Ceyhun MƏMMƏDOV,
millət vəkiliAzərbaycan xalqının çoxəsrlik tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında və inkişafında böyük xidmətlər göstərmişlər. Ancaq bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Qələbə çaldığımız bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla xatırlayırıq. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.
Ulu öndərimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının yaxşı yaşamasına həsr etmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyimiz illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. O, bu barədə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” deyən ulu öndərin rəhbərliyi ilə ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu, iqtisadiyyatımızın yüksəlişi üçün tədbirlər görülməyə başladı. Qısa bir müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyəndirilmiş strategiyanın əsanını vətəndaşların rifah halının yüksəldiməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Böyük siyasətçinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi 1994-cü ilin sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Bununla da ölkədə makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağın yolu xarici dövlətlərlə bərabərhüquqlu, ikitərəfli səmərəli əlaqələr qurmaq idi. Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqlarına uyğun yeniləşdirdi. Balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. Ümummilli liderin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə səbəb oldu. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdlərinin təsdiqlənməsi bu məsələlərin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul olundu. Bu Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyət idi.
Dahi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş Azərbaycanın ilk Milli Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən etmişdir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük dəyərlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, tarixi irsimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Bununla da milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni bir ideologiyanın əsası qoyuldu.
Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu özündən sonra davam etdirə biləcək siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 17 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Ölkə başçısı İlham Əliyev fəxrlə qeyd edib ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Son 17 ildə ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycanın dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Artıq Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkün deyil. Təsadüfi deyil ki, cənab İlham Əliyev beynəlxalq aləmdə regional lider kimi tanınır və qəbul edilir.
Son 17 ildə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Cənab Prezidentimiz İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ kimi elan edərək ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu öz təchizatı baxımından dünyanın ən güclü orduları sırasındadır və ölkənin qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordu quruculuğu haqqında cənab Prezident deyib: - Ordu quruculuğu 17 il ərzində mənim işimin əsas hissəsi olub. Biz həmişə ordumuzun necə gücləndirilməsi haqda düşünmüşük. Ən müasir silahlar almaq üçün təkcə maddi vəsait kifayət etmir, eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir ki, biz buna nail olduq. Mənim təşəbbüsümlə müdafiə sənayesi yaradıldı və bu gün biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Bu gün öz təchizatına görə hərbi bazalarımız ən yüksək standartlara cavab verir və Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bütün dünyaya göstərdi.
Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə--xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:- Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirk. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama hərəkatının qətnamələri İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.
Xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə deyib: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Və bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlara aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...