Ötən günlərdə, Sevinc Məhərrəmova adlı qadının əri tərəfindən başı kəsilərək qətlə yetirildiyi iddia edildi.
Xatırladaq ki, Sevinc Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfindən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Cütlüyün 3 və 4 yaşlarında iki oğlu vardı.
Elə bu hadisədən yola çıxaraq Azadmedia.az Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması, problemin psixoloji tərəfləri hansı istiqamətdə və necə həll olunmalıdır deyə,
Psixoloqlara üz tutdu.
Bildiyimiz kimi, QADIN HÜQUQLARI İNSAN HÜQUQLARININ AYRILMAZ HİSSƏSİDİR!
Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərin keçirdiyi hisslər?
Psixoloji zorakılıq - bunun qarşısı ailədə necə alınmalıdır?
Zorakılıq mühitində tərbiyə almayan və ailə qurduqdan sonra zorakılıqla üzləşən qadın.. - Bu barədə fikirləriniz?
Zorakılığa məruz qalan qadınlar istənilən vaxt onu incidən şəxsi tərk edə bilər. Lakin bizim cəmiyyətdə bir çox qadınlarımız bunu etmir. Bəlkə də, qadının öz evini tərk etməməsinə psixoloji faktorlar mane olur..
Bunlar hansı faktorlardır?
Və bu faktorların öhdəsindən gəlmək üçün qadın nələr etməlidir?Psixoloq Fidan Bağırova - Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın suallarını cavablandırıb.Zorakılıq mühitində yaşayan və zorakı mühitdə zərər çəkmiş şəxslərin keçirdiyi hisslər haqqında:
Zorakılıq insanın iradəsinə qarşı mənfi, zərərverici bir əməldir. Qadına qarşı şiddət onun məruz qaldığı fiziki, bioloji, sosioloji, psixoloji, mənəvi əzab verən hər cür addım bir növ həmin şəxsin azadlıqdan məhrum edilməsidir. Azadlıqdan məhrum olunma dedikdə, ilk olaraq qadının söz haqqının olmaması, sosial mühitdən uzaqlaşdırılması, zövqlərinin nəzərə alınmaması hesab olunur.
"Cəmiyyətin qınaq obyektinə çevrilməmək xatirinə xoşbəxt olmayan bir ailənin bu münasibəti sürdürməsi heç də düzgün deyil"
Qadına qarşı şiddət cinsiyyəti səbəbi ilə ev daxili və yaxud xaricində qadına olunan sistematik şiddət davranışlarıdır. Bu şiddətin ardında kişilərin hegemon davranışları, bir sözlə kişi və qadın arasındakı balansın pozulması durur. Ümumiyyətlə kişinin qadına şiddəti müxtəlif səbəblərdən xarakterizə olunur.
Belə ki, burada uşaqlıq travmaları da nəzərə alınmalıdır.
Əsas səbəblərdən güc göstərmək, əsəbini boşaltmaq, qadını manipulyasiya etmək ya da cəzalandırmaqdır.
Şiddət qadının qorxu, çarəsizlik, bir növ mənəvi iztirab içərisində yaşamasına səbəb olur. Şiddətə məruz qaldıqda, qadınların vicdani hissləri, yəni övladlarının atasız qalmaq qorxusu, valideynlərinin, o cümlədən ictimaiyyətin qınağı, özgələrinin düşüncələri və s. kimi amillər şiddətə tab gətirmələrinə səbəb olur.
Psixoloji zorakılıq dedikdə, ilk öncə valideynlərin qız övladının öz istəyi olmadan tanımadığı bir insanla sevgisiz ailə qurması və psixoloji təsir göstərmələri, ailə qurduqdan bir müddət sonra yaranan problemlərə dəstək olmamaları və s. kimi amillər misal göstərilə bilər.
Bu kimi proseslərin qarşısını almaq üçün profilaktik maarifləndirici təlimlərin təşkil olunması, ailə qurmadan öncə psixoloqla seansların keçirilməsi məsləhət görülür. Qızların təhsilə yönləndirilməsi, onlarda özgüvənin yaradılması bu kimi durumlarda onlara psixoloji mənəvi dəstək verə bilər. Cəmiyyətin qınaq obyektinə çevrilməmək xatirinə xoşbəxt olmayan bir ailənin bu münasibəti sürdürməsi heç də düzgün deyil. Əslində, uşaqların natamam ailədə böyüməsi - hər gün dalaşan, küsən, hörmət hissini itirən ata və ananın yanında qalmaq körpələrə qarşı böyük haqsızlıqdır.
Qadına qarşı şiddət bütün dövrlərdə, bütün mədəniyyətlərdə, bütün dövlətlərdə olmuşdur və olmaqdadır. Əsas səbəb kimi isə cəmiyyətdə qadına verilən aşağı dəyəri göstərmək olar.
Bəs, hansı kişilər şiddət göstərir? - Psixoloji problemləri olan, təhsili zəif olan, pis vərdişlərə aludə olan ( narkotik, alkoqol və. S..), bir sözlə, uşaqlıqda şiddətə məruz qalmış insanlar.Qadına qarşı göstərilən şiddətin nəticələri kimi suisid halları, qətl hadisələri, depressiyanı misal göstərmək olar.
Məişət zorakılığı cəmiyyətin ən çətin həll olunan problemlərindən biri olmaqla yanaşı burada cəmiyyətin inkişafı, fərdlərin müstəqilliyi və dövlətin bu problemin hərtərəfli həllində institusional cavabdehliyi üzərinə götürməsindən çox şey asılıdır.
Ülkər Piriyeva