Məşhur Məmmədov,
Milli Məclisin deputatıNassim Nikolas Talebin Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsi ilə bağlı “X” sosial şəbəkəsində verdiyi son ictimai bəyanata münasibət fonunda türk əsilli amerikalı mühəndis və tədqiqatçı Ergün Kırlıkovalı dünya şöhrətli yazıçıya açıq məktub ünvanlayıb.
Ünvanlanan açıq məktub iki intellektual arasında polemika ilə yanaşı, uzun illərdir Ruben Vardanyan ətrafında yaradılmış "xeyriyyəçi", "humanist" və "ictimai xadim" obrazının arxasında gizlənən siyasi və maliyyə reallıqlarına diqqət çəkən mühüm çağırışdır.
Taleb öz əsərlərində "narrativlərin təhlükəsi", "qara qu quşu" və "aldadıcı qənaətlər" barədə çox yazıb. Lakin görünən odur ki, Ruben Vardanyan məsələsində həmin tənqidi yanaşmanı tətbiq etməyib. Halbuki Vardanyanın fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik mühiti üçün ciddi narahatlıqlar yaradıb.
Ruben Vardanyan illərlə Rusiyanın maliyyə sistemində fəaliyyət göstərən oliqarxlardan biri kimi tanınıb. Onun adı beynəlxalq araşdırmalarda "Troika Laundromat" kimi tanınan milyardlarla dolların müxtəlif ofşor şirkətlər vasitəsilə hərəkət etdirildiyi maliyyə şəbəkəsində hallanıb. Bu faktlar beynəlxalq media və araşdırma platformalarında geniş işıqlandırılıb və Vardanyanın "sadəcə xeyriyyəçi" olduğu barədə təsəvvürü ciddi şəkildə fiaskoya uğradıb.
Azərbaycan üçün məsələ yalnız maliyyə qalmaqalları ilə məhdudlaşmır. Ruben Vardanyanın qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə gətirilməsi bölgədə sülh prosesinə ciddi zərbə vurdu. O, özünü qondarma rejimin "dövlət naziri" kimi təqdim edərək separatçı strukturların fəaliyyətini legitimləşdirməyə çalışdı. Bu dövrdə qanunsuz silahlı dəstələrin saxlanılması, Azərbaycanın suverenliyinə qarşı açıq çağırışlar və reinteqrasiya prosesinə maneələr daha da artdı.
Vardanyan beynəlxalq mediada dəfələrlə Azərbaycan əleyhinə dezinformasiyalar yayaraq guya Qarabağ ermənilərinin "blokada" və "humanitar fəlakət" yaşadığı barədə kampaniyanın əsas simalarından birinə çevrildi. Halbuki sonradan beynəlxalq müşahidələr və faktlar bu iddiaların əhəmiyyətli hissəsinin siyasi manipulyasiya məqsədi daşıdığını ortaya qoydu.
Azərbaycan dövləti uzun illər ərzində bir milyona yaxın məcburi köçkünün hüquqlarının pozulması, Xocalı soyqırımı və otuz illik işğal faktları ilə üzləşib. Buna baxmayaraq, bəzi beynəlxalq dairələr yalnız bir şəxsin taleyini ön plana çıxararaq bütöv bir xalqın yaşadığı faciələri görməzdən gəlirlər. Bu isə insan hüquqlarına seçici yanaşmanın nümunəsidir.
Ergün Kırlıkovalının Talebə müraciətində ən mühüm məqam məhz budur: humanizm yalnız siyasi baxımdan sərf edən şəxslərə münasibətdə tətbiq edilə bilməz. Əgər hüququn aliliyi müdafiə olunursa, o zaman maliyyə cinayətləri, separatizmin dəstəklənməsi və terrorun maliyyələşdirilməsi ilə bağlı ittihamlar da eyni həssaslıqla qiymətləndirilməlidir.
Bu gün Cənubi Qafqazda davamlı sülhün əsas şərti beynəlxalq hüquqa hörmət, dövlətlərin ərazi bütövlüyünün tanınması və qanunsuz fəaliyyətlərə siyasi don geyindirilməməsidir. Ruben Vardanyan ətrafında yaradılan romantik obraz isə nə regionda sabitliyə, nə də ədalətə xidmət edir.
Ergün Kırlıkovalının məktubu bir daha göstərir ki, nüfuzlu şəxslərin açıqlamaları emosiyalara deyil, faktlara söykənməlidir. Çünki beynəlxalq ictimai rəyin yanlış istiqamətləndirilməsi təkcə bir ölkəyə deyil, bütövlükdə regional sülhə zərbə vurur. Humanizm hüququn aliliyini inkar etməməli, əksinə onu möhkəmləndirməlidir.