İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 20 illiyi münasibəti ilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib.
Əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb. Sonra Komitənin kollektivi Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.
Videokonfransı giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı ölkəmizdə yüksək səviyyədə tənzimlənən dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkərək məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulduğunu, milli-mənəvi dəyərlərə münasibətin kökündən dəyişdiyini, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığının bərqərar olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır.
Dövlət Komitəsinin öhdəsinə düşən vəzifələr ötən 20 il ərzində yüksək səviyyədə həyata keçirilib. Ötən müddətdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılıb. Maarifləndirmə işinin Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirən M. Qurbanlı bu müddət ərzində Komitənin fəaliyyətini təkcə ölkə daxili ilə məhdudlaşdırmadığını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də işlərini davam etdirdiyini vurğulayıb.
Mübariz Qurbanlı dini sahədə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını həm də DQİDK-ya göstərilən yüksək etimad kimi dəyərləndirib.
Çıxışında həmçinin, böyük qələbəmiz ilə nəticələnən 44 günlük Vətən müharibəsinə toxunan Komitə sədri vurğulayıb ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən üzərindəki böyük zəfəri Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq şəraitində çalışan Dövlət Komitəsi Vətən müharibəsi zamanı erməni təbliğatının ifşasına yönələn çoxsaylı tədbirlərdə yaxından iştirak edib.
Onu da əlavə edib ki, Komitənin bir neçə əməkdaşı Vətən müharibəsində iştirak edib, digər əməkdaşlar isə bu dövrdə üzərlərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirməyə çalışıblar.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Multikulturalizm və dini məsələlər sektorunun müdiri Müzəffər Talıblı dövlətin din siyasətinin həyata keçirilməsində Dövlət Komitəsinin səmərəli fəaliyyətindən, ötən müddət ərzində işgüzar kollektivin formalaşmasının, ixtisaslı kadr siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Ötən ilin noyabr ayında əvəzolunmaz lider Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər tarixi yazaraq ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən M.Talıblı daxili və xarici siyasətimizdəki nailiyyətlərə diqqət çəkib. Vurğulayıb ki, bu tarixi proseslərdə milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin də mühüm rolu olub. O, ideoloji sahədə Dövlət Komitəsinin kollektivinin yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında səy və bacarıqlarını əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Salman Musayev əvvəlcə QMİ sədri Allahşükür Paşazadənin Dövlət Komitəsinə ünvanladığı təbrik məktubunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun icra olunması, dövrün tələblərinə uyğun olaraq əlavə və düzəlişlər edilməsi üçün təkliflər verilməsi, dövlətin din siyasətinin həyata keçirilməsi, din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması baxımından Komitənin fəaliyyəti təqdirəlayiqdir. Fəaliyyət göstərdiyi ötən dövr ərzində DQİDK xaricdən Azərbaycana yönələn təhdidlərin, zərərli dini fikirlərin təbliğatının qarşısının alınmasında, dini maarifləndirmə və təbliğat işləri apararaq radikal dini cərəyanların təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynayıb. Dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm nailiyyətlər əldə etmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təcrübəsi digər ölkələr tərəfindən də öyrənilir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin din sahəsində atdığı ən böyük addımlardan biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki dini durumda gərginlik müşahidə olunurdu, istər İslam, istər qeyri-islam radikal dini qrupların fəaliyyəti ölkədəki dini duruma mənfi təsir göstərirdi. Məhz bu səbəblərdən din sahəsinə yeni yanaşmalar tələb olunurdu. MDB məkanında ilk dəfə Azərbaycanda Ulu Öndərin Fərmanı ilə belə bir qurum yaradıldı və dini fəaliyyət sahəsində bir sıra islahatlar həyata keçirildi. Qısa müddət ərzində dini durumda sabitlik müşahidə edildi. Din sahəsində aparılan maarifləndirmə işləri, ölkə miqyasında keçirilən çoxsaylı tədbirlər öz bəhrəsini verir. Bu gün Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bütün bunların nəticəsində dövlətin din siyasəti uğurla həyata keçirilir, Qafqaz Müsəlmanları İdarəsi və digər dini qurumlarla birgə faydalı əməkdaşlıq əsasında qarşılıqlı münasibətlər çox yüksək səviyyədə özünü göstərir. Biz Vətən müharibəsi dövründə də bunun şahidi olduq. Ermənistan müharibənin dini müstəvidə aparıldığını iddia etməyə çalışsa da, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların dövlətimizlə həmrəylik nümayiş etdirməsi, bir yumruq kimi birləşməsi ermənilərin bütün cəhdlərini boşa çıxardı.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə kollektivi təbrik edərək, Komitənin genişspektrli fəaliyyətinə uğurlar arzulayıb. Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Rəvan Həsənov ölkə daxili və xaricində iki qurum tərəfindən həyata keçirilən layihələrin önəmindən danışıb. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə dövlətin din sahəsində həyata keçirdiyi müdrik siyasətlə Komitə ilə əməkdaşlıq dövründə daha yaxından tanış olmaq imkanı əldə etdiyini vurğulayıb. Keçirilən görüşlər zamanı müxtəlif dini konfessiyalar arasındakı nümunəvi əməkdaşlıq və dostluq münasibətlərinin, onların fəaliyyəti üçün yaradılan şəraitin şahidi olduğunu qeyd edən natiq Dövlət Komitəsinin əməkdaşlarına sözügedən istiqamətdəki fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək, 70 illik sovet hakimiyyəti dövründən sonra Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin, tarixən mövcud multikultural və tolerant mühitin inkişafı baxımından mühüm qərar olduğunu bildirib. O qeyd edib ki, Komitə yaradıldığı gündən bölgələrdə radikalizmə, fanatizmə qarşı, eyni zamanda multikultural və tolerant dəyərlərin aşılanması yönündə müxtəlif tədbirlər həyata keçirir. Rektor vurğulayıb ki, Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərdiyi qayğının bariz nümunəsidir.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi protoiyerey Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun təmsilçisi Yozef Marek, “Azərbaycan Bibliya Cəmiyyəti”nin xristian dini icmasının sədri Rasim Xəlilov Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, 44 günlük Vətən Müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dini sahəyə göstərdiyi diqqət və qayğı barədə danışıblar. Eyni zamanda ötən dövr örzində Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə, habelə dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərə diqqət çəkiblər.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında təşkil edilən “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusundakı yazı müsabiqəsinin qalibləri elan olunub.
Konfransın sonunda videokonfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.