AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehriban xanım Əliyeva Ümummilli Liderin ideyalarının layiqincə yaşadılmasını təmin edir

  • + A
  • - A
  • 20-02-2022, 11:59

    Mehriban xanım Əliyeva Ümummilli Liderin ideyalarının layiqincə yaşadılmasını təmin edir
    Məşhur Məmmədov,
    Millət vəkili


    Xalqın həmişə özünə yaxın bildiyi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Elə buna görədir ki, Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. İllərdir, xəstəsi olan, hansısa problemin yaranmasından əziyyət çəkən vətəndaş məktubla Heydər Əliyev Fonduna müraciət edir, heç bir şəxsin müraciəti cavabsız qalmayıb və qalmır.

    Sirr deyil ki,bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olan və demokratik ölkə kimi tanınır. Ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Təbii ki, bunların önündə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu fəaliyyəti gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun strategiya və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı - dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına xidməti xüsusilə qeyd edilməlidir.

    Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib. Bununla yanaşı əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardımda da Fond müstəsna xidmətlər göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib.

    UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, Ümummilli liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışmışdır. Bu baxımdan Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə Ulu öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi xüsusi vurğulanmalıdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya Ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi çətin missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir. Bu həssas məqam onun Birinci vitse-prezident vəzifəsində də uğurlu və məqsədyönlü idarəçiliyinə təminat yaradır. Birinci xanımın fəaliyyətində cəmiyyətin həssas təbəqələrinə diqqət də daim ön planda olmuşdur. Son 16 ildə həyata keçirilən müxtəlif layihələr Mehriban xanımın sosial və humanitar sahədəki fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Yorulmaz fəaliyyətin, danılmaz xidmətin nəticəsidir ki, Ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparan Mehriban xanım Əliyeva reallaşdırdığı xeyirxah, nəcib layihələrlə ölkəmizdən kənarda da insanların dərin inam və etimadını qazanmışdır.

    Mehriban Əliyevanın başlatdığı missiya Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir. Beş il əvvəl - dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir.
    Ötən dövrün reallıqları Azərbaycanın Birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bir daha təsdiqləmiş, Dövlət başçısının məlum təyinatı Azərbaycanın inkişaf perspektivləri baxımından cəmiyyətdə yüksək dəyərləndirilmişdir. Ən azı ona görə ki, Heydər Əliyev Fondunun Prezidenti olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəmlənməsinə çalışmışdır.

    Heydər Əliyev Fondunu fəaliyyəti dövründə dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban xanım Əliyeva Ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib. Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini, Azərbaycan sərvətlərini dünya sərvətlərinin bir hissəsi olaraq beynəlxalq ictimaiyyətə təqdim edir. Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir daha Azərbaycanın mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir.

    Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə Mehriban xanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur.

    Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, idman, mədəniyyət sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur.

    Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır. Ən əsası, onun fəaliyyəti vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti olan Mehriban xanıma uğurlar arzulayıram. Qısa vaxt ərzində Birinci vitse-prezident kimi ona həvalə edilən bu vəzifənin öhdəsindən layiqincə gəlib, inanırıq ki, bundan sonra da gələcək, uğurlu layihələri ilə ölkəmizi daha yüksək tribunalarda təmsil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR