Yardımlı rayonunda 20 yanvar faciəsi ilə əlaqədar növbəti tədbir təşkil olunub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Yanvarın 19 - da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə V.M.Nəciyev adına Əsədabad kənd orta məktəbində "Şəhid qanı ilə yazılmış hünər səhifəsi" adlı mühazirə oxunub.
Belə ki, tədbirdə ilk olaraq Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev və fondun baş mühafizi Zeynəb Məmmədzadə azadlığımız yolunda ilk addıma çevrilən 20 yanvar hadisələri ilə bağlı "Şəhid qanı ilə yazılmış hünər səhifəsi" başlıqlı mühazirə ilə çıxış ediblər.
Çıxışlarda zaman-zaman ermənilərin və ermənipərəst qüvvələrin xalqımıza qarşı törətdikləri cinayət əməlləri haqqında, o cümlədən 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının haqq səsini boğmaq üçün əliyalın əhalimizin üzərinə tankla, topla hərəkət edən Sovet imperiyasının qoşunlarının misli görünməmiş vəhşiliyə əl atmaları, dinc əhalinin amansızcasına qətlə yetirmələri qeyd olunub.
Çıxış edənlər həmçinin ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin bu hadisələrə siyasi və hüquqi müstəvidə qiymət verilməsinə nail olması, 2000-ci ildən etibarən, bu dəhşətli faciədə həlak olanlara "20 Yanvar şəhidləri" statusunun verilməsi, Şəhidlər Xiyabanında abidə-məşəl kompleksinin ucaldılması, şəhid ailələrinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmalarını çagirdlərin diqqətinə çatdırıblar.
Qeyd edək ki, sonda mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənilib, eyni zamanda, şagirdlər 20 Yanvar şəhidləri ilə bağlı vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Ülkər Piriyeva