Psixoloq Nübar Bayramova - "Uğura gedən yolda ən vacib məqamlardan biri sağlam çevrənizin olmasıdır" - Reportaj
Keçən günlərdə Azadmedia.az-ın redaktoru Ülkər Piriyeva yeni layihəyə - "İşgüzar Azərbaycan xanımı" layihəsinə start verdi..
Gənc xanımlarımıza örnək ola biləcək dəyərli bir həyat yolunu bizimlə Azadmedia.az - da oxuyub tanış olacaqsınız.
Layihəmizin növbəti qonağı ADPU-nun Quba filialında İT üzrə ekspert, psixoloq Nübar xanım Bayramovadır..
Layihəmizdə xoş gördük sizi!
- Özünüz barədə qısaca bizə danışa bilərsinizmi? Nübar Bayramova kimdir?
Xoş gördük!
Sadəcə bir psixoloq, lakin Milli kimliyini hər şeydən üstün tutub vətənində dayanıqlı və inklüziv cəmiyyətin bərqərar olmasını arzulayan bir vətəndaş.
- Hansı sahələrdə mütəxəssissiniz ? Peşələrizi seçmək və ya bu yola irəliləmək istəyənlər üçün təcrübəniz barədə qadınlarımıza işinizlə bağlı tövsiyələri paylaşa bilərsinizmi?
- Bioloq, pedaqoq və psixoloq, Gənclərə isə məsləhətim nə ola bilər? Seçəcəyiniz peşəyi əvvəlcə sevin, o peşəyə sahib olsanız cəmiyyətə xeyir verə biləcəyiniz haqda fikirləşin, sonra peşəni öyrənməyə başlayın!
- İş dünyasında qadın olmağın üstünlükləri və mənfi cəhətləri nələrdir? Uğurunuzun sirrini izah edə bilərsinizmi?
- Əgər peşənizlə bağlı sizə ətrafınızda ehtiyac duyulursa, bilinki siz artıq müəyyən uğurlara sahibsiniz. Lakin iş dünyasında qadınların qarşılaşdığı bir sıra çətinlikləri var:
Birincisi ailə və iş həyatını düzgün balanslaşdıra bilməməyindədir ki, sonralar bu ən xırda məsələlərin belə böyüməsinə səbəb olur;
İkincisi, iş yerlərində gender balansının gözlənilməməsi,
Üçüncüsü və ən əsası, qadın olduğunu və bəzi məsələlərdə kişilərdən bir addım geridə olduğunu özünə təlqin etdiyindən özünəgüvən hissinin zəif olmasıdır. Bəzən cəmiyyətdə qadın olduğunuza görə müəyyən qınaq və təhdidlərlə də qarşılaşa bilirsiniz. Lakin hər zaman səbrli olmalısınız, görəcəyiniz işi ən yaxşı formada görməklə, onlara qalib gələ bilərsiniz..
- İş həyatında uğurlu olmaq üçün qarşınıza qoyduğunuz əsas hədəflər hansılardı?
Hər zaman çalışdım qarşıma qoyacağım məqsədləri özüm seçim, kim isə onları mənə təqdim etməsin. Stategiyaları seçərkən dəqiq və diqqətli davranırdım ki, oxlar birbaşa hədəfə dəysin. Motivasiyamı isə hər zaman güclü saxlamağa çalışırdım, çünki motivasiya nə qədər güclü olarsa, qarşıdakı məqsədə doğru yol - bir o qədər qısalacaqdır. İnsanın özünü tanıması, potensial gücünü bilməsi, özgüvənin yüksək olması hədəflərə çatmasında vacib məqam olduğundan, uğursuzluqlar ilə qarşılaşdığım zaman ruhdan düşmədim, əksinə, onlardan öyrənir, onlara fokuslanır, səbəblərini analiz edir, təkrarlanmamasına çalışırdım. Uğura gedən yolda ən vacib məqamlardan birinin də inkişafınıza dəstək olacaq ətraf çevrənizin sağlam olmasıdır ki, hər zaman bunu təmin etməyə və sağlam ünsiyyəti saxlamağa və valideynlərimin tövsiyyələrindən yararlanmağa cəhd etdim. Bəzən nəticəni tez bir zamanda ala bilməsəm də, sonda istəyimə nail olurdum. Əslində, bu gün də arzularım tam reallaşmayıb. Yolun üzun və çətin olduğunu çox gözəl anlayıram, ancaq bu məni ruhdan salmır, əksinə, həyatımı daha da maraqlı edir və sonun gözəl olacağına əminəm.
- Azərbaycanda qadın dünyasındakı sahibkarların və iş dünyasındakı qadın məşğulluğunun vəziyyətini necə qiymətləndirirsiniz?
Son illər Azərbaycanda dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı imkanlar, verilən dəstək, möhtərəm Prezidentimizin də dediyi kimi insan kapitalının yetişdirilməsi sahəsində görülmüş işlər - qadın sahibkarlardan da yan keçməmişdir. Son 3 ildə qadın sahibkarların sayının təxminən 3 dəfə artması isə, məhz diqqət və qayğıdan irəli gəlir.
- Hansı sosial məsuliyyət və təhsillə bağlı hansı layihələriniz var?
İnklüziv təhsil, Erkən təhsil ilə bağlı bir sıra təhsil layihələrin iştirakçısıyam
Lakin, hər zaman fəaliyyətdə olduğum cəmiyyətdə kim olduğumu, ətrafımdakılara psixoloji dəstək olmaqda məsuliyyətimi hiss edirəm
- Müxtəlif sahələrdə yaxşı bir iş qadını olmaq üçün təhsil sizcə nə qədər önəmlidir?
Təhsilin olması yaxşı iş qadını olması üçün zəruri amillərdən sayılsa da,
Onu praktik olaraq tətbiq etmə bacarığı çox vacibdir. Lakin bəzi sahələr də var ki, həmin sahə üzrə elmi biliklərə sahib olduğunu təsdiqləyən diplomları olmasa da belə bacarıq və müvafiq kompetensiyalara malik olduqda, uğurlu iş qadını ola biləcəkdir.
- Neçə xarici dil bilirsiniz və indi öyrənməyə davam etdiyiniz bir dil varmı?
Türk, rus, ingilis. Lakin ingilis dili üzrə kompetensiyalarımı daha da təkmilləşdirmək üzərində işləyirəm.
- Paytaxtda günümüzdə xarici dildə danışmaq, iş həyatına girmək istəyən şəxslər üçün vacib bir üstünlükdür. Hətta bir neçə dil bilmək daha böyük üstünlükdür. Bəs bölgələrdə bu vəziyyəti necə qiymətləndirirsiniz?
İnsan öz ana dilindən başqa dildə danışarkən sözləsi sanki senzuradan keçirmiş və danışdıqlarını bir daha analiz etmiş sayılır. Həmçinin digər dilləri öyrənməklə həmin dildə danışan insanlarlın psixologiyalarında da yiyələnmiş olur ki, bu da onların multikultural və tolerant əhvala sahib olmalarına, son nəticədə isə işində daha da peşəkarlaşmasına səbəb olur.
Bu vəziyyət bölgələrdə də keçərlidir. Əgər 50 il qabaq xarici dilin üstünlüyü yalnız mərkəz şəhərlərdə, paytaxtda vacib sayılırdısa, hal-hazırda dövlətin regionların inkişafına verdiyi dəstək, yaratdığı şərait məhz bölgələrdə də xarici dil kompetensiyalarına malik olmanı zəruri edir.
- İş həyatınız, şəxsi həyatınız və ictimai həyatınızla bir qadın olaraq cəmiyyətimizə örnək bir vətəndaşsınız. Bəs, bunlar birlikdə sizin üçün yorucu deyilmi?
Əlbətdə, daim diqqət mərkəzində olmaq, öz hərəkət və davranışlarını nizamlamaq, cəmiyyətdəki mövqeyini tənzimləmək insanı müəyyən qədər gərginlikdə saxlayır. Lakin işimizdən duyduğumuz zövqün sayəsində bu yorucu vəziyyətdən çıxır.
- Kariyera səyahətiniz necə irəliləyib? Hansı qurumlarda, hansı vəzifələrdə nə qədər işləmisiniz?
- BDU-nun Biologiya fakültəsinin bitirdikdən sonra 2000-2008-ci illərdə orta məktəbdə biologiya müəllimi və məktəb psixoloqu kimi çalışmışam, İkinci təhsilimi psixologiya üzrə aldıqdan sonra insanlara söz ilə təsir etməyin daha effektli yol olduğunu anladım, 2008-2010 illərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında (indiki Azərbayvan Pedaqoji Universitetinin Quba filialı) metodist kimi, 2010-2015-ci illərdə “Əlavə təhsil” şöbəsinin müdiri kimi, 2015-ci ildən etibarən Pedaqoji fakültənin dekan müavini kimi çalışıram. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıyam. Bu illər ərzində müxtəlif təhsil layihələrində Təhsilin əsasları, Elektron resursların hazırlanması və s. iştirak etmişəm. Lakin baxışlarımda və fəaliyyətimdə ən köklü dəyişikliyi ADPU-nun və filiallarının tərəfdaş olduğu Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB)-nin və “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi oldu.
- Əlil vətəndaşlarımızla bağlı bir çox layihələrdə olduğunuzu bilirik. Bu barədə hansı işlər görmüsünüz? Qadın olaraq bölgələrimizdən vətəndaşlarımıza verdiyiniz dəstək barədə cəmiyyətimizin daha yaxından məlumatlanmasını istərdik.
- Heydər Əliyev Fondu, Regional İnkişaf İctimai Birliyi (RİİB)-nin və “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində 2018-2020 illərdə 75 nəfər ADPU Quba filialının professor-müəllim heyəti, 186 nəfər buraxılış qruplarının tələbələri, 128 nəfər Quba və Şamaxı rayonlarının ibtidai sinif müəllimi, 100 nəfər şimal regionu üzrə əllilliyi olan uşağın valideyni, 50 nəfər əllilliyi olmayan uşaqların valideynləri təlimlərdən keçirilmişdi. Layihə şərçivəsində 20-23 yanvar 2020-ci il Portuqaliyanın inklüziv təhsil sistemi ilə tanış olmaq, İbtidai və orta təhsil məktəblərində inklüziv siniflərinə baş çəkmək, dəstək xidmətləri ilə tanış olmaq, resurs otaqlarında müşahidələr aparmaq, həmçinin, inklüziv təhsil təcrübəsi haqqında mütəxəssislər, valideynlər, təhsil siyasətçiləri ilə müzakirələr aparmaq məqsədilə 20-23 yanvar 2020-ci il tarixlərində Portuqaliyanın Lissabon şəhərində layihənin Quba rayonu üzrə koordinatoru kimi işgüzar təcrübə səfərində oldum. Səfər layihə rəhbərləri (RİİB) və Portuqaliyanın Təhsil Nazirliyinin Baş Təhsil İdarəsi tərəfindən təşkil olunmuş təlim səfəri, yüksək səviyyədə (həm texniki məsələlərin təşkili baxımından, həm də ekspertlərinin peşəkarlığı baxımından) keçirilmişdi. Portuqaliyanın Areias məktəbində, Pedro Eanes Lobato məktəbində, António Arroio incəsənət məktəbində, Manuel Ferreira Patrício məktəbində və Evora Universitetində inklüziv siniflərdə və resurs mərkəzlərində müşahidələr apararaq, Universitetin Pedaqogika və Təhsil şöbəsinin mütəxəssisləri ilə görüşərək müzakirələr və təcrübə mübadilələri apardım.
- Layihə cərçivəsində ünsiyyətdə olduğu qadınlar, xüsusilə də əlilliyi olan uşaqların anaları ilə psixoloji söhbətlər aparır, onlara dəstək göstərir və Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş Valideynlər üçün bələdçi kitabları ilə təmin edirdim. Hal-hazırda da onlarla sosial şəbəkələr üzərindən aktiv qruplar yaradıb vaxtaşırı maarifləndirmə xarakterli tədbirlər təşkil etməkdəyəm.
- Pandemiya işinizə necə təsir etdi? Gözləmləriniz nədir? Tövsüyyələriniz nələrdir - xüsusilə gənclərimizə?
- Pandemiya ilk əvvəl öz psixoloji təsirini göstərsə də, sonra buna alışaraq müvəqqəti çətinlikdən daha səmərəli istifadə etməyə başladım. Elmi işimi daha da təkmilləşdirərək, mövzum ilə bağlı xarici jurnallarda, beynəlxalq konfranslarda məqalələrlə çıxış etdim. Əslində gənclərə də tövsiyyə edərdim ki, yaranmış bu boşluqdan daha səmərəli istifadə etsinlər, təhsillərini təkmilləşdirərək, əvvəllər gərgin həyatları zamanı çatdıra bilmədikləri işləri, oxumağa çatdırmadıqları kitabları, təkmilləşdirə bilmədikləri dilləri öyrənsinlər. Mövcud vəziyyətlə bağlı qəti depresiyaya düşməsinlər, unutmasınlar ki, bu şərait yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrindədir.
- Xüsusilə bölgələrimizdə gender bərabərliyini təmin etmək üçün nə və nələr etmək lazımdır?
- İşlədiyim ADPU-nin Quba filialında Gender məsələləri üzrə məsul şəxsəm və eləcə də, kollektivdə bu sahədə sağlam münasibətlərin tənzimlənməsinə çalışıram. Lakin toxunduğunuz məsələ regionlarda həllini tapmasını gözləyən aktual problemlərdəndir. Nə etməli? İlk əvvəl maarifləndirmə tədbirləri daha da çoxaldılmalıdır. Xüsusilə də, maarifləndirmə işlərində regionların ucqar bölgələrinin də kənarda qalmamasına çalışılmalıdır. İkinci vacib məqam isə böldələrdə qadınların məşğulluq səviyyəsinin artırılması və qadınların ailələrindən iqtisadi asılılığının azaldılmasına çalışılmalıdır. Bu problemin həlli istiqamətindəki addımlar hal-hazırda, prioritet məsələ kimi günü-gündən gücləndirilməkdədir. İnanıram ki, bu istiqamətdə atılan sağlam addımlar - qadınlarımızın qarşılaşdığı erkən nikah, gender problemləri və bu tərz məsələlərin də yavaş-yavaş aradan qaldırılmasında birbaşa müsbət rol oynayacaqdır.
- Reportaj üçün təşəkkür edirik!
- Qadınlarımızla bağlı günümüzün ən aktual problemlərinə toxunduğunuza, olduqca maraqlı suallarınıza, eyni zamanda, “Uğurlu Azərbaycan Qadını” layihənizdə yer ayırdığınıza görə, AzadMedia.az kollektivinə və sizə şəxsən təşəkkür edirəm..!