata keçirilir. Suriya, İraq və Livandan gətirilmiş ermənilərin, o cümlədən PKK, PYD, ASALA terrorçu təşkilatlarının Qarabağda təlimlər keçməsi və Azərbaycanla döyüşə hazırlaşdığı barədə artıq Türkiyə, Rusiya, Misir və digər ölkələrin nüfuzlu media orqanları da xəbərlər hazırlayıblar. Ermənistan və onun xaricdəki havadarları isə diqqəti bu xain plandan yayındırmaq üçün ərəb ölkələrindən terrorçuların guya Azərbaycana gətirildiyi barədə absurd iddiaları dövriyyəyə buraxırlar. Elə bugünlərdə Rusiya mediasında bununla bağlı yazının yer alması da təbii ki, ermənilərin maraqlarına xidmət edir.
Ancaq həqiqətin nədən ibarət olduğu artıq hər kəsə məlumdur və onu gizlətmək mümkün deyil. Türkiyənin “Cümhuriyet” qəzeti PKK-çıların Qarabağa gətirilməsi barədə məlumatları yaydıqdan sonra qardaş ölkənin daha bir media orqanı Cənubi Qafqazı terrorçuların yuvasına çevirmək istəyənlərin planlarından bəhs edib.
Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib. Bu haqda Türkiyə mətbuatı yazır. Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulmuşdu. Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan “Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin briqadanın bir batalyonu-250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib.
Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan briqada 2019-cu ilin aprelində, qondarma “soyqırım” ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni briqadası Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşmüşdü. Virtualaz.org xatırladır ki, bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlayıb.
Artıq o da şübhə doğurmur ki, Qarabağa terrorçu şəbəkələrin ayaq açması təkcə Ermənistanın özfəaliyyətinin məntiqi nəticəsi deyil. Burada iri oyunçuların əli və maraqları var. Ərəb ölkələrində onların əlində maşa rolunu oynayan terror qruplaşmaları indi də Qarabağ bölgəsində hansısa maraqların icrasında vasitəyə çevrilə bilər. Suriya, İraq ərazilərində “PKK dəhlizi” yaratmaq üçün uzun illər cəhdlər göstərənlərin planlarını Türkiyə qəti mövqeyi ilə pozdu, bu gün həmin beynəlxalq oyunçular Azərbaycan ərazisində növbəti projeni həyata keçirmək istəyirlər. Əslində Ermənistan yolu ilə daşınan terrorçular həm də Türkiyəyə qarşı təhdiddir, çünki qardaş ölkənin Ermənistan sərhədlərində də hər an gərginlik yarana bilər. İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları yenilik deyil...
İşğalçı ölkəyə və Qarabağ separatçılarına həmsədr Fransanın dəstəyi barədə daha bir misal. Fransanın növbəti şəhərində Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejimin qanunsuz “bayrağ”ı, əslində əski parçası qaldırılıb. Özü də bu həyasız davranış ermənilərin özləri tərəfindən deyil, bilavasitə həmin şəhərin meri tərəfindən icra edilib. Moderator.az Rusiya mediasına istinadla verdiyi xəbərdən bəlli olur ki, söhbət Burq-le-Valans şəhərinin meri Marlen Muryedən gedir. Bu fransız qadın qondarma rejimin “atribut”unu bələdiyyə binasının həyətində, yəni öz ofisi qarşısında yerləşdirib. Fransada yaşayan azərbaycanlılar bu haqsızlığa etiraz edib. 3 soydaşımız bələdiyyə binasına daxil olaraq ermənilərin əski parçasının endirilməsini tələb edib. Fransız mer isə həyasızlığında daha irəli gedərək separatçı qurumun bayrağını “quraşdırdığı üçün ünvanına gələn təhdidlərdən danışıb”. Murye ermənilərin əski parçasını bir neçə digər bayrağın fonunda fotoda yerləşdirərək “Bura sizin üçün Azərbaycan deyil və burada hansı qanunların və əmrlərin olacağına qərar vermək sizin işiniz deyil” - yazıb. Xatırladaq ki, avqust ayının sonunda Fransanın Lil şəhərindəki bir parkda da işğalçı Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin “bayrağı” da sancılmışdı. Onu da əlavə edək ki, bu, Burq-le-Valans şəhəri merinin ilk belə anti-Azərbaycan addımı deyil. Məsələ burasındadır ki, hələ 2014-cü ildə bir sıra digər Fransa şəhər merləri kimi, həmin ermənipərəst Marlen Murye də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal altındakı Şuşa şəhəri ilə Burq-le-Valans arasında “dostluq haqqında bəyanat” imzalayıb. O zaman Azərbaycan XİN buna etiraz etsə də, heç bir faydası olmayıb.
Öz ərazisində Qarabağ separatçılarının “bayrağını”-əski parçasını qaldıran dövlət terrorçuların Azərbaycana qarşı səfərbər olunmasına da dəstək verər, heç şübhəsiz...Tovuz hadisələrinin arxasında üçüncü dövlətlərin, o cümlədən Rusiya və Fransanın dayandığı barədə də məlumatlar var idi.
Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov “Yeni Müsavat”a dedi ki, biz 2018-ci ildən bu yana tamamilə açıq şəkildə Ermənistan rəhbərliyinin bütün etik normaları pozduğununun, beynəlxalq hüquqla hesablaşmadıqlarının şahidiyik: “Bugünlərdə Prezidentin köməkçisinin tutarlı və arqumentli şəkildə beynəlxalq qanunların pozulmasına istinadlarla şəklində ermənilər tərəfindən işğal altındakı torpaqlara qeyri-qanuni olaraq soydaşlarının köçürülməsi haqqında çıxışını izlədik. Həmin çıxış kifayət qədər vacib məqamlarla dolu idi. Ermənistan danışıqların dayandığı bir vaxtda belə köçürmə siyasəti aparmaqla öz işğalçılıq planını davam etdirməkdədir. Burada xüsusilə vurğulamaq lazımdır kı, son zamanlar Ermənistan rəhbərliyinin çirkin oyunlarının intensivləşməsinə səbəb həm də beynəlxalq ictimaiyyətin susqunluğudur. Həmsədr dövlətlərin heç bir etirazı ilə qarşılaşmayan İrəvan bununla da arxayınlaşaraq provokativ addımlarını çoxaldacaq. İşğal altındakı torpaqlara təkcə mülki əhali deyil, eyni zamanda Yaxın Şərqdə təcrübə keçmiş erməni terrorçular köçürülməkdədir”. Z.Məmmədov beynəlxalq təşkilatların sükutunu anlaşılmaz sayır: “Hanı ATƏTin faktaraşdırıcı missiyası, nə baş verir? Belə çıxır kı, beynəlxalq güclər regionda öz geosiyasi oyunlarının həyata keçirilməsi üçün müharibənin başlanmasında maraqlıdırlar. Rusiya, İran, ABŞ, Fransa, Britaniya üçün Azərbaycan və Ermənistan arasında başlayacaq müharibə nə vəd edir?” Politoloq qeyd etdi ki, Ermənistan müharibə hazırlığındadır: “Azərbaycanın isə beynəlxalq hüququn şərtlərini ön tutaraq, öz ərazilərini yad hərbi birləşmələrdən təmizləmək hüququ var. Əmin olaq kı, qarşımızda iki yol var. Hadisələr göstərir ki, bizə qarşı hücuma hücumla cavab vermək lazım gələcək”. Bəs Türkiyə və Azərbaycan, ümumiyyətlə, bölgəni təhdid edən PKK-ASALA terroruna qarşı birgə hərəkətə keçsə, Qarabağdakı terrorçu şəbəkələrin məhv edilməsi istiqamətində hərbi əməliyyatlar keçirə bilərlərmi?
Z.Məmmədov: “Türkiyə və Azərbaycan regionda baş verənlərin fərqindədirlər, bunun da nəticəsi olaraq hər iki dövlət çağırışlara qarşı birlikdə addımlar atacaq. Hər zaman da Ankara və Bakı bir şəkildə Ermənistana qarşı çıxış edirdilər. Lakin indi vəziyyətin daha da ciddi xarakter alması artıq Ankaranın hərbi əməliyyatlar zamanı Azərbaycanla birgə olacağına gətirib çıxarıb”.
Beləliklə, vəziyyət gündən-günə ciddiləşir. Suriya, İraq, Livan və digər ölkələrdə, həmçinin Türkiyədə insanlıqdan kənar əməllərə imza atan, günahsız insanların qatilləri Azərbaycanın nəzarətsiz ərazilərinə doluşmaqdadır. Təhlükənin miqyası böyüyür və qarşısı alınmasa, sonra gec ola bilər. Şübhə etmirik ki, Bakı və Ankaranın hərbi-siyasi rəhbərliyinin müzakirə masasında Qarabağdakı PKK-ASALA terrorçularının məhvi planı da var... //musavat.com//