Müharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı var - Videoreportaj
Hər kəs onu Vətən müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun “İstiqlal marşı”ndan səsləndirdiyi misralara görə tanımışdı. Odun-alovun içində, məğrurcasına deyilmiş o misralar çoxumuzun yanan ürəyinə su səpmişdi. Osmanlı əsgəri görünüşlü gəncin o məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Bir də, onun kimi bığ saxlamaq dəbə düşmüşdü. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir.
AzadMedia.az qazinin evində olub, onun döyüş xatirələrini dinləyib. Məlum olub ki, 30 yaşlı Murad Hüseynov ailəsinin ilk övladıdır, özündən başqa kiçik qardaşı Nicat da var. Sən demə, qardaşlar döyüşlərdə çiyin-çiyinə döyüşüblər. Aprel döyüşlərinin də iştirakçısı olan Hüseynovlar Vətən müharibəsinə ilk günlərdən qoşulublar. Ayrı cəbhələrdə olsalar da, hər ikisi bir amal-Vətənin azadlığı uğrunda şərəflə vuruşub:
“Bir evdən iki qardaş müharibəyə getmişik, üç qardaş olsaydıq, yenə üçümüz də orduya qoşulardıq. Bizim torpağımızdırsa, onu qorumalıyıq. Orduda bütün etnik millətlərdən oğullar var idi, hamısı torpağımızın geri qaytarılması üçün əlindən gələni etməyə hazır idi. Hər kəsin beynində 30 ilin niskili vardı, Vətən üçün hər şeyə hazır idik. Bizim əsgərlərimiz çox mərddirlər, günlər olub ki, ac-susuz qalıblar, amma silahsız qalmayıblar. Şəhid olanda da əllərində silah şəhid olublar”.