62 il sonra dahi Uzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb.
Azadmedia.az-a daxil olan məlumata görə, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış Uzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.
“Azərbaycan klassik opera janrımızın şah əsəri olan “Koroğlu” operası böyük tarixi bir yol keçmişdir. Məhz, Uzeyir bəyin “Koroğlu” operası müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilmişdir. “Koroğlu” operası sonuncu dəfə 1959-ci ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınmışdır.
Yaradıcı heyyətlə belə bir qərara gəldik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə alaq. Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqi sevərlərə Üzeyir bəyin əziz xatirəsinə, Milli Musiqi günündə bir tövhə olacaq.
"Fürsətdən istifadə edib, səs yazılışında iştirak edən bütün yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm", - deyə Ramil Qasımov bildirib.
Qeyd edək ki, operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, baş rollarda Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov və Taleh Yəhyəyev ifa etmişlər.