AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsinin müəllifi

  • + A
  • - A
  • 27-07-2021, 09:30

    “Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsinin  müəllifi


    Müasir dövrdə inkişaf etmiş ölkələrdə dəqiq elmin səviyyəsi nanotədqiqatların həcmi ilə müəyyənləşdirilir. Dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiyanın təsir və tətbiq sahələri isə sərhədsizdir. Bu texnologiya ilə materiallar və emal sənayesində, elektronika və kompüter texnologiyasında, tibb və sağlamlıq, ətraf mühit və enerji, biotexnologiya və kənd təsərrüfatı, aeronavtika və kosmosun öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və qablaşdırma sənayesində, bir sözlə, insan fəaliyyətinin bütün sahələrində artıq mühüm nəticələr əldə edilib.
    Tanınmış Azərbaycan alimi, “Nanoelm və nanotexnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, texnika elmləri doktoru, professor Eldar Şahbazovun İsrailin “Scientific Israel-Technological Advantages” jurnalında dərc olunmuş silsilə elmi məqalələri neft sənayesində nanotexnologiyaların tətbiqində böyük əhəmiyyətə malik elmi nailiyyətlərdəndir.
    “Elm” nəşriyyatında “Neft sənayesində nanotexnologiyalar" adı ilə işıq üzü görən və Azərbaycanı öz zehni ilə bütün dünyaya tanıtmış akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş bu elmi məqalələr toplusu neft-qaz sahəsində çalışan və təhsil alan mühəndis-elmi işçilərə ədəbiyyat kimi istifadə edilməsi tövsiyyə edilir.
    AMEA-nın akademiki İbrahim Quliyevin elmi redaksiyası əsasında nəşr edilən elmi məqalələr toplusu dəniz və quruda yerləşən yataqlarda nanatexnoloji proseslərlə hasilatın artırılması, yaşıl texnologiyalardan istifadə etməklə ekologiyanın tarazlığına yönəlmiş innovativ texnologiyalar silsiləsindən olan nanotexnologiyadır. Topluda atom və molekulyar səviyyədə manipulyasiya yaradan “kiçik təsir və həyacan effekti” nəzəriyyəsi əsasında nanostrukturlaşmış qəfəslərin tədqiqi verilmişdir.
    Onu da qeyd edək ki, müəllifin “Neft sənayesində nanotexnologiyalar" məqalələr toplusunda təqdim olunan elmi işləri YUNESKO-nun elm və nanatexnologiyalar ensiklopediyasına daxil edilmişdir. Praktiki olaraq bu nanosistemlər "Qum adası", "Bibiheybət", "Balaxanı" "Bəyimdağ-Təkçay", "Günəşli" kimi yataqlarda tətbiq edilib, onlarla quyu mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılıb. Bundan başqa, ARDNŞ-ın bir qrup alimi qazma prosesi zamanı quyu dibi zonasında qum tıxaclarının aradan qaldırılması məqsədi ilə yeni nanotexnologiya yaradıb. Nəticədə qum hissəciklərinin fəzada (çıxarılan mayenin tərkibində) dayanıqlığı artıb, həm praktik, həm də elmi cəhətdən böyük nəticələr əldə olunub...
    Eldar müəllim ən böyük müəllimlərindən olan akademik Azad Mirzəcanzadə ruhunu öz varlığı ilə, bütün dünyası ilə yaşadan alimlərimizdəndir. Fundamental tədqiqatların həm elmi rəhbəri, həm baş icraçısı, həm də təbliğatçısı olan professor Eldar Şahbazov ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Çin və digər ölkələrdə Azərbaycan neft sənayesinin nailiyyətlərinə dair elmi məruzələrlə çıxışları və səmərəli elmi araşdırmaları ilə ölkəmizin iqtisadi tərəqqisinə, inkişafına böyük töhfələr verib. Alimin fikrincə, ölkəmizdə nanotexnologiyaların sabahı daha uğurlu olacaq. “Bizim təbii sərvətimiz, ehtiyatlarımız çoxdur. Ancaq tədricən bu ehtiyatların hamısından gələcək nəslə də qalmalıdır. Bu isə yalnız nanotexnologiyanın verdiyi imkanlar nəticəsində mümkündür.”

    Nurəddin Muğanlı,
    AzadMedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR