AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünas-Yazar Əli Rzazadə - “Nizami Gəncəvi “sufi” deyildi” - Reportaj

  • + A
  • - A
  • 1-10-2021, 22:04




    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında məhz, “Nizami Gəncəvi İli” elan edilməsi barədə Sərəncam imzalamışdır.

    Elə bu ilin mənəvi dəyərini daha da anlamlı qılan həm də, Nizami Gəncəvi yaradıcılığına daha dərin, daha uzun səyahətimizdir. Bugün isə Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın Nizami Gəncəvi yaradıcılığı ilə bağlı “Nizami Gəncəvi İrsinə Baxış” adlı layihəsinin ilk qonağı Şərqşünas-Yazar, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi Əli Rzazadədir. O, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının dünya ədəbiyyatında da əvəzsiz yerindən, yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Şairin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərində hər birimizin görə bilmədiyimiz məqamları vurğulayıb.



    “Nizami Gəncəvi “sufi” deyildi”
    Şərqşünas-Yazar Əli Rzazadə -



    Məlum olduğu kimi klassik şərq ədəbiyyatında irfani konsepsiyalardan yetərincə istifadə edilmişdir. Maarifləndirici və irfan şeiri bir çox şərq yazarlarının, o cümlədən Sədi Şirazi, Firdovsi, Nəsimi, Füzuli və s..şairlərin əsərlərində geniş şəkildə yer tutur. Eləcədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və şərq dünyasının mütəfəkkiri olan Nizami Gəncəvinin ərsəyə gətirdiyi əsərlərdə, insanın yaradılışı, onun mükəmməllik vəziyyəti, dünyanın vəfasızlığı, ölümdən sonrakə həyat qarşılanması, bağışlanma (tövbə), təcrid (özünə məhdudiyyət qoyma) və digər irfani və təsəvvüf konsepsiyaları yer almışdır. Bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Nizami Gəncəvi şeriyyatı təsəvvüf və irfanda müdrikliyi ifadə etmək üçün bir vasitə hesab etmişdir.

    Qeyd etmək lazımdır ki, Sufizm orta əsrlərdə İslam aləmində gеniş yayılmış dinifəlsəfi, mistik mənəvi-əxlaqi düşüncə və davranış sistеmidir. Buna görə də Nizami şerlərində əsasən irfani kamilliyə əsaslanması və şeirlərində zahidlik, saflaşma, dünyəvilik və təcrid aspektləri üstünlük verməsi heç də təsadüfi deyil. XI-XII əsrlərdə təsəvvüf və irfani fikirlərin geniş yayıldığlı bir dövrdür. Bu əsrlərdə təsəvvüf və irfan dövrün qələm adamlarının əsərlərinə öz təsirini qoymuşdur. Aparılmış tədqiqatlardan belə məlum olur ki, təsəffüf düşüncələrini ilk dəfə Sənai Qəznəvi “Həqiqətül-həqiqət” əsərinə daxil etmiş və o dövrün sufi auditoriyasında məşhurlaşmışdır. O bununla farsdilli ədəbiyyatda yeni bir səhifə açmış və ondan sonra digər şairlər öz əsərlərində irfan və təsəvvüf düşüncələrini əsərlərinə gətirmişlər. Təbii ki, təsəvvüf və irfan XII əsr şairi olan Nizaminin əsərlərindən də təsirsiz ötüşməmişdir.

    Nizami hər hansı bir sufi təriqətinə mənsub olmasa da, dövrünün sufilərinin işlətdiyi kəlamlardan seçmələri öz əsərində istifadə etmişdir. Baxmayaraq ki, bəzi tədqiqatçılar idda etmişlər ki, Nizamin sufilik təriqərtlərinin birinə meyilli olmuş və öz təsəvvüf yolunu məşhur təsəvvüf şeyxi Şeyx əxi Fərəc Zəncanidən almış və ona tabe olmuşdur Lakin bu fikir əksər tədiqatçılar tərəfindən qəbul edilməmiş və əsas olaraq göstərilmişdir ki, əgər şairin təsəffüv ustadı olmuş olsaydı, o şübhəsiz onun adını əsərlərində qeyd etmiş olardı ya da onunla həmdövr ya ondan sonra yaşamış şairlər Nizami haqda qeydlərində bu nöqtəyə toxunardılar.


    زاهد و راهب سوی من تاختند خرقه و زنار در انداختند
    سرخ گلی غنچه مثالم هنوز منتظر باد شمالم هنوز

    Birdəfəlik tullayıb zünnar ilə xirqəni,
    Zahidlər, rahiblər də gəlib tapdılar məni.
    İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,
    Quzey rüzgarlarını durub burda gözlərəm.
    (Sirlər Xəzinəsi)
    bu beytdən də məlum olur ki, Nizami şəxsən heç bir sufi təriqətinin mənsubu olmayıb, lakin buna baxamaraq əsərlərində təsəvvüf ideyalarına, irfani kəlamlara yer ayırıb.

    Məlum olduğu kimi, təsəvvüf mənsubları istər danışıqda, istərsə də ortaya qoyduqları əsərlərində özünəməxsus tеrminologiyadan istifadə etmişlər. Bir sıra söz və ifadələr təsəvvüfdə öz həqiqi mənasından fərqli, rəmzi anlamda işlədilmişdir. Çıxışımda Nizami Gəncəvinin əsərlərində təsəvvüf görüşündə istifadə olunmuş bir neçə terminalogiyaya toxunacağam.

    Bu terminlərdən biri farsca “del” kimi ifadə olunan ürək, qəlb anlamı daşıyan sözdür. Təsəvvüfdə qəlb insanın bədənində daşıdığı İlahi evdir. Dini təsəvvürlərə görə Həzrəti Məhəmməd insan qəlbinin müqəddəs olduğu haqda kəlamı təsəvüf aləmində böyük bir cığır açmışdır. Ondan insan qəlbinin qırmaq, könül incitmək haqda soruşduqda “İnsan qəlbi Kəbədən də müqəddəsdir. Kəbəni insan tikib, insan qəlbini isə Yaradan” deyə cavab vermiş və beləliklə güman oluna bilər ki, bu kəlamdan təsirlənərək sufizmdə “qəlb” anlayışı Tanrının məkanı kimi başa düşülmüşdür. Nizami Gəncəvi bu məsələyə belə toxunur:


    خـــاك تـــو آن روز کـــه مـــی بیختنـــد از پــــــی معجــــــون دل آمیختنــــــد


    Torpağını qatdı ələrkən hələ,
    “Qəlbinə məcun” eləməkçün belə
    Mətnin orjinalında “məcune del” (qəlbinə məcnun) ifadəsi irfan aləmində geniş istifadə olunan sözdür. Ariflər hesab edirlər ki “del” (qəlb) insanın cismani və ruhani aləminn mərkəzidir. Ona görə də Nizami yuxarıdakı beytdə insan yaradılışını təsvir edərək, qəlbə bu iki amilin birləşməsinə işarə edir. Nizaminin fikrinə görə maddi aləmdən uzaqlaşıb, ruhani aləmə keçid etmək yalnız qəlb vasitəsilə mümkündür və yalnız qəlbi təmizləməklə ilahi sirlərə vaqif olmaq olar.

    Onun etiqadına görə cismin Kəbəsi qərlbdir və bu Kəbə Tanrının nəzərgahıdır, onun nişangahı isə qəlbədir,
    Nizaminin əsərlərində istifadə etdiyi digər bir irfan və təsəvvüf terminlərindən biri də eşqdir. O eşqi müxtəlif mənalarda istifadə etmişdir. Onun eşqə baxışı da irfani baxışdır. Ariflərin fikrincə, dünyanın əsas, həqiqi səbəb və qayəsi eşqdir. Tanrının fitri sevgisi dünyanın yaradılışının mayasıdır.

    Təsəvvüf və irfan alimlərinin Tanrının dediyi məşhur kəlama istinad etmələri eşq konsepsiyasının əsasını qoyması təsadüfi deyil. Onlar Tanrının dilindən “kuntu kənzən məxfiyyən və əhbəbtu ən əarifə və xələqtul xəlqə likey urifə” (mən gizli bir xəzinə idim, tanınnmaq istədim və məxluqatı yaratdım) etiqad edərək yaranışın kökündə eşq olduğunu qeyd edirlər. Nizaminin də eşqə baxışı bu yöndəndir. O insan və bütün yaradılışı eşqin övladı sanır və əgər bəsirət gözü ilə baxsan dünya eşq üzərindən dayanmışdır kimi qeyd edir.


    فلک جز عشق محرابی ندارد​جهان بی خاک عشق آبی ندارد


    Eşqdir mehrabı uca göylərin,
    Eşqsiz ey dünya nədir dəyərin. (1, s. 121 )
    O, dünyanın varlığını Allahın fitri sevgisinin və eşqinin nəticəsi hesab edir. Nizami inanaırdı ki, eşqsiz cahan ruhsuz bir bədən kimidir və ilk insan (Adəm) yaradılmamışdan öncə varlıq aləmində eşq yox idi və Tanrı insanı yaratdıqdan sonra eşqi də yaratmışdı. Sirlər Xəzinəsində Nizami bu irfani fikri belə təqdim edir:

    اول کــــاین عشــــق پرســــتی نبــــود در عــــــدم آوازه هســــــتی نبــــــود


    O zamanlar ki, eşqə səcdə qılan yox idi,
    Yoxluq içində varlıq səssiz bir çocuq idi.
    Nizami əsərlərində təsəvvüf və irfan aləmində məşhur əməli ibadət olan “riyazət”ə də toxunmuşdur. İlk növədə qeyd edək ki, riyazət əsasən, təsəvvüfdə işlənən bir anlayışdır. Kamilləşmək üçün öz nəfsini əziyyətə salmaq, məhrumiyyətə düçar etmək mənasını verir. Sufilər müxtəlif formalarda riyazətə əməl edirdilər. Bəziləri az yeyib ac qalır, bəziləri ağır fiziki işlərdə çalışır, bəziləri bədəni incidən qaba parçadan paltar geyinirdilər. Çilləyə oturmaq adlanan ayin məhz riyazətə xidmət edirdi. Sufilər inanırdılar ki, riyazət vasitəsilə öz nəfslərini ram edə bilirlər və bu zaman həqiqətlər onlara açılır. Riyazətin şəriətə zidd olmayan, sağlamlığa zərər yetirməyən növləri halaldır və həqiqətən, halal riyazətlə kamillik istiqamətində irəliləmək olar.


    چهله چهل گشت و خلوت هزار به بزم آمدن دور باشد ز کار


    Hər çillə qırx gündür, xəlvəti mindir,
    Bu yerdən məclisə girmək çətindir (Şərənamə)


    چهـــل روز خـــود را گـــرفتم زمـــام کـــادیم از چهـــل روز گـــردد تمـــام
    چـــو در چـــار بـــالش ندیـــدم درنـــگ نشســـتم در ایـــن چـــار دیـــوار تنـــگ

    Nəfsin noxtasını bərk tutdum qırx gün,
    Qırx günün içində hazır olur gön
    Çünki dörd balışda görmədim səbat,
    Dörd divar içində keçirdim həyat (Şərəfnamə)
    Nizaminin qeyd etdiyi beytdə işarə etdiyi dörd divar içində qırx gün keçirməsi təsəvvüf aləmində xəlvətə çəkilmə, Tanrı ilə baş-başa qalma prossesidir. Dini təsəvvürlərə görə Məhəmməd peyğəmbərin gənc yaşlarında Hira mağarasına – xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Yaradanı düşünməsi haqqında qaynaqlar var.

    Təsəvvüf aləminin məşhur almlərindən hesab olunan Muhyiddin ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah edir: “Xəlvətə çəkilmək, Tanrıdan başqa hər hansı bir varlığın – istər mələk olsun, istərsə də insan olsun – kimsənin olmadığı yerdə və zamanda ruhən Tanrı ilə söhbət etməkdi“. İslam təsəvvüfünün ilk qurucularından olan Zinnun Misri isə xəlvətə çəkilməyi belə mənalandırır: “Mən insanı Tanrı sevgisinə xəlvətdən daha gözəl qovuşduran bir şey görmədim. Kim xəlvəti sevərsə ixlasın sütunlarından yaxşıca yapışmış və doğruluq rüknlərindən birində zəfərə yetişmişdir deməkdir”.

    Nizaminin beytdə işlətidiyi çilə sözü farsca çehel sözündəndir və bu sözün də anlamı qırx deməkdir. O dövrdə xəlvətə çəkilməyə “çilə” deyirdilər. Dilimizdə istifadə olunan “çilə çəkmək” anlayışı da məhz buradan dilimizə keçmiş, əzab əziyyət mənasını bildirir.
    Təsəvvüf və irfan aləmində kamilliyə varan insan üçün ən böyük maneyə xudbinlik, eqoizm hesab edilir. Məhəmməd ibn Münəvvərin qeyd etdiyi kimi “ Xudbinlik bir lənət ağacıdır ki, boy atdıqca insanı Tanrıdan uzaqlaşdırır”

    Sufi teminalogiyasında “xudbin” (özünü sevmək) kimi ifadə olunan bu söz Nizami yaradıcılığında da öz yerini tapmışdır. Nizami mənəvi inkişafın yolunu çox yaxşı bilir, Tanrıya çatmaq üçün xudbinliyin ən böyük maneə olduğunu deyir.


    نظــامی جــام وصــل آنگــه کنــی نــوش کــه بــر یــادش کنــی خــو د را فرامــوش

    Nizami vəsl şərabını etdinsə nuş,
    Unutma ki, özünü et fəramuş (unut)
    Nizami burada insanın Tanrıya varmaq üçün öz mənfi xarakterlərini utnutmağı olduqca əhəmiyyətli hesab edir. Eşq ilk növbədə insanın özünü deyil, qarşı tərəfi, Tanrını sevmək üçün xudpəsəndlikdən uzaq olmaqdır. Xudpəsəndlik, xudbinlik, eqoizm şeytanın xislətidir.
    İrfan dünyasında daha bir termin “mərg ixtiyari” ixtiyari ölüm anlayışıdır. Bu ifadə insanın ölməzdən öncə ölmək anlamı daşıyır ki, sufilər bununla xudbinlik və eqozumi tərk etdikdən sonra bu səviyyəyə adlamış olurlar.

    Burada söhbət insanın fizioloji ölümündən getmir.
    Sufi həyatdaykən həva və həvəsini, nəfsani istəklərin öldürür. O hesab edir ki, insanın əsl varlığı onun fizioloji varlığı deyil, nəfsani varlığıdır. Nizami təsəvvüf və irfanın bu məsələsində də aşağıdakı beytdə toxunur:


    همان به کاین نصیحت یاد گیریم که پیش از مرگ یک نوبت بمیریم


    Bu xoş nəsihəti yada salaq gəl,
    Bir dəfə öləк biz ölməzdən əvvəl
    Fürsətdən istifadəedim Nizami Gəncəvi yaradıcılığında gendər məsələsinə də qısa səyahət etməyi tərcih edirəm.

    Gender bərabərliyi, Nizami Gəncəvi yaradıcılığının fundamental ana xəttidir. Nizaminin təlimlərində kişi və qadın bərabərliyi sosial inkişaf üçün olduqca zəruridir. Lakin Nizaminin düşüncələrinə görə gender bərabərliyi kişi və qadının eyni olması anlamında deyil, çünki cinslərin aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var. Adətən gendər bərabərliyi dövrümüzdə səhv anlaşılır. Cins və gender eyni məfhum deyil. Cins – bioloji amildir. Bütün insanlar iki bioloji fərd olaraq dünyaya gəlirlər: kişi və qadın. Gender isə sosial vəziyyətdir.

    Nizami yaradıclığı, bu mühüm məsələ barədə həm öz dövr ictimaiyyətinə, həm də gələcək nəslə mesaj ötürür ki, qadınlar kişilərdən aşağıda durmur və sosial həyatın müxtəlif sahələrində kişilərə tam şəkildə itaət etmək, qul olmaq mövqeyində deyillər.

    Nizami qadını sivil insan cəmiyyətinin formalaşmasında mühüm rol oynayan, onu cəmiyyətin azad üzvü olaraq təqdim edir. Onun nəzərində qadınlar bütün ictimai fəaliyyətlərdə tam şəkildə iştirakçıdırlar. Xəmsədə yaratdığı qadın obrazları saz çalır, döyüş meydanlarında şücaət göstərirlər. Kimliyindən, statusundan və mövqeyindən asılı olmayaraq bütün qadınlara eyni dərəcədə hüquqların tanınması aşılanır.

    Xüsusilə qeyd etmək lazımdır ki, XII əsrdə yaşamış Nizami öz dövürnə görə qadın azadlığı, gender bərabərliyi mövzusuna toxunmaqla öz dövründə fikri inqilabın əsasını qoymuşdur. Məlumdur ki, Nizami Gəncəvinin yaşadığı dövrdə mövhumatçılıq cəmiyyətin məişətinə qədər nüfuz etmiş, qadınlara bir çox məhdudiyyətlər qoyulmuşdur. O dövrün qadını təhsil almaqdan, bir çox sahələrdə özünü ifadə etmək, cəmiyyətdə iştirak etmək hüququndan məhrum edilmişdi.

    Nizaminin öz əsərlərində azad qadın kimi təqdim etdiyi obrazlar, ondan öncə yaşamış şair və nasirlərin yaradıcılığında mövcud olmuşdur. “Gəncəli dahi” dən iki əsr öncə yaşamış Əbülqasim Firdovsinin “Şahnaməsində” qadın obrazları olduqca fərqlənir. Firdovsi qadını müstəqil şəkildə deyil, kişi qəhrəmanları ilə münsibətləri zəminində ifadə etmişdir.

    Nizami dastanlarında qadınları da kişilərlə bərabər və bəzən onlardan daha üstün oldğunu qeyd edir. Hətta böyük bir ölkənn idarə edilməsində qadını layiq bilir. “İsgəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi tarixdən hamıya yaxşı məlum olan hökmdar İsgəndəri gətirib o zaman Azərbaycanın paytaxtı olmuş Bərdə şəhərinə çıxarır. Görüş zamanı Nüşabə öz qadın müdrikliyini qarşıya qoyur. Boşqabda yemək əvəzinə ləl-cəvahirat gətizdirib İsgəndərin qarşısına qoydurur. İsgəndər təəccüblə boşqaba baxıb soruşur ki, bu nədir? Nüşabə xanım təmkinlə deyir ki, sən çörək üçün deyil, var-dövlət üçün gəlmisən. İsgəndər türk qadınının dəyanətini görüb bu qənaətə gəlir ki, “Aslanın erkəyi, dişisi olmaz”.

    Yeddi gözəl poemasında hər bir qadının xüsusiyyətlərini nümayiş etdirməsi Nizaminin qadına verdiyi müstəsna dəyərlərdən ibarətdir. Sasani padışahı Bəhram dastanın baş qəhrəmanı kimi dünyanın yeddi iqlimindən, yeddi qadını, yeddi günbəzin altında padışaha yeddi dastan danışırlar. Şahzadə xanımlardan biri gözəl, savadlı, ağıllı slavyan gözəli danışır ki, adi kişilər həyat yoldaşına layiq deyirlər. Nizami adıçəkilən poemada qadın gözəlliyini vəsf etməklə yanaşı onun təhsilə verdiyi önəmi də vurğulayaraq, elm və təhsilin qadına qazandırdığı hüquq və azadlıqlar, qadınların təhsil və tədrisinin əhəmiyyəti, qadın haqlarının qorunması məqsədilə rəhbərlərin üzərinə düşən vəzifələr kimi vacib məqamlara toxunur.
    Nizami, qadına nikahda sərbəstlik hüququnun verilməsinin tərəfdarıdır.

    Qadının izdivacı öz əlindədir, bu məsələdə hər hansı bir məcburiyyət yolverilməzdir.
    Nizaminin təqdim etdiyi bu qadın obrazı, təkcə onun zahiri görkəminin, gözəlliyinin təsvir etmklə bitməyib, onun savadının, elmə həvəsli olmasını da xüsusi qeyd edərək qadının savad almasının üstünlük olduğunu xüsusilə vurğulamışdır. Dastanın davamında oxucu, bu qadınla daha çox tanış olmağa müyəssər olur. Bu şahzadə xanım, ona gələn elçilərin çoxluğundan yorulur və ordu qalaları kimi bir qalanın üstünə çıxır, buludla örtülmüş bir dağın zirvəsinə çıxır və göstəriş verir ki, qalanın ətrafında xəndəklər qazsınlar ki, ağılsız, kişilər ona yaxın gələ bilməsinlər. Əgər hansısa biri bu çətin maneələri ötüb, qalanın içinə girə bilərsə, o zaman onunla ailə qurmağa layiq olar. Lakin bununla da kifayətlənməyib, ona elçi düşən kişi dörd suala cavab verməlidir ki, nə dərəcədə ağıllı olduğu müəyyən olunsun və sevgiyə layiq olub olmadığı bilinsin. Belə bir kişi zirək, güclü olmalıdır, qazılmış xəndəklərdən keçsin və o dərəcədə ağıllı və savadlı olmalıdır ki, suallara cavab versin. Elçilər çox çalışdılar maneəni keçib qalaya girsinlər, amma buna nail ola bilmirlər. Sonda, gənc bir şahzadə uzaq ellərdə təhsil almış, səfərdən qayıtmışdı. Qalanın ətrafındakı maneələri aşır və şahzadə xanım onunla evliliyə razı olur. Bütün bunlar onu göstərir ki, Nizami şahzadə obrazının dili ilə qadın hürriyyətinin, qadının seçim azadlığını müdafiə edir.
    Xüsusilə qeyd etmək lazımdır ki, şahzadə xanım qalaya sığınmamışdan atasına müraciət edərək deyir. “atacan məni bağışla, amma mən səni tərk etməliyəm. Mənim getməyim üçün mənə yardım et”
    Mətnin orjinalı:


    پوزش انگیخت وز پدر درخواست/ تا کند برگ راه رفتن راست

    Yalvarıb atadan izn istəti:
    -Səfər tədarükü hazır et,-dedi.
    Bu beytdə dahi mütəfəkkir Nizami, obrazın dilindən qadının öz taleyini özü seçə bilmək, qərar vermək haqqı və bacarığı olduğunu qeyd edir. O dövrünü insanınn təsəvvürlərə sığdırmaq çətindir ki, valideynlər öz övladları üçün həyat yoldaşı müəyyən etdiyi və hətta qız uşaqlarının məcburən ərə verildiyi bir cəmiyyətdə Nizami qadının öz həyatı üçün özünün qərar verdiyini bu qədər açıqlıqla ifadə etməyi o dövrün inqilabından başqa bir şey deyildi. Nizami burada ağılsız, elmsiz kişiləri tənqid atəşinə tutur, onları qınayır və belə kişilərin güclü, ağllı qadınların qarşısında məğlub olduğunu deyir.
    Nizami Gəncəvinin Yeddi gözəl əsərində başqa bir qadın obrazı Fitnədir.

    O, patriarxal və ənənəvi adətləri rədd edir. Yuxarıda qeyd etdiyimiz kimi Nizamidən iki əsr qabaq yaşayıb, yaratmış İran ədəbiyyatının görkəmli simalarından biri olan Əbülqasim Firdovsi həmin obrazı məşhur Şahnaməsində qələmə almışdır. Firdovsinin Şahnaməsindəki Azadə obrazı Fitnənin prototipi, lakin təbiətcə zəif və mütidir. Oxşar obraz Firdovsidən iki əsr sonra Nizamin əsərində tam başqa formada zühur edir. Padşah öz ovçuluq məharəti ilə Fitnəni heyrətləndirməyə çalışır, amma qız bütün gördüklərini laqeydliklə qarşılayır və bütün bunların sadəcə vərdişlə əldə edildiyini söyləyir. Bu cür ovçuluq məharəti qarşısında Fitnənin laqeyd münasibət göstərməsi padşahı hirsləndirir və onu qovur.
    Fitnə də eyni üsulla padşaha daha ibrətli bir dərs verir. İbrətli dərsi də bundan ibarət olur ki, yenicə doğulmuş buzovu boynuna alıb hər gün qırx pilləkəni qalxıb-enir. Fitnə o qədər məşq edir ki, həmin buzov böyüyüb iri bir cöngə olanda da çətinlik çəkmədən onu boynuna alıb pilləkənləri çıxır və enir. Fitnənin bu məharəti dillərə düşür və gedib padşahın qulağına çatır. Padşah da öküzü çiyninə alıb qırx pilləkəni qalxıb-enən qızı görmək üçün durub Fitnənin yanına gəlir və incə bir qızın o boyda öküzü boynuna qaldırmasından heyrətə düşür
    Padşah onu tanımasa da, Fitnənin bu qabiliyyəti qarşısında heyrətini gizlətmir.

    Nəhayət, padşaha lazım olan dərsin verilmə məqamının gəldiyini anlayan Fitnə üzündən örtüyü atıb özünü tanıdır və boynuna öküz qaldırmağın da adi vərdiş olduğunu deyir .

    Nizami bu əsərlərdə qadını övdüyü zamanlar insanlar arasında qadının “naqisul əql” (ağıldan nöqsan, ağıldan az) kimi qələmə verirdilər.

    Qadın azadlıqı və hürriyəti haqda Nizaminin Leyli Və Məcnun əsərində də rast gəlirik. Leylinin atası onun Məcnuna qarşı fikrinə qarşı çıxır, məktəbə buraxmır hətta onun iradəsinin ziddinə olaraq qızı İbn Salam adlı yaşlı bir kişiyə ərə getməyə məcbur edir. Aşiqlərn ayrılıq günlərində Məcnunun valideyləri və İbn Salam ölür. Lakin mövcud vəziyyət yaxşılaşmır. Leyli ölüm ayağında olarkən anası ilə Məcnun haqqında söhbət edir. Leyli öləndən sonra Məcnun onun qəbri üstündə gəlir və orda ölür.

    Ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami göstərmək istəyir ki, bəzi ictimai məhdudiyyətlər bir qadının öz hissləri, öz gələcək həyatına özünün qərar verməsinə mane olur. Bu ictimai məhdudiyyət Leylinin Məcnuna olan eşqini gizlədir, ictimai qınağın, qəbilə qaydalarından qorxaraq dilində gətirməsinə mane olur. Qəbiləyə xəyanət etməsi ilə günahlanmasından, əxlaqsız hesab olunmasından qorxur. Bütün bunlara baxmayaraq Leyli müqavimət gösrərir. O ölrəkdən anasına “ölürəm, çünki bu, həyat deyil” deyərək gözünü yumur.
    Leyli bütün bu məhdudiyyətlərdən bezərək Məcnuna yazdlığı məktublarında birlikdə qaçmağı təklif edir.(4)
    Nizami bu arada qadının kişi üçün arxa, dayaq ola biləcəyini də göstərmədən keçmir. Nizami yaradıcılığına səyahət etdikcə anlamaq olur ki, o qadının öz əks cinsinə həyatın çətin dövrlərində dayaq ola biləcəyini qeyd edir.

    Məcnunun atasının vəfatından sonra Leyli onun könlünü alır, eşq məktubları yazır, məktub vasitəsilə ona təsəlli verməyə başlayır.


    دلتنگ مباش اگر کست نيست ​من کس نيم آخر؟ اين بست نيست؟ ​

    Qəlbini sıxma ki, sən kimsəsizsən,
    Mən kiməm, adamın deyilmiyəm mən?
    Nizami Gəncəvinin yaradıcılığında gender bərabərliyi məsələsini daha dərindən araşdırarkən, şairin öz dövründən daha qədimə, zərdüştülüyə müəyyən qədər rücu etdiyinin şahidi oluruq. Belə ki, zərdüştülükdə Ahuraməzdanın istəyi ilə Anahita adlı qadın məlayikə Mehrlə bərabər mövcud olur və burada qadının kişi ilə bərabər olduğuna nümayiş etdirir. Zərdüştülüyün dini mətnində Zərdüşt öz qızına evlilik üçün seçim imkanı verərkən özünə həyat yoldaşı seçmə azadlığı verir. Biz bunu Yesna 53 də görməkdəyik. O deyir: “mən bu təklifi evlənmək istəyən qızlara və eləcə də sənə deyirəm” (9)
    Beləliklə müqəddəs mətnlərdə qadınlarla kişilərə olan müraciətlər bərabərdir. Evlənmək üçün kişilərin seçim hüquqları olduğu kimi qadınlarda da eyni dərəcədə hüquq verilmişdir. Nizami yaradıcılığında bu amillərin təsirini açıq aşkar görürük.

    Nizami Xosrov və Şirini yazanda sevdiyi Afaq adlı həyat yoldaşını itirir. Leyli və Məcnun poemasını bitirərkən isə ikinci həyat yoldaşını itirir. Qadının Nizaminin həyatında dəyərli yer tutması, öz həyat yoldaşının ölümündən sarsıldığından əvvəl şad xürrəm kimi təqdim etdiyi Şirinin, daha sonra faciəvi sonluqla bitirməsinin ola bilsin ki sbəbi məhz bu olmuşdur.

    Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən də şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir


    زهی شیرین و شیرین مردن او زهی جان دادن و جان بردن او
    چنین واجب کند در عشق مردن به جانان جان چنین باید سپردن

    Alqış bu ölümə, əhsən Şirinə,
    Öldürən Şirinə, ölən Şirinə.
    Məhəbbət yolunda ölüm budur, bax
    Canana belədir canı tapşırmaq...

    Nizami əsərlərində qadını müsbət təsvir etməklə yanaşı onu azad, insan modelinin ən üstünü kimi qeyd etmişdir. O qadını insan cəımiyətinin ən layiqli üzvü kimi görür, bununla yanaşı qadın kişi bərabərliyinə mühüm mesaj kimi gələcək nəsillərə ötürür. Heç bir vəchlə qadının alçaldılmasına, ona qarşı şiddət sərgiləməsinə icazə verilməməsini deyir. Xosrov və Şirin əsərində Xosrovun, Şirinin sarayına, onun yanına gizlində gəlib onunla görüşmək istədiyi xəbərini göndərdiyi Şapura əsəbləşərək Xosrovla evlənməli olarsa, ancaq nikahdan sonra onunla birlikdə ola biləcəyini təkid edir.

    Deyir:
    Mən gövhərəm, neçin gərək əksiləm,
    Çağrılmamış gedəm, məgər mən yeləm?

    Beləliklə, zəngin mədəniyyət tariximizin ən ünlü simalarından olan nizami Gəncəvi müəllifi olduğu Xəmsədə insan faktorunu, yaradılışın ən üstün varlığı kimi dəyərləndirir. İnsanlar arasında cins ayrıseçkiliyinin olmamasını təbliğ edən şair, bəşəriyyəti sevgiyə, dostluğa çağırır. Zərif yaradılış olan qadına sevgi Nizami yaradıcılığının ruhuna hopmuşdur. Nizaminin baxışında qadın, varlığın mayası, həyatın başlanğıcıdır.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR