Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əks-hücum əməliyyatlarına başlayıb.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O, Xarici İşlər, Müdafiə nazirliklərinin nümayəndələrinin Milli Məclisə dəvət olunmasını və qapalı iclas keçirilməsini təklif edib:
“Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığı xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük.
Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənistan neçə illərdir bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə də çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.