Sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının (Şura) 31-ci iclası keçirilmişdir.
MDB prokurorluq orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Şuranın iclasında K.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək “Cinayət təqibindən kənar icraatlarda prokurorluğun fəaliyyəti” mövzusunda çıxış etmişdir.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
İclasda həmçinin MDB dövlətlərinin Baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilmişdir.
Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanmışdır. Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Şuranın növbəti il üçün sədri seçilmiş, Katibliyin məsul vəzifələrinə seçkilər keçirilmişdir.
Şuranın 32-ci iclasının 2022-ci ildə Belarus Respublikasının paytaxtı Minsk şəhərində, 2023-cü ildə isə Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Gizat Nurdauletovla və Rusiyanın Baş prokuroru İqor Krasnovla ikitərəfli görüşlər keçirmişdir. Görüşlər zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Həmçinin, səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilmişdir. Görüşdə dövlət başçılarının 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilmişdir.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında memorandum” imzalanmışdır.
Baş prokuror Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan və Moldovanın Baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirmiş, görüşlərdə mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirə edilmişdir.
Tədbirlərdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov da iştirak etmişdir.