Tariximizi bilmədən, onu detallı şəkildə öyrənmədən və həqiqətləri gənc nəslə olduğu kimi çatdırmadan etibarlı gələcəyi təmin etmək mümkün deyil. Bunun üçün, xalqımızı zaman-zaman sınağa çəkmiş taleyüklü ictimai-siyasi hadisələrə ədalətli qiymət verilməli və tarixi həqiqətlər unudulmamalıdır...
Bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Birlik və qalibiyyət rəmzi” sərlövhəli məqaləsində yer alıb.
Bildirilib ki, ötən əsrin 80-ci illərinin sonlarında Qarabağda separatçı meyillərin ayaq tuta bilməsinin günahkarı yalnız erməni daşnakları deyildi. Nə qədər təzadlı görünsə də, sovet imperiyasının dayaqlarını daxili və xarici təhdidlərdən qorumağa məsul olan SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçov və komandası tam tərsinə davranır, erməni separatçılığını özləri təşviq edirdilər. Sovetlər birliyinə “yenidənqurma” şüarı altında prezidentlik institutunu gətirən M.Qorbaçov və əsasən etnik ermənilərdən ibarət olan yaxın ətrafı Azərbaycanı parçalamaq üçün KQB planını işə salmışdılar. Kreml xalqımızın etiraz səsini 1990-cı ilin 20 yanvarında tanklarla, gülləbaranla boğmağa çalışdı, kütləvi qırğın törətdi. Mixail Qorbaçov və onun ermənipərəst komandası bu qanlı cinayəti ona görə törədə bildilər ki, ümummilli lider Heydər Əliyevi buna qədər SSRİ rəhbərliyindən kənarlaşdırmağa nail olmuşdular və onu inzibati orqanların, ilk növbədə, təhlükəsizlik xidmətinin əli ilə təqib edirdilər. Ulu Öndər sovet imperiyasının təhlükəli mahiyyətinə, özünün və doğmalarının məruz qaldığı təqib və təzyiqlərə baxmayaraq, o zaman ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və dünyanın gözü qarşısında M.Qorbaçovun antiazərbaycan siyasətinə qarşı etiraz səsini ucaltdı. Cəzalandırılmaq əvəzinə, rəsmi Moskva ilə yanaşı, xaricdəki erməni lobbi mərkəzlərindən birbaşa dəstək alan separatçılar daha da azğınlaşaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər. Elə həmin il mayın 8-də mənəvi qalamız olan Şuşa şəhərini, mayın 18-də Laçın rayonunu, 1993-cü il aprelin 2-də isə Kəlbəcəri işğal etdilər. Ermənistanla birbaşa əlaqəni təmin edən bu strateji rayonlar işğal edildikdən sonra keçmiş Dağlıq Qarabağa tam nəzarət separatçıların əlinə keçdi. Bir çoxumuz etnik təmizləməyə məruz qalaraq dədə-baba torpaqlarından qovulduq və 28 il boyunca məcburi köçkün vəziyyətində yaşamalı olduq. Bununla yanaşı, torpaqlarımızın Ermənistan tərəfindən işğalı daxili qarşıdurmaya rəvac verir, onu daha təhlükəli məcraya yönəldirdi. 1993-cü ilin may-iyun aylarında ölkəmiz vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə qaldı. Cəmi bir il ərzində xalqımızın etimadını büsbütün itirən AXC-Müsavat hakimiyyətinin son aylarında dövlət institutları arasındakı əlaqələndirmə o dərəcədə itirilmişdi və onlar elə bir iflic vəziyyətinə düşmüşdülər ki, dövlət faktiki olaraq idarə edilmirdi. Ən acınacaqlısı o idi ki, vəzifələrini yerinə yetirmək və mövcud təhlükələrin qarşısını almaq əvəzinə, o vaxtkı hakimiyyətin bəzi rəsmiləri çıxış yolunu fəaliyyətlərini “dondurmaqda” görürdülər. İdarəçilikdə və politologiyada analoqu olmayan bu cür anlaşılmaz yeniliyi cəmiyyətimiz heç cür qəbul etmirdi. Hakimiyyətdəkilərdən fərqli olaraq, xalqımız düşdüyü ağır durumdan çıxış yolunu görür və bilirdi. Bilirdi ki, ölkəmizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından və daxili didişmələrdən yalnız Heydər Əliyev fenomeni xilas edə bilər. AXC-Müsavat hakimiyyəti xalqımızın təkidli tələbinə tabe olmaq məcburiyyətində qaldı və özləri də Ulu Öndərə müraciət edərək ondan kömək istədilər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı imkan verdi ki, ölkəmizdə sabitlik bərpa olunsun, cəbhədə olmaq əvəzinə, paytaxt küçələrində əhalini təşvişə salan silahlı dəstələr zərərsizləşdirilsin və dövlət çevrilişinə cəhdlərin qarşısı alınsın. Böyük güclərdən və qonşularımızdan bəzilərinin ciddi maneə və təzyiqlərinə baxmayaraq, Ulu Öndər 1994-cü ilin sentyabrında XX əsrin ən böyük neft Kontraktını imzalamağa müvəffəq oldu və bununla ölkəmizin iqtisadi inkişafının təməlini qoydu. Beynəlxalq Konsorsiumun iştirak etdiyi həmin müqavilə imkan verdi ki, iqtisadi müstəqilliyimiz təmin olunsun, sosial problemlər tədricən həllini tapsın, ən başlıcası, güclü ordu quruculuğuna başlanılsın. Lakin həmin illərin ağır sınaqları, çoxsaylı sui-qəsd planları Ulu Öndərin səhhətinə təsirsiz ötüşmədi. Heydər Əliyev böyük dövlət xadimi kimi hər kəsdən daha yaxşı bilirdi ki, Azərbaycan 1993-cü ildəki vəziyyətlə yenidən üzləşərsə , bu dəfə öhdəsindən gələ bilməyəcək. Bunun baş verməməsi, torpaqlarımızın işğaldan azad olunması və hələ kövrək olan müstəqilliyimizin qorunması tələb edirdi ki, Ulu Öndərin təməlini qoyduğu taleyüklü işlər qətiyyətlə davam etdirilsin və demokratik prinsiplər əsasında siyasi varislik institutu formalaşdırılsın. Elə bu səbəbdən ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqımıza müraciətində fikirlərini belə ifadə etmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Çünki Heydər Əliyev siyasi komandasında kimin nəyə qadir olduğunu dəqiq bilirdi. Ən etibarlı və qətiyyətli, ən hazırlıqlı silahdaşının məhz İlham Əliyev olduğuna əmin idi. Ulu Öndərin uzaqgörənliyinə sonsuz inam bəsləyən xalqımız 2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev siyasi irsinə alternativ görmədiyini nümayiş etdirdi və oktyabrın 15-də seçicilərin 76 faizindən çoxu Prezident İlham Əliyevə səs verdi. Həyat sübut etdi ki, Ulu Öndərimiz tövsiyəsində, Azərbaycan xalqı isə seçimində yanılmayıb. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi, Ulu Öndərin əsasını qoyduğu iqtisadi inkişaf və ordu quruculuğu strategiyasının bugünkü səviyyəyə qaldırılması imkan verdi ki, torpaqlarımız düşmən tapdağından azad edilsin, milli ləyaqət hissimizi sınağa çəkən işğal günləri ölkəmizin təqvimindən birdəfəlik silinsin və onların yerinə bayram tarixləri yazılsın, mənəvi iztirablarımıza səbəb olan məcburi köçkün ifadəsi leksikonumuzdan həmişəlik çıxsın və nəhayət, son iki əsrin ən böyük Zəfəri Azərbaycan tarixinə həkk olunsun.
Milli qürurumuzun xilasına aparan bu yol heç də asan olmadı, bəziləri qələbəmizə mane olmağa, bəziləri isə onu ləngitməyə çalışdılar. Beynəlxalq aləmdə strateji müttəfiqlərin, qardaş və dost ölkələrin qazanılması, ölkəmizin üzləşdiyi ikili standartların dəf olunması Azərbaycan iqtidarından böyük səylər tələb etdi. Bütün çətinliklərə, təhdid və təzyiqlərə baxmayaraq, ötən illər ərzində cəmiyyətimizin monolitliyinə nail olundu, Vətəni, Qarabağı sevən əsgər və zabit, vətənpərvər Azərbaycan gəncliyi yetişdirildi. Həyat göstərdi ki, bu nəticələr əldə olunmasaydı, Ermənistanın və ona havadarlıq edənlərin məkrli planları səbrimizi daha çox sınağa çəkəcəkdi. Bədxahlarımız ermənipərəst niyyətlərini nə qədər gizlətməyə çalışsalar da, sonda gördük ki, haqqı və tarixi ədaləti, beynəlxalq hüququ qansız-qadasız bərpa etmək missiyasını üzərinə götürənlərin nümayəndələri turistsayağı gəzintiyə üstünlük verirlər. Şahidi olduq ki, BMT kimi mötəbər beynəlxalq qurumun imperativ xarakterli məlum dörd qətnaməsi 27 il ərzində Ermənistan tərəfindən yerinə yetirmədi, buna baxmayaraq, həmsədrlərdən heç biri işğalçıya gözün üstə qaşın var demədi. İkili standarta söykənən yanaşmanın ən bariz nümunələrindən biri də budur ki, hər üç vasitəçi uydurma erməni soyqırımını tanıdığı halda, Xocalı soyqırımını indiyədək tanımayıb. Bu illər ərzində onlardan biri separatçı rejimə maliyyə dəstəyi göstərdi, digəri Ermənistanı pulsuz silahlandırıb onu müttəfiq və dost adlandırdı, üçüncüsü isə işğalçını sevimli bacısı kimi əzizlədi. İkrah doğuran məqamlardan biri də budur ki, hətta Qələbədən sonra qonşu və müsəlman İrandan gələn yük avtomobillərinin nəqliyyat qaimələrində “Stepanakert, Ermənistan” yazılır. Bəzi İran generalları İslam dəyərlərini unudaraq bəyan edirlər ki, Azərbaycan torpaqlarının bu miqyasda azad olunmasına sevinmirlər. Siyasi riyakarlıq o həddə çatıb ki, İran İslam Respublikasının rəsmiləri ortaq dəyərlərimizi gözardı edərək, məscidlərimizi dağıdan, İslamı təhqir edən Ermənistana “qardaş” və “dost” deyərək müraciət edir...
Vətən müharibəsinin ən qızğın günlərində onun da şahidi olduq ki, bəziləri BMT-də ölkəmizin əleyhinə qərəzli qətnamənin qəbul olunmasına çalışdılar. Qoşulmama Hərəkatına üzv dövlətlərin, qardaş və dost ölkələrin dəstəyi sayəsində həmin ədalətsiz təşəbbüsün qarşısını almaq mümkün oldu. Heç şübhəsiz ki, bu, Prezident İlham Əliyevin xarici siyasətdə imza atdığı əvəzsiz uğurlarından yalnız biridir. Lakin həmin uğurların qarşısında dayanan və böyük səylər hesabına aşılan sədlər bir daha göstərir ki, dövlətimizin başçısı hansı böyük güclərin təzyiqi ilə üzləşməli və hansı çətinlikləri dəf etməli olub...
Sentyabrın 27-də Anım Gününün birinci ildönümünü qeyd etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Həmin gündən başlayaraq, 28 ildən sonra ilk dəfədir ki, şəhid və qazilərimizin canı-qanı bahasına, qəhrəman Azərbaycan əsgər və zabitinin şücaəti, fədakarlığı sayəsində azad edilmiş torpaqlarımızın xilası-bayram günlərini qeyd edirik. Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində dövlət bayrağımızı ucaltdı, oktyabrın 4-də Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu, oktyabrın 9-da Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edərək Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı bu səfərlərində enerji infrastrukturuna aid olan obyektlərin və nəqliyyat kommunikasiyalarının açılışını edir, bir çox irimiqyaslı layihələrin təməlini qoyur. Dəyəri yüz milyonlarla ölçülən Füzuli Beynəlxalq Hava Limanının tikintisinin və Zəfər yolunun çəkilişinin qısa müddətdə tamamlanması Qarabağa Böyük Qayıdışın müjdəsi deməkdir. Qarşıdan Füzulinin, Zəngilanın, Qubadlının, Kəlbəcərin, Laçının, Ağdamın və Şuşanın işğaldan azad edildiyi günlər gəlir. Bu günlər şanlı tariximizə əbədi yazılıb. Prezident İlham Əliyev Xocavənd səfərində Hadrut əməliyyatının əhəmiyyətini xüsusi vurğuladı və Hadrutda da bərpa işlərinə start verildiyini bəyan etdi: “Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı... Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir”.
Qarabağda və Şərqi Zəngəzurda tarixi, mədəni və dini abidələrimizin bərpasını, tarixi irsimizin qorunmasını dövlət siyasətinin prioritetinə çevirən Prezident İlham Əliyev Hadrutda məscid tikintisinə start verməklə müsəlman dünyasına və bəzi qonşularımıza mühüm mesaj göndərdi. Mesajın mahiyyəti ondan ibarətdir ki, islam dəyərlərini şüar səviyyəsində təbliğ etmək hələ o demək deyil ki, belələrinin əməlləri ilə niyyətləri üst-üstə düşür. Qarabağdakı məscidləri uçurub-dağıdan Ermənistana qardaş və dost deyən, onları bərpa edərək yeni-yeni məscidlər ucaldan Azərbaycanı isə hədəfə alan İran rəsmiləri bilməlidirlər ki, davranışlarında siyasi maraqların ortaq dini dəyərlərimizi üstələdiyinin fərqindəyik. Bütövlükdə müsəlman dünyası, dünya azərbaycanlıları və böyük Türk dünyası da bunun fərqindədir. Əgər kimlərsə haqq savaşındakı qələbəmizi və güclü Azərbaycan amilini hələ də qəbul etmirsə, biryolluq bilməlidir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Silahlı Qüvvələrimizə Azərbaycan xalqının inamı və dəstəyi sarsılmazdır. Kimsə bu birliyi yenidən sınağa çəkmək eşqinə düşübsə, o da bilməlidir ki, özü-özünü aldadır, müsəlman və türk dünyasının, eləcə də haqqın və beynəlxalq hüququn tərəfində dayanan dünya dövlətlərinin mövqeyi qarşısında bu cür niyyətlər çox cılız görünür. Belələri mifik siyasi maraqları ucbatından Azərbaycanı səmimi və etibarlı qonşu kimi birdəfəlik itirə bilərlər və ən başlıcası, antimüsəlman, islamofob və türkofob Ermənistanla qardaşlıq münasibətləri onlara uğur, müsəlman dünyasında isə hörmət qazandıra bilməz. Reallıq bunlardan ibarətdir. Ən əsası, Azərbaycanda ümummilli lider Heydər Əliyev siyasi irsinin qətiyyətli davamçısı olan İlham Əliyev fenomeni var və Azərbaycan xalqı məhz bu fenomen ətrafında dəmir yumruq kimi birləşib. Həmin yumruq qalib Lider, qalib Sərkərdə ilə qalib Xalqın birlik və qalibiyyət simvoludur!