Rusiyada bu il ölkəni “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Manijanın mahnısı ilə bağlı istintaq başladılıb.
Bu barədə Rusiya mətbuatı İstintaq Komitəsinə istinadən məlumat verib.
“Rus qadını” (“Russian woman”) adlanan mahnı Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb və hətta bir sıra şəxs bəstənin ləğv olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Rusiya İstintaq Komitəsi “Eurovision-2021”dəki Rusiya təmsilçisi, müğənni Manija tərəfindən “Rus qadını” klipi ilə bağlı şikayət daxil olduqdan sonra istintaqa başlayıb.
Sözügedən mahnı ətrafında Rusiyada qalmaqal səngimir. Bundan əvvəl “Veteranskie Vesti” qəzetinin redaksiya heyəti Manijanın səhnə performansının rus qadınlarının ləyaqətini təhqir etdiyini və milli ahəngi pozduğunu düşünərək İstintaq Komitəsi ilə əlaqə saxlamışdı. Mahnı Federasiya Şurası və Rus Pravoslav Kilsəsi tərəfindən də tənqid olunub. Yuxarı palatanın spikeri Valentina Matviyenko müsabiqə üçün ifaçı seçimi prosedurunun necə aparıldığı barədə Birinci Kanaldan məlumat tələb etməyə çağırıb.
Qeyd edək ki, 3 aprel tarixindən etibarən Manijanın videosu 7 milyondan çox baxış toplayaraq musiqi yarışmasının rəsmi yutub kanalında ən çox baxılan klip olub. Bununla belə klipə 145 min “dislike” qoyulub.
Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv olunan “Eurovision” Mahnı Yarışması 18-22 may tarixlərində Hollandiyanın Rotterdam şəhərindəki Ahoy Arenada keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.