AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir kəndin tarixcəsi

  • + A
  • - A
  • 3-02-2021, 09:19


    Osman Məmmədov

    Şimal-qərb bölgəsində, Şəki rayon Baş Göynük ərazi-inzibati dairəsində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində çox qədim bir kənd var. Söhbət istər mədəni tarixi, istər cari dövrün nailiyyətlərinə görə təkcə Azərbaycana deyil, Qardaş Türkiyə Cümhuriyyətinə də səs sala bilmiş Şabalıd kəndindən gedir.

    O Şabalıd ki, 18-ci əsrin əvvəllərinə qədər, Dərə adı ilə tanınmış(qeyd edim ki, bu ad xalq etimoligiyasina görə də öz təsdiqini tapmışdır), sonradan,18-ci əsrin 1-ci yarısında bir neçə türkləşmiş seyid ailələrinin Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Dərə kəndinə də maarifləndirmə məqsədilə göndərilməsi, məskunlaşdırılması Dərə adının dəyişərək, ərəb və ya arami dillərindən keçən Şah Balut(Şah Palıd) formasını almışdır. Sonrakı illərdə çar Rusiyası dönəmində adın qarşısındakı və kəndin əzəmətini məntiqi olaraq ortaya qoyan Şah sözü görünür,bədxahlarımızın qıcığına və qısqanc yanaşmasına səbəb olmuş və bu üzdən də indiki Şabalıd halına uyğunlaşdırılmışdır, təhrif edilmişdir. Azərbaycanın hər yerində şabalid ağacını və ya meyvəsini tanımayan, dadmayan yoxdur. Əslində isə şabalid sözünün özü elə şah palıd sözüdür. Böyük ehtimalla,bu sözün təhrif olunması bir kəndin adının təhrif olunması naminə edilmişdir. Səbəb isə aydındır...

    Onu xatırlatmaq yerinə düşər ki, son illərdə üzə çıxarılan və ictimaiyyətə çatdırılan,araşdırmaçı-yazar Ramiz Orsər tərəfindən işıq üzü görmüş(Salman Mümtazın arxiv materialları əsasında) Şah Paludlu şair Molla Yusif Racinin yazdığı bir bənd şeir dediklərimizi təsdiq və isbat etmiş olur. Həmin Raci ki, Şəki xanı Hüseyn Xan Müştaqın yaxın dostu olmuş,sarayın əksər mədəni-kütləvi tədbirlərində yaxından iştirak eləmiş, söz sahibi olmuşdur.
    Sizlərə Hüseyn Xan Müştaqla Şahpalıdlı Molla Yusif Racinin kiçik bir dialoqundan parçanı olduğu kimi veririk:
    H.X.Müştaq:_Raci,bele dərdi şeirlə deyərlər.

    Şəkili Raci(kövrələ-kövrələ):

    Aşkar oldu mənim dərdi-pünhanım,

    Evc etdi fələkə ahü əfqanım,

    Raciyəm,hicrində üzüldü canım,

    Aman Allah,yar əyləndi, gəlmədi!

    Mətləbə keçək:
    Çox boylu, çox soylu Türk Millətinin əsas qolu olan Oğuzların Kınık boyundan gəlmiş bu günkü Şabalıd İnsanı çoxəsrlik, keşməkeşli, ağrılı-acılı, qanlı-qadalı, eyni zamanda şanlı-şərəfli, ləyaqətli tarix yaşamışdır(yazmışdır).

    Hələ 18-ci əsrin sonlarından üzü bu yana olan tarixi götürsək və incələsək bu kənd, Böyük Coğrafiyada özünə məxsus izlərini bu günümüzə qədər saxlaya bilmişdir. Bütün məlumatların öz dəqiq əksini tapdığı mənbə olaraq AMEA-nın Tarix İnstitunun rəhbərliyi ilə bir qrup alimin qələmə aldığı "Göynük Hərəkatı" kitabına istinad eləmək olar(Bilmədiyimiz səbəblərdən adı gedən kitabın rəsmi təqdimatı indiyə qədər keçirilməyib və öz oxucusunu tapmayıb). Dediklərimizin əksəriyyəti bu kitaba istinadən veriləcək.

    Hələ 19-cu əsrdə Cənubi Qafqazda Çar Rusiyası dönəmində baş vermiş bir neçə üsyanın aparıcı ideoloji rəhbərlərindən mütləq və mütləq, ən azı biri bu kənddən olmuşdur. Misal olaraq Sofi Ağa Muğlanı, Yüzbaşı Sultan Muradı,Şeyx Əhmədi göstərmək olar.

    Hətta Böyük Şeyx Şamil özü Şabalıdlı övliya Şeyx Əhmədin muridlərindən biri olmuşdur(müridizim hərəkatı). Bu üsyankar(ədalət naminə mübarizə və mücadilə) ənənə 20-ci əsrin 30-ci illərində də özünü Şeyx oğlu Molla Mustafanın rəhbərliyi ilə göstərmişdir. Belə ki,bu milli mübarizə Şura Hökumətinin Azərbaycanda Cümhuriyyəti qəsb etməsinə etiraz olaraq 10 ilə yaxın,yenə də Molla Mustafanın rəhbərliyi ilə davam etmişdir. Əksər üsyan rəhbərləri həmin dövrlərdə Azərbaycanın xilaskarı kimi tanıdığımız Nuru Paşa ilə məxfi olaraq, sıx-sıx görüşlər təşkil eləmişdir. Bu, Azərbaycanda hakim kəsilmiş cari rejimə olan nifrətin həm Azerbaycanda həm də hələ Osmanlının varisi olan Türk Cümhuriyyətində eyni milli məfkurəyə sahib olduğumuzu göstərir.

    Kənd təkcə müharibədə və üsyanlarda deyil, həm də mədəni-maddi-elmi istiqamətlərdən də özünü təsdiq eləmişdir.
    Məsələn,kənddə olan 10-larla və müxtəlif dövrləri əhatə edən(qəbirlərin müxtəlif istiqamətli və dəfn üslubu ilə fərqlənən) məzarlıqlar, ziyarətgahlar, inanc yerləri kəndin nə qədər qədim və zəngin tarixə mənsub olduğunun göstəricisidir.

    Bunlardan əyani olaraq göstərə biləcəyimiz "Ocaq Yanı", "Yel Baba", "Bikəqız Nənə"(el dilində Biçəğız, Əskidüyülən kimi də adlandırılır, hansı ki,niyyət tutaraq müqəddəs saydıqları ağaclara əski parçaları, saplar baglayarlarmış.

    P.S: Əslində bu,xurafi və təsadüfi xarakter daşımır. Belə ki, şəxsi araşdırmalarımda və tarixi mənbələrdə rast gəlinən Oguzun Kayı-Kınık boyları yeni fəth elədikləri yerlərdə, yüksəkdə yerləşən, ən əzəmətli ağaca parça baglayırlarmış),"İsitmə"(İsitmə bulağındann əvvələr çox yayğın və qorxulu xəstəlik olan isitmə xəstəliyinin çarəsi kimi istifadə eləmişlər. Bu sudan təmizliyinə və buz xarakterinə görə ard-arda 2-3 qurtum almaq qeyri-mümkündür),"Dağdağan Bulağı", "Taxtalı Bulaq", bu gün də mahiyyətini qoruyan Övliya "Şeyx Əhməd Məqbərəsi"(və ya ziyarətgahı),məqbərənin yaxınlığında yerləşən,yarı uçunmuş vəziyyətdə, keçmişimizə ayna tutan "Alban Məbədi" və s.dir.

    Bir neçə kənd adamı dağ ətəklərini qazaraq içməli su xətti çəkərkən, qəribə formalı, nisbətən böyük ölçülü daşa rast gəlir. Ətrafını qazaraq tamamilə aşkara cixardiqda qarşılarında insanı andıran, heykələ bənzər görünüş diqqətlərini çəkir. Digər kənd adamlarının köməyi ilə daş kəndin mərkəzinə gətirilir. Qısa müddətdə bu daşın(hələlik daş) sorağı hər yana yayılır. Televiziya çəkilişləri, mütəxəssislərin müdaxiləsi ilə daşın, əslində qədim tarixə malik olan(bir neçə min il əvvəlki dövrə təsadüf edən), Tanrıya ibadət edən Türk qadınının heykəli olduğu versiyası üzə çıxır. Təəssüf ki, nədənsə daşın və tapıldığı ərazinin geniş miqyasda araşdırılacağına verilən vədlər özünü doğrultmadı. Zamanında bölgəmizə ezam olunmuş jurnalist həmkarım Şamil Şamilov ilə birlikdə Şəkinin o zamankı icra başçısı Əşrəf Məmmədov, rəhmətlik Bəxtiyar Vahabzadə, sabiq millət vəkili, dostum Natiq Rəsulovla bir neçə dəfə müzakirə etmişik və biz bunu kənd əhalisinin təkidlə xahişinə görə eləmişdik...

    Kənd sakinləri əcdadlarının insanı keyfiyyətlərini, zəngin mədəniyyətini, əxlaqi münasibətlərini hələ də qoruyub saxlayır. Tərkibindəki əhalinin hamısının bir-birilə qohumluq(qudalıq) əlaqəsinin olması dediklərimizi bir daha sübuta yetirir.

    Yaşadılan ənənələrdən, ev tikənin evini hamılıqla təmənnasız tikmələri, xeyir-şər məclislərində birlik(iməcilik) olmaları, kəndə xam adamlar gələrkən onu qonaq eləmeləri,sözünü çəkinmədən demələrini(əski dillə Cabbarı. Bu kəndin öz şivəsi, dialektologiyası araşdırılmasına zəruri ehtiyacı olan məsələdir və bu istiqamətdə təxirəsalınmaz işlər görülməlidir) göstərmək olar.

    Növbəti dəfə 19-cu əsrin sonlarında bu kəndin bir çox insanı, Göynüklülərlə birləşib, Çar Rusiyasının təqiblərindən qaçaraq Türkiyəyə sığınmış, orada məskunlaşmış və az qala qəsəbə ola biləcək böyük bir Akhan adlı kənd salaraq(hazırda 10.000-dən çox nüfusu olan) tariximizi daha da zənginləşdirmiş, qardaş Türkiyənin bizlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoymuşdur.Onlar Qardas Turkiyenin tarixinde cox muhum - mustesna ehemiyyete malik Canaqqala ve Istiqlal savaslarinda da canlarini, mallarini esirgemeyibler. (Bu gun Haci Gulunun, Haci Ismailin, Haci Mesimin, Haci Mahmudun, Haci Semedin ve onlarla diger Sabalid kokenli insanlarin soyunu dasiyan Turkiye, Almaniya ve s. olkelerin vetendaslarini taniyiriq). Hal-hazırda həmin kəndin muxtarı(icra nümayəndəsi) Şabalıd kokenli Orhan Gencdir.

    Yeri gəlmişkən,Göynük və Şabalıd əhalisi adından hər bir Akhanlını salamlayır, bağrımıza basırıq. Və inanırıq ki, hər iki tərəfin arzusu və təşəbbüsü ilə bu əməkdaşlıq, qohumluq, dayanışma sonsuza qədər mütərəqqi formada davam edəcəkdir.

    Qonşu və böyük olan digər kəndlərə nisbətən hər il DİM tərəfindən keçirilən qəbul imtahanlarında daha yüksək nəticələr göstərməsi kəndin elmi potensialını əks etdirir.

    Hazırda dünyanın bir çox ölkələrinə əhəmiyyətli dərəcədə, məsul ziyalı töhfəsi vermişdir və verməkdədir. Ərazi və əhalicə kiçik olmasına baxmayaraq, alimi, həkimi, şairi, jurnalisti, mühəndisi, çox sayda tanınmış müəllimi, şəhidi, qazisi, tarixçisi və digər sahələrin mütəxəssisi vardır.
    Bu kəndin keyfiyyət göstəriciləri heç də yuxarıdakılarla məhdudlaşmır. Sanki Allah Özü bu kəndi ciddi nəzarətində saxlayır. Belə ki, zəngin və saf təbiət, turizim imkanları, flora və fauna zənginliyi, çeşidli bulaqları(süxurlardan süzülən, qaynayan), sıx meşəlikləri,uca dağları, qışı, yazı, yayı, payızı, bütün digər keyfiyyətləri və insanları ilə bənzərsiz harmoniya təşkil edir. Bu isə Allahın kəndimizə lütfüdür.

    Ənənəmizə sadiq qalaraq kəndimiz və hər bir nümayəndəsi ilə fəxr edək, qürur duyaq, yazaq, yaradaq, yaşadaq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR