AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və İkinci Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbulfəz Babayev Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində qazanılan zəfər səbəbindən Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il qələbə əhval-ruhiyyəsində keçirildiyini bildirib: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməli, dünyaya erməni faşizminin əsl simasını tanıtmalıyıq”.
Bu faciəyə obyektiv siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Ə.Babayev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoyduğunu deyib. Alim dünyanın bir çox ölkələrində Xocalı qətliamının soyqırımı kimi tanındığını diqqətə çatdırıb, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının faciənin dünyada ən yüksək səviyyədə tanıdılmasında əvəzsiz xidmətləri olduğunu bildirib.
Baş direktor əlavə edib ki, Prezident İlham Əliyevin şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı səsləndirdiyi kimi, Xocalı qurbanlarının qanı İkinci Qarabağ müharibəsində alındı. Bu qanlı faciənin tarixi, səbəbləri barədə gənc nəsli məlumatlandırmaqla onu yaşatmalı, gəncləri vətənpərvərlik ruhunda yetişdirməliyik. Düşmənin bir daha bu kimi qəddar və insanlığa sığmayan əməllər törətməsinin qarşısını almaq üçün, ilk növbədə, iqtisadiyyatımızı gücləndirməli, Ordumuzu ən müasir silahlarla təchiz etməli, o cümlədən hər bir azərbaycanlı öz üzərinə düşən məsuliyyəti dərk etməli, əlindən gələn ən kiçik dəstəyi göstərməlidir.
Daha sonra YT Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək 1992-1993-cü illərdə Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Suraxanı Könüllülər Batalyonunda könüllü olaraq iştirak etdiyini xatırladıb. Bildirib ki, Xocalı faciəsinin 29-cu ildönümündə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalı qurbanlarının qisasını alıb: “Bu il Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarını fəxrlə anır. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində 44 günlük döyüşdən şərəflə, qalibiyyətlə çıxdıq. Bu gün Xocalı faciəsi həqiqətlərini əks etdirən sənədli filmlər, nəşr olunmuş kitablar, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər bu faciəni bütün dünyaya tanıdır”.
Tədbirdə YT Parkın mətbuat katibi Nərgiz Qəhrəmanova, sahibkarlarla iş üzrə aparıcı mütəxəssis Aysel Qədirova və mühasib-xəzinədar Seymur Sadıqov da çıxış edərək dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımlardan təfərrüatı ilə daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Bildirilib ki, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq.