Əliabbas Salahzadə
Milli Məclisin deputatı Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra başladı.
2003-cü ildən Heydər Əliyev siyasətini onun layiqli davamçısı İlham Əliyev uğurla həyata keçirir.
Cənab Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf etməyə başlayıb və bu inkişaf iqtisadiyyatın bütün sahələrində, o cümlədən ölkənin elektrik enerjisi ilə təminatı sahəsində özünü göstərir.
Bugünlərdə Prezident İlham Əliyev Bakıda yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışı mərasimində iştirak etdi.
“Hövsan” yarımstansiyası 1976-cı ildə istifadəyə verilmişdi, yəni 45 il əvvəl. Görün, o vaxtdan dünya da, Azərbaycan da nə qədər dəyişilib. İlk növbədə, əhali artımı baş verib, mövcud qurğular köhnəlib və s. İstər “Hövsan”da, istərsə də “Maştağa”da artıq istismar müddəti bitmiş elektrik naqillərində tez-tez qısaqapanmalar baş verirdi, qəza halları qaçılmaz idi, itkilər olurdu.
Əslində “Maştağa”da vəziyyət daha ağır idi, çünki bu yarımstansiya daha əvvəl 1949-cu ildə istismara buraxılmışdı. Yəqin ki, belə olan tərzdə vəziyyətin necə olduğunu göz önünə gətirmək çətin deyil.
Bu iki yarımstansiyanın əsaslı təmir edilərək yeni və müasir avadanlıqlarla təchiz olunması bir daha Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə elektrikləşdirmə sahəsinə çox ciddi diqqət yetirdiyinin göstəricisidir. Ölkə başçısı ilk növbədə azad olunmuş torpaqlarda infrastrukturun yaradılması sahəsində elektrik enerjisinin verilməsi üçün hansı işlərin görüldüyü ilə maraqlanırdı.
Elə buradaca xatırladaq ki, Qarabağda infrastrukturun formalaşması üç ilə nəzərdə tutulub.
“Azərenerji” rəhbərinin izahlarından məlum oldu ki, işlər sürətlə və keyfiyyətli şəkildə həyata keçirilir. “Suqovuşan-1” və “Suqovuşan-2” yarımstansiyaları bir həftəyə istifadəyə veriləcək.
Artıq “Şükürbəyli” və “Şuşa” yarımstansiyaları hazırdır. Laçındakı su elektrik stansiyası yenidən qurulur. Kəlbəcərə elektrik enerjisinin verilməsində bəzi çətinliklər hava şəraiti və məsafənin kifayət qədər uzaq olması ilə bağlıdır. Buna baxmayaraq, işlər sürətlə davam etdirilir və artıq Daşkəsəndən başlayaraq həmin istiqamətdə basdırılacaq 200 dirəkdən 100-ü qoyulub.
Bütün bunlar “Böyük Qayıdış”la bağlı nəhəng işlərin görüldüyünü bir daha təsdiqləyir və əsası belə məsələləri ölkə Prezidenti öz nəzarətində saxlayır. Hər iki yarımstansiyanın istismar gücünün dəfələrlə artırılaraq yenidən istifadəyə verilməsi yüz minlərlə Bakı sakininin, həmçinin mühüm strateji obyektlərin (bu sıraya Bakı Hava Limanı da daxildir) fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi deməkdir.
Hazırda “Abşeron” və “Yaşma” yarımstansiyaları yenidən qurulur. “Nizami” yarımstansiyasında isə işlər yaxın zamanlarda tamamlanacaq. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi,
Vətən Müharibəsindəki qələbəmiz qarşıdakı illərdə bizə daha böyük perspektivlər vəd edir. Bu, təkcə Qarabağ torpaqlarında deyil, Azərbaycanın bütün ərazilərində özünü göstərəcək, iqtisadiyyatımızın daha güclü inkişafına səbəb olacaq.