AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

12-ci əsrin Nizamisi və 21-ci əsrin Şahini.. (tamaşaçı təəssüratı və essevari düşüncələr)

  • + A
  • - A
  • 4-01-2022, 19:24


    ...Birdən qaranlıq və sükuta qərq olan böyük sarayda tamaşa zalının geniş səhnəsinə düşən yupyumru “ay işığında” dahi NİZAMİ öz hücrəsində göründü. Bu, tələbə - aktyor Cavid Babanın müasir Bakımızın baş səhnəsində canlandırdığı gəncəli Nizamidir...

    “Yaradılışı dərk etmək çətindir” söyləyən 880 yaşlı şair: “Nizami, bu qapı açar götürməz” düşüncəsi və əzəmətli duruşu ilə özünün SÖZ dünyasına açılan qapının astanasında dayanıb... Əlində kitab, qələm və kağız taxçaya yaxınlaşır və ordakı çırağı yandıranda səhnə işıqlanmağa başlayır. Səhnə işıqlandıqca tamaşaçıların gözü önündə BEŞ MÖHTƏŞƏM QAPI canlanır.

    Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi “Beş qapı” musiqili tamaşasının “İlk qapısı” Makedoniyalı İskəndərin Əhəmənilər ölkəsinə hücumu ilə açılır. Həyəcanlı musiqinin sədaları altında (bəstəkar Tamilla xanım Əhədova) tamaşaçılar eradan əvvəl baş verən qızğın döyüşlərdən sonra İran şahı Daranın məğlub olduğu səhnəyə şahid olurlar. Burada intibah dahisinin 12-ci əsrdə yaratdığı “Xəmsə”nin poetik və fəlsəfi traktatlarının mötivləri əsasında 21-ci əsrin 21- ci ilində ssenari yazan istedadlı sənətkar Şahin Musaoğlunun ölməz Nizaminin qələmə aldığı əsərlərə ardıcıllıqla deyil, bəşər tarixi kontekstindən yanaşması çox məntiqli görünür...

    (Bu zaman bir daha sirli-soraqlı rəqəmlərin güzgülü düzülüşünün insan talelərində müəyyən rol oynadığına da inanırsan!..)

    Tamaşada İsgəndərin Azərbaycan ölkəsi Şirvan şahlığına yürüşü ərəfəsində Nizaminin dili ilə Bərdə şəhərinin vəsfi ruhu oxşayır. Şəhərin qədim mədəniyyət və elm ocağı olduğu nəql ediləndən sonra Nüşabə ilə İsgəndərin görüş səhnəsində Nizaminin iliyinə-qanına hopan türk ruhu, türk təəssübkeşliyi və müdrikliyü göz önündə canlanır. Nüşabənin (tələbə aktrisa Fidan Ağazədə) zərafəti, aslan tinyəti və məntiqi qarşısında təslim olan İsgəndərin (Nicat İsgəndərov) maddi hakimiyyətin və nəfsin hökmü altında olduğu tam dolğunluğu ilə göstərilir. Nizami dühasının yaratdığı humanizm düsturunun bəşəri, bəşəri olduğu qədər də ilahi təntənəsi poeziyanın dili ecazkar musiqinin harmoniyası ilə birgə tamaşaçıda əyani təsəvvür yaradır.
    “Beş qapı” tarixi xronologiya baxımından tamaşaçının üzünə ikinci qapısını “Xəmsə"yə daxil olan dördüncü poema – “Yeddi gözəl”lə açır. Sasani şahı Bəhram Gur (Fatih Talıblı) “Ədalət bərqərar olan yerin nəsibi səadət olar” deyə xalqın narazı olduğu qəddar vəzirinin (Abbas Qənbərov) edamına fətva verir... Nizaminin qlobal mövzuda qələmə aldığı bu əsərdə yeddi rəqqasənin İNSAN sevgisini ssenari müəllifi və rejissor təkcə musiqinin dili ilə deyil, eyni zamanda xoreoqrafik, pantomim elementlərdən ibarət səhnələrlə və dialoqlarla seyirçiyə təqdim etməsi alqışa layiqdir. Ona görə ki, bu epizodlarda hər gözəl öz timsalında bir hikməti: səbri, səmimiyyəti, imanı, məsləhət yolu ilə istəyə nail olmağı, Allah tərəfindən bağışlanmağı, Xeyrin Şərə qalib gəlməsi və xilaskarlıq hikmətini təcəssüm etdirir... Bu yeddi gözəlin əhatəsində əllərini göyə açaraq: “Məni saflaşmağa yönəlt, ya Rəbbim” xitabı “Xəmsə”də Bəhrəm Gurun yeddi gözəlin şərəfinə tikdirdiyi sarayı tanrıya ibadət üçün yeddi məbədinə çevirmək məramından soraq verir...

    Zamanın ölçülərinə sığmayan eşqi tərənnüm edən üçüncü qapıdan “Xəmsə”nin sayca ikinci dastanı – “Xosrov və Şirin”in fraqmentlərinə boylanırıq. Burada Şirinin saxta ölüm xəbərini eşidən Fərhadın (Elvin Nuru) monoloqu və ölüm səhnəsi ilə Qəsri Şirində ləyaqət, ismət rəmzi olan türk gözəli Şirinin (Zeynəb Əliyeva) ölüm səhnəsi tamaşaçıya səssizcə Nizaminin bu ölməz misralarını xatırladır:

    Alqış bu ölümə, əhsən Şirinə,
    Öldürən Şirinə, ölən Şirinə.
    Məhəbbət yolunda ölüm budur, bax,
    Canana belədir canı tapşırmaq...

    “Beş qapı”nın dördüncü qapısında “Leyli və Məcnun” göründü. Böyük səhnədə “Eşq imperiyasının” Leylisi - Ləman Səlimovanın və “Eşq uğrunda candan keçən aşiqlərin Sultanı” Məcnunu- Əli Əsədovun aktyorluq sənətində ilk obrazları və ilk uğurları kimi şübhəsiz ki, həm də öz yaddaşlarında əbədi qalacaq...
    “Beş qapı”nın digər fraqmentlərində də 12-ci əsrdən ta bu çağımızadək SÖZün qüdrətindən ümumbəşəri mədəniyyət körpüləri salan Şeyx Nizami ensiklopedik zəkasından cəmiyyətlə hökmüdarlar arasındakı münasibətlərə parlaq işıq zolağı düşür və bu İŞIQ zolağında ölməz sənətkar öz tərbiyəvi təsirini coşğunluqla göstərir. Tamaşa boyu Nizami konsepsiyasının özülündə təkcə insana sevginin durduğu deyil, bu barədə hikmətləri anlayıb anlatmaq da çox peşəkarcasına, eyni zamanda fəlsəfi tərzdə, poetik incəliklərlə təqdim olunur...

    “Beş qapı”nın finalında sərkərdələr, əli qılınclı, mizraqlı döyüşçülər bir tərəfdə, onları dünyaya gətirən “yaranışın yaşam beşiyini yırğalayan bəşəriyyətin əbədi təminatçısı” olan gözəl-göyçək qadınlar, analar digər tərəfdə yer alır. Həyat verənlərlə həyatı alanlar sanki qarşı-qarşıya dayanıb.
    Bu səhnədə Şahinin dünyaya baxış bucağından Nizaminin İsgəndər, Bəhrəm Gur və Xosrovla dialoqu yüksək səviyyədə təqdim olunur. İsgəndərə: “Dünya hüdudlarını pozub, zülm bayraqlarını qaldıranlar Tanrı hüdudlarını pozanlardan sayılar...” Yəni siz sərkərdələr anaların dünyaya gətirdikləri övladların məhvinə səbəb olur, onları gözü yaşlı qoyursunuz, Bəram Gura “Unutma sən həm yolsan, həm də yolçu. Həm qapısan, həm də açar. Üz tutduğun bu qapılar tək səninlə açılacaq. Qət etdiyin bütün yollar gəlib səndən keçəcək... “, Xosrova isə: “Sənin eşqin nəinki Məcnunun məhəbbətinin yüksəkliyinə , hətta Fərhadın sevgisinə də çata bilməz!” qənaəti ilə eşqdə şəhvət, sevgidə sədaqət, məhəbbətdə isə əlçatmazlıq, ilahilik, platonik məqam olduğu izhar edilir...

    Burada 12-ci əsrin Nizamisi ilə 21-ci əsrin Şahini sülh savaşçıları kimi İNSANLIĞA səslənir.

    Tamaşaçı kimi inanıram ki, Tanrı Nizamiyə göndərdiyi RUHU həm də Şahin Musaoğluna göndərib. Bu əkiz ruhlar eyni ZİRVƏDƏN öz müasirlərinə, xalqının taleyinə bigahə qalanlara ibrət dərsi verərək səslənirlər.

    Çoxları bir saat on dəqiqəlik musiqili tamaşa boyu Nizaminin sözünün harda bitdiyinin Şahinin sözünün harda başladığının fərqinə varmır. Tamaşanın finalında Şeyx Nizami kimi Şahinin də ədalətsizliklə barışmadığı çox inandırıcı dialoq və monoloqla təqdim olunur. Burada bir daha “Dil mədəniyyətin evidir” kəlamına şübhə etmirsən! Sanki Şahin şahin quşu tək Nizamini ana dilimizə tərcümə edənlərin fövqündə dayanır. Bəli, bu, həmin Şahindir ki, özünün bəstələdiyi hərbi mahnılarına yazdığı sözlərlə 30 ilə yaxın Azərbaycan əzgər və zabitini tarixi Zəfərə hazırladı. Bu mənada Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlunun da 44 günlük Vətən müharibəsində əldə etdiyimiz QƏLƏBƏDƏ özünəxas payı vardır...

    Son olaraq qeyd edim ki, mən nə teatrşünas, nə də sənətşünasam. “ Beş qapı” adlı möhtəşəm ədəbi -bədii tamaşa -kompozisiyasının FİNALI həm də bu günümüzün zalım, eyş-işrəti hər şeydən üstün tutan DÖVLƏT MƏMURLARINA ismarıcların zənginliyi ilə diqqəti cəlb etdi... Şübhəsiz ki, dövlət idarəçiliyində ədalət anlayışının olması bütün cəmiyyətlərə xas olan əxlaqi keyfiyyətlərin önündə durur...

    Bir sözlə, 21-ci əsrin Şahininin ssenarisi əsasında hazırlanmış misiqili tamaşanı seyirçilər müəllifdən və yaradıcı kollektivdən yeni ilin ən dəyərli mənəvi hədiyyəsi kimi qəbul edərək, dönə-dönə alqışladılar...

    “Beş qapı” sanki tövşüyə -tövşüyə 21-ci əsrin 21-ci ilinin sonuna çatan biz azərbaycanlılara və türk dünyasına yenidən nəfəs verdi... Verdi ki, qarşıdan gələn növbəti ildə fikirdə, sözdə və əməldə həmrəy olaq, bir olaq... Ssenari müəllifi Şahin Musaoğlunun təbirincə desək: “Ruhu diri olan xalqın yeri Allah qatındadı...Rəbbim, qılıncların kölgəsində olan ölkəmizi və diri qalan ruhumuzu qorusun...”

    Dövlətimiz, xalqımız və TÜRK dünyası zaval görməsin!


    Nurəddin Ədiloğlu.
    12-ci əsrin Nizamisi və 21-ci əsrin Şahini.. (tamaşaçı təəssüratı və essevari düşüncələr)





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR