Bu gün Qarabağ və Neftçi komandaları üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
İlk matç Sumqayıtda gerçəkləşəcək.
Şəhərin eyniadlı komandası kubokda mübarizədən kənarlaşdırdığı "Səbail"i qəbul edəcək. Paytaxt klubu 14 oyundan sonra 13 xalla 6-8-ci yerləri bölüşdürür. "Gənclik şəhəri" təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb.
Komandalar Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Hər iki kollektiv 5 dəfə meydanı 3 xalla tərk edib. İki görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində "Səbail" minimal üstünlüyə sahibdir - 12:11. “Sumqayıt” rəqibinə qarşı son üç oyunda meydanı qolsuz tərk etməyib. Qonaqlar səfərdəki son üç matçda qol vurmağı bacarıb.
Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutacaq. Son ölkə çempionu "Qarabağ" ən yaxın izləyicisi olan "Neftçi"ni qəbul edəcək. Ağdam klubu 29 xalla liderdir, flaqman isə rəqibindən 2 xal geri qalır. Meydan sahiblərində zədəli Filip Ozobiç, qonaqlarda kollektivə gec qoşulan Yusuf Laval meydana çıxmayacaq. Komandalar Azərbaycan çempionatlarında 81 dəfə qarşılaşıblar. 30 oyunda "köhlən atlar", 21-də isə "ağ-qaralar" qələbə qazanıb. 30 qarşılaşmada bərabərlik qeydə alınıb. Topların fərqində də "Qarabağ"ın aşkar üstünlüyü var - 91:73. "Qarabağ" çempionatda rəqibinə qarşı son 5 oyunun yalnız birində qol buraxıb. “Neftçi” isə son 7 matçda bir qələbə qazana bilib.
Azərbaycan Premyer Liqası, XV tur
3 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt, "Kapital Bank Arena"
18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, XV turun digər iki oyunu fevralın 14-də olacaq. "Qəbələ" "Keşlə"ni, "Zirə" "Sabah"ı qəbul edəcək.