AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

  • + A
  • - A
  • 2-10-2020, 12:01


    Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib.

    AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:

    “İlk növbədə, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

    Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur.

    Bu xain hücum nəticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

    Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Ancaq ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan layiqli cavabını almışdır.

    Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu.

    Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə münasibətdə sərgilədiyi saymamazlığı bir daha nümayiş etdirdi.

    Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir.

    Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir.

    BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlarımızdan çıxarılmasını tələb edir.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

    Bir daha Azərbaycanın haqq işinə göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR