AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Viləş kəndinin Şəhid giziri İntiqam Əsgərlinin anım mərasimi keçirilib

  • + A
  • - A
  • 11-11-2021, 13:25


    Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Viləş kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi təşkil edilib.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

    Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Ş.Məmmədov həmçinin geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, İntiqamların qanının yerdə qalmadığından söhbət açaraq bildirmişdir ki, İntiqam, təkcə Bayramın yox, bütün Azərbaycanın, dünya Azərbaycanlılarının övladıdır.
    İcra başçısı cənab Ş.Məmmədov deyib:
    -Bütün şəhidlərin ruhu, onlarının ata və analarının qarşısında baş əyirəm. Torpaq uğrunda ölən varsa, Vətəndir, deyirlər. Tarixə nəzər salsaq görərik ki, torpaq itirən millət kimi tarixə düşmüşdük. Ulu Öndər Əliyev ikinci dəfə hakimiyyətə gələndə hərci-mərcliyin qarşısı alındı. Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. İllərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülüb. İtirilməkdə olan dövlətin beynəlxalq aləmdə nüfuzu artdı. Dahi rəhbərin siyasi varisi dövlətimizi daha da qüdrətli elədi. 44 günlük müharibə başda Ali Baş Komandan olmaqla İntiqamkimilərin hesabına dümənləri, onların qurduqları istehkamları darmadağın elədi, itən qürurumuzu qaytardılar. Ötən ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkən ölkənin başçısı demişdir ki, bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq. Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik…
    -Ziba ananın damarından axan qan əsl Azərbaycan qadınına xasdır. Vətən üçün belə alışıb-yanasan… Ona görə qürurlu millətik. Masallının da şəhid ailələri, şəhidlərin ruhuna xələl gətirmədilər. Mən hamınızdan razıyam. Şəhid analarının alnından öpürəm, atalarını bağrıma basıram. Siz xoşbəxt ata-analarsınız. Allah Prezidentimizi, dövlətimizi, müstəqilliyimizi qorusun…,-deyə çıxışında icra başçısı dəfələrlə bildirib.

    İki şəhid anası Ziba Əsgərova çıxışında icra başçısını və tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, Aprel döyüşlərinin qəhrəmanı Nurlanın itkisi atasına çox pis təsir etmişdi. Müharibə başlamazdan qabaq, sentyabrın 25-i axşam evdə oturmuşduq, İntiqam gəldi. İntiqam bütün sözünü, sirrini mənə deyirdi. Müharibə başlayanda mənə dedi ki, biz irəli gedəcəyik. Allah mənə qısa ömür yazıbsa, qoy bu cəbhədə olsun, kənarda yox. Gedəndə dedi ki, Allahın qismətidi, Aprel döyüşlərində güllə yağışının altından sağ gəldim. Bu dəfə də taleyimdə qayıtmaq varsa, qayıdacam. Yoxdursa, Vətən yolunda şəhid olacam, şərəf duyun!
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Viləş kəndindən xəbər verir ki, daha sonra qazi Bakir Abdullayev, birinci Qarabağağ müharibəsi iştirakşısı Xanım Cəfərova, yazıçı Xanım Əsədullayeva və bağqaları çıxış etdilər, şəhid qardaşlar-Aprel şəhidi Nurlan və Vətən müharibəsi şəhidi İntiqam haqqında danışdılar.
    İcra başçısı stollara yaxınlaşaraq şəhid valideynləri və ailə üzvləri ilə görüşmüş və söhbət etmişdir.
    Qeyd edək ki, İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olmuşdur.

    1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

    Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.

    Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmişdir.

    Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak etmişdir. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi.

    Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı.

    Şəhid İntiqam Əsgərlinin nəşi 17 noyabr 2021-ci il tarixdə doğma kəndində torpağa tapşırılmışdır.

    Ailəli idi. Nur adlı bir qız övladı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adlı bir oğlu Vətənə yadigar qaldı.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra «Vətən uğrunda» medalına və Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

    Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərara əsasən Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin adı verildi.

    İki şəhid valideynləri-Bayram və Ziba, ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildiriblər.

    Aktyor Cəmaləddin Əliyevin rəhbərliyi, Aysun Əliyeva, Səbinə İbrahimli və aktyor Cavid Quliyevin iştirakı ilə yazıçı Nurəddin Ədiloğlunun «Şəhidlik manifesti» əsərinin motivləri əsasında hazırlanmış ədəbi kompozisiya nümayiş olunub.
    Masallı Dövlət Regional Kollecinin tələbələri, həvəskar aktyorlar Aysun Əliyeva və Səbinə İbrahimli, həmçinin aktyor Cavid Quliyev «Cəsur qardaşlar» Fəxri fərmanları ilə təltif olunmnuşlar. Təltifləri şəhidlər anası Z.Əsgərova təqdim edib.
    Axırda il mərasimində şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR