AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm Tarixi İnstitutunun direktoru beynəlxalq elmi konfransda iştirak edib

  • + A
  • - A
  • 20-05-2021, 18:30


    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 18 may 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət elmləri və Texnika Tarixi İnstitutunun təşkilatçılığıyla keçirilmiş XXVII beynəlxalq illik elmi konfransda iştirak edib.
    Moskva və Sankt-Peterburqdan təşkil olunan onlayn konfrans İnstitutun banisi, görkəmli rus alimi Serqey İvanoviç Vavilovun 130 illik yubileyinə həsr olunub.
    Məryəm Seyidbəyli konfransın plenar iclasında çıxış edərək “V.İ.Vernadskinin Azərbaycan elminin inkişafındakı xidmətləri” mövzusunda elmi məruzəsini təqdim edib.

    Məhşur rus alimi – təbiətşünas, filosof, bioloq, mineraloq və ictimai xadim, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki, Ukrayna Elmlər Akademiyasının qurucularından biri, eyni zamanda bioqeokimya elminin banisi, rus kosmizminin görkəmli nümayəndəsi Vladimir İvanoviç Vernadskinin çoxşaxəli elmi fəaliyyətindən bəhs edən M.Seyidbəyli onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.
    Elmi nailiyyətləri ilə Azərbaycanın neft sənayesinin inkişafına təsir göstərən rus alimləri arasında ən vacib yerin böyük rus kimyaçısı D.İ.Mendeleyevə aid olduğunu bildirən M.Seyidbəyli Vernadskinin neft haqqında ilk elmi biliklərini Sankt-Peterburq Universitetində tələbə olarkən ondan aldığını bildirib.
    Məruzədə Vernadskinin Rusiya imperiyasının əsas neft mədənlərindəki vəziyyətlə yaxından tanışlıq üçün 1902-ci ildə Qafqaza səyahət etdiyi, Qroznıda Tersk bölgəsindəki yataqlara baş çəkdiyi, sonra Abşeron yarımadasındakı neft sahələrini ziyarət etmək üçün Bakıya gəldiyi bildirilir. Qeyd olunur ki, alim burada Nobel qardaşlarının şirkəti tərəfindən işlənmiş sahələri, xüsusilə, o zaman dünyanın əsas neft zolağı sayılan Balaxanını ziyarət etməklə yanaşı, Azərbaycanın bir sıra bölgələrinə, o cümlədən Mərəzəyə (indiki Qobustan), Şamaxıya, Kürdəmirə səyahət edərək orada yerləşən təpələrlə tanış olur.
    Çıxışda vurğulanır ki, Vernadskinin Bakıdan aldığı və arxivdə qorunan məktublar alimin elmi maraqlarının genişliyindən xəbər verir və onun Çeçenistanda və Abşeron yarımadasındakı neft sahələrinə səyahətinin nəticələri 1908-ci ildən hissə-hissə nəşr olunan “Təsviri Mineralogiya təcrübəsi” adlı geniş əsərində əks olunub. Əsərdə neftin yaranma probleminə əlavə olaraq, Vernadski neft yataqlarında yeraltı suların mənşəyinə də xüsusi diqqət yetirmiş, onların bütün digər sulardan özünəməxsus kimyəvi tərkibi ilə fərqləndiyini göstərmişdir.
    Məruzədə qeyd olunur ki, Vernadskinin Qafqaz səfəri qısa müddətli olsa da, sonrakı illərdə bir çox rus alimi işləmək üçün Bakıya gəldi və onların əksəriyyəti ömrünün sonuna qədər burada qaldı. Bu alimlər ona yaxın olan insanların çevrəsinə daxil olan yüksək ixtisaslı mütəxəssislər idi. Onunla davamlı yazışmalar Vernadskinin Bakıda görünməz varlığı hissini yaratdı. Onların bir çoxu professorun xüsusi maraqlandığı, ilk növbədə, yeraltı suların biokimyəvi tərkibi haqda tədqiqatları apardılar və alimin birbaşa və ya dolayısı ilə məşğul olduğu bir sıra digər elmi problemləri inkişaf etdirdilər. Onların sırasında Azərbaycanda neft sənayesinin, biokimyanın inkişafında xüsusi xidmətləri olan məhşur alimlər – Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində Vernadski ilə birlikdə oxuyan Nikolay Qriqoriyeviç Uşinski, əfsanəvi şəxsiyyət, təxminən 10 ildir Bakıda yaşayan istedadlı alim, kimya mühəndisi Mixayil Mixayloviç Tixvinski, məşhur rus və sovet alimi-geoloq və paleontoloq Vladimir Vladimiroviç Boqaçev, Azərbaycan ixtiologiyasının kökündə dayanan görkəmli sovet və Azərbaycan ixtioloqu, zooloq, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Aleksandr Nikolayeviç Derjavin və başqaları var idi.
    Qeyd edək ki, 17-21 may 2021-ci il tarixini əhatə edən beynəlxalq konfransın fərqli elmi bölmələr üzrə keçirilən sessiyalarında ayrı-ayrı ölkələrdən qatılan alimlər tərəfindən elm və texnika tarixinin nəzəri problemlərinə, praktik məsələlərinə həsr olunmuş 200-ə qədər məruzə təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR