Əli Əsədov operativ qərargahın üzvlərini topladı
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında operativ qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirəsi keçirilib.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.
Baş nazir Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır.
Baş nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.
Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər.
Müşavirədə bütün qrumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.
Müşavirədən sonra Baş nazir Əli Əsədov məsələ ilə bağlı vətəndaşlara müraciət edib.