Yeni Qanun hər iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına təkan verəcək
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanunla 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” təsdiq edilir.
Bu Qanun “Bir millət iki dövlət” devizini bir daha isbatladı.
Bu, danılmaz bir həqiqətdir ki, artıq Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün ən gözəl nümunəyə çevrilib. İstər ölkə daxilində, istərsə də beynəlxalq tribunalarda həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığını, sarsılmaz dostluğunu tərəddüdsüz nümayiş etdirir. Hörmətli Rəcəb Tayyib Ərdoğanın ölkəmizə, xalqımıza sevgisi, göstərdiyi diqqəti nəticəsində Azərbaycan hər zaman Türkiyəni yanında hiss edib. Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu. Türkiyə bəyan etdi ki, bu haqq işində Azərbaycanın yanındadır. Azərbaycan dövləti qardaş ölkənin bu dəstəyini heç zaman unutmayacaq. Zəfər Paradında da cənab Prezident İlham Əliyevin yanında dayanan, sevincinə şərik olan qardaş dediyi hörmətli Rəcəb Tayyib Ərdoğan idi. Bu, dünyaya sübniminal bir mesaj idi.
Ötən ilin son günlərində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə bilməsi ilə bağlı məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, 10 dekabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokol hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
Məlum olduğu kimi, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.
Qeyd olunur ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaqdır. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.
Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb.
Tərəflər, saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar vermişlər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaqdır. Çox mühüm məqamlardan biri odur ki, bizi bağlayan tarixi köklər əsasında qurulmuş yeni münasibətlər bölgədə çox mühüm rol oynayır. Bölgənin inkişafı və sabitliyi, Qafqazın inkişafı üçün Türkiyə-Azərbaycan münasibətləri əvəzsizdir.
Yeni Qanunun hər iki dövlətə və vətəndaşlara xeyirli, uğurlu olmasını arzulayıram, inanıram ki, Azərbaycan-Türkiyə münsibətlərində imzalanmış Qanunun xüsusi yeri və rolu olacaq, iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına təkan verəcək. Sevindirici haldır ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir.
Azərbaycan həmişə Türkiyənin və Türkiyə isə Azərbaycanın yanında olacaq, iki qardaş ölkə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləməyə davam edəcək.
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR