Şəhid əsgər Famil Əlizadənin anım mərasimi qeyd olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 22 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Famil Əlizadənin anım mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri Məşhur Məmmədov və Ppofessor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı xəbər verir ki, icra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Famil və onun kimi şəhidlərimizin ruhunun daim yad edildiyini qeyd edərək, Allahdan Famil balamıza, bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.
Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində bizim dərdimizə şərik olan dost və düşmən ölkələrin adlarını qeyd etmişdir. - .. Famillər bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışdır. Heç kim şəhidlərin ruhunu incidə bilməz. Onlar əbədi olaraq hər birimizin qəlbində yaşayacaqlar. Çünki onlar əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərmişlər. Allah onların hər birini rəhmət eləsin,-deyə rayon rəhbəri bildirmişdir.
Qeyd edək ki, Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Ərkivan qəsəbəsində dünyaya göz açmışdır.
2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirmişdir.
Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirmişdir.
Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnmişdir.
2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.
2020-ci ilin yanvarında ordudan tərxis olunmuşdur.
Famil Əlizadə İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılmışdır.
Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlmişdir. Subay idi.
2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə məhəllə qəbiristanında böyük izdihamla torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin atası Habil Rəhimov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.
İl mərasimində şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Ülkər Piriyeva