Pandemiyanın payız “sürprizləri” olacaqmı?
Bu ilin geridə qoyduğumuz bahar və yay aylarında dünyanı qorxuya salan koronavirusla mübarizə tədbirlərinin həyatımızda nə qədər
dəyişikliklərə səbəb olduğunun şahidi olduq. İnsanların bir yerə
toplaşmasının, bir-biri ilə ünsiyyətdə olmasının qarşısı alındı. Artıq indi
payız fəslidir. Təbiətdə iqlim dəyişkənliyi prosesi baş verir. Hələ bir
neçə ay əvvəl dünyada, eləcə də ölkəmizdə payız-qış aylarında
koronavirusun növbəti dalğasının olacağı kimi fikirlər səsləndirilirdi.
Xəstəliyin ikinci dalğasının - sentyabr-noyabr ayları ərzində meydana
gələcək dalğasının indikindən daha riskli olacağı iddiaları da
mövcuddur. Mütəxəssislərin qənaətinə görə, oktyabr ayında
koronavirusun ikinci dalğasının yaranması ilə bağlı müxtəlif elmi
mülahizələr var. Belə ki, insanlar da adətən payız aylarında qrip virusi
və digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına
oxşardır.
Dünyada COVID-19 pandemiyasının yenidən alovlanması ilə bağlı
faktlar qeydə alınır. Sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda
xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq
etməyə başlayırlar. Alabama Universitetinin İnfeksion Xəstəliklər
Departamentinin direktoru Coanna Marazzonun sözlərinə görə,
yoluxma sayının artmasına səbəb insanların epidemiya ilə bağlı
məhdudiyyətlərdən bezməsidir. Departament rəhbəri virusun fəaliyyəti,
yayılma qabiliyyəti barədə saxta və ziddiyyətli mesajların da yoluxma
sayının artmasında böyük rol oynadığını qeyd edib.
Digər ölkələrlə müqayisədə Azərbaycanda epidemioloji vəziyyət tam
nəzarət altındadır, yoluxanlarla sağalanların nisbətindəki müsbət
dinamika müşahidə olunur. Lakin pandemiya bir qədər geri çəkilsə də,
ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Sentyabrın birinci
yarsında məktəblərin açılması, oktyabrın 1-dən uşaq bağçalarının
fəaliyyətə başlamasının nəzərdə tutulması təhsil və məktəbəqədər
təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma
tələb edir.
Mütəxəssislər hesab edirlər ki, indiyə qədər ölkəmizdə həyata keçirilən
pandemiya ilə bağlı mübarizə tədbirləri davam etdirilməlidir. Qaydalara
nə qədər əməl olunarsa, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi
etibarlı təmin edə bilərik. İndi başlıca məqsəd son aylar pandemiya ilə
mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub
saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalıdır və nəzərə almaq
lazımdır ki, yumşaldılmış karantin şərtləri təhlükənin artıq ardan
qalxması anlamına gəlmir.
COVID-19 virusunun da payız aylarında təhlükəsinin qarşısını almaq
üçün mütəxəssislərin fikrincə, bu istiqamətdə mövcud tövsiyələrə əməl
olunmalı və həftənin şənbə və bazar günlərində ictimai nəqliyyat
dayandırılması davam etməlidir. Eləcə də koronavirus pandemiyasına
qarşı mübarizədə qayda-qanunlara düzgün əməl olunması günümüzün
ən vacib tələblərdən olmalıdır. Çünki sosial məsuliyyət hiss etmədən də
əldə olunan nailiyyətə çatmaq olmaz. Ölkəmizdə pandemiya nə qədər
nəzarət altına alınarsa, payız və qış mövsümlərində bir o qədər də
yoluxma dalğası ilə az üzləşərik.
Burada iş yerlərində sanitar-epidemioloji qaydalara riayət məsələsi də
çox önəmlidir. Həmin qaydalara əməl edilsə, pandemiyanın
güclənməsinin qarşısını ala bilərik.Hər kəs bilməlidir ki, əldə olunmuş
müsbət dinamika itiriləcəyi və koronavirusa yoluxmanın miqyası
genişlənəcəyi təqdirdə, yeni məhdudiyyətlərin tətbiqi qaçılmaz olacaq.
Hamımız yaxşı bilirik ki, bu gün üçün yeganə etibarlı qorunma üsulu
olan üç əsas amilə - maska taxmağa, sosial məsafə saxlamağa və
gigiyena qaydalarına əməl etmək lazımdır. Arzu edirik ki, payızdan
sonra pandemiyanın “ömrünə” şaxtalı-çovğunlu qışın gəlişi birdəfəlik
son qoysun...
Nurəddin MUĞANLI