AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova: “Bəzi güclər Azərbaycana qarşı Ermənistandan istifadə edirlər”

  • + A
  • - A
  • 26-10-2020, 18:19

    Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” Qəzetinə müsahibə verib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, sədr, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxslərinin, həm də xalqın açıq və birbaşa olaraq ölkəmizə dəstək verdiyini bildirib.

    Müsahibədə vurğulanıb ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiya tərəfindən Azərbaycanın haqlı davasına verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir və bu dəstəyə görə spiker həm öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Cümhuriyyətinə, TBMM-ə və parlament üzvlərinə minnətdarlığını bildirib.

    Sədr diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin burada, Azərbaycanda olduğunu bilir və hər bir Azərbaycan vətəndaşının da qəlbi çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür.

    Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir:

    “Terror yalnız Gəncəyə təcavüzlə başlamadı. Terror ilk qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb”.

    Sədr onu da əlavə edib ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan dörd ölkədən üçünə qarşı torpaq iddiası irəli sürür:

    “Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi kimi həmin güclərə xidmət edir”.

    S.Qafarova qeyd edib ki, hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür:

    “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri iki saat ərzində icra edildiyi halda Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində də “Ermənilər Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT TŞ-nin 4 qətnaməsinin icrasını təmin edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR